"2040-ci ilə qədər isə 250 kilometrlik velosiped yol şəbəkəsinin qurulması nəzərdə tutulub" - QURUM RƏSMİSİ AÇIQLADI

“Bakı şəhərində velosiped nəqliyyatının təşviqi bununla bağlı infrastrukturun qurulması daim prioritet olan məsələdir”. Bunu SİA-nın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Qurum rəsmisi qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən bununla bağlı bir strategiya hazırlanıb: “Həmin strategiya çərçivəsində tədbirlər görülür. Bir neçə il bundan öncə Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı dairəvi yolunun üzərində daha dəqiq desək, Bilgəh Kardeoloji Sanatoriyanın ətraf ərazisində 2 metrlik velosiped yolu təşkil olunub. Həmçinin şəhərin mərkəzindən kənarda Mərdəkan istiqamətində də velosiped yolu təşkil edilib. Şəhərin mərkəzində isə pilot lahiyə olaraq 7,5 metrlik velosiped yol layihəsi həyata keçirilir. Hansı ki, bu velosiped yol lahiyəsi şəhərin mərkəzi küçələrini dənizkənarı milli parkla əlaqələndirir. Velosiped yolunun inşasına ilkin olaraq Aleksandir Püşkin və Üzeyir Hacıbəyli küçələrindən başlanılıb. Bugünkü gündə lahiyə həyata keçirilir. Hazırda isə işlər Sahil bağı ətrafında həyata keçirilir. Yolun artıq 3 kilometrə yaxın hissəsi hazırdır. Sahil bağı ətrafında salınan velosiped yolunda insanların rahat şəkildə velosipedlərini qoyması üçün yerlər yaradılıb. Həmçinin, velosipeddən istifadənin şəhərin ekoloji vəziyyətini nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə “İDEA” təşkilatı ilə sıx əməkdaşlıq edir. Velosiped yollarının qurulması Bakı şəhərinin baş planında da öz əksini tapıb. Baş plana əsasən, buradakı işlər mərhələli şəkildə həyata keçirilir. 2027-ci ildə təxminən 63 kilometrlik velosiped yollarının qurulması 2040-ci ilə qədər isə 250 kilometrlik yol şəbəkəsinin qurulması nəzərdə tutulub”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə