"Bütün yol-tikinti işlərinin 2025-ci ilədək başa çatdırılması nəzərdə tutulur" - AAYDA-NIN RƏİS MÜAVİNİ AÇIQLADI

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın igid oğulları Ali Baş Komandanın əmrinə sadiq qalaraq 30 il ərzində düşmən tapdağında qalan torpaqlarımızı işğaldan azad etdi. Cənab Preizdent İlham Əliyev Qarabağ torpaqları işğaldan azad edildikdən sonra həmin ərazilərdə quruculuq və abadlıq işlərinin aparılması istiqamətində tapşırıqlar verdi. Məhz quruculuq işləri ilkin olaraq həmin ərazilərimizdə yol infrastrukturunun təmin edilməsi ilə başlanıldı. Bəs 2 il ərzində işğaldan azad olunan hansı ərazilərdə yol infrastrukturu təmin olunub? Mövzu ilə əlaqədar olaraq SİA-nın sorğusuna Azərbaycan Avtomobil Dövlət Agentliyinin Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov cavab verib.

Qurum rəsmisi qeyd edib ki, bu günə kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 2080,3 km təşkil edən 19 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri və Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar ərazidə qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi davam etdirilir: “Bu layihələrdən ordumuzun istifadə etdiyi, uzunluğu 101,0 km olan Əhmədbəyli-Füzuli-Şuşa (“ Zəfər Yolunun”) avtomobil yolunun tikintisi 2021-ci ildə başa çatdırılaraq əhalimizin istifadəsinə verilmişdir. Hal-hazırda Şuşa şəhərinə aparan 2-ci avtomobil yoludur. Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolu, M-6 Hacıqabul-Bəramtəpə-Mincivan-Ermənistanla dövlət sərhədi avtomobil yolunun 157-ci km-dən başlayır, uzunluğu 81,6 km, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı, üzərində tikilən körpülər və tunellər hesabına nəqliyyat vasitələrinin yüksək sürətlə, təhlükəsiz hərəkətinə imkan verəcək, “Zəfər Yolu” ilə müqayisədə 19,4 km qısa olacaqdır. Avtomobil yolunun 2023-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Hidayət Rüstəmov bildirib ki, 2022-ci ilin sentyabr ayında Laçın şəhərinə daxil olmadan, yeni alternativ avtomobil yolunun tikintisi (32 km, 2 hərəkət zolaqlı, 10 km Ermənistan ərazisində özləri tərəfindən tikilməlidir. Müvəqqəti olaraq istifadə etmələri üçün, Azərbaycan tərəfi ermənistan ərazisində yeni tikilən körpüdən 4,5 km uzunluğunda yeni avtomobil yolu da tikmişdir) başa çatdırılaraq istifadəyə verildi. Bu imkan verdi ki, Laçın şəhəri, Zabux və Sis qəsəbələrini ermənilərdən təmizləyərək, Azərbaycan Ordusunu yerləşdirək və Rusiya Sülhməramlı qüvvələrini yeni tikilən alternativ avtomobil yoluna köçürək. Bundan əlavə, cari ildə işğaldan azad olunmuş ərazilərdə Füzuli-Hadrut (12 km, 4 hərəkət zolaqlı), Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yollarının da tikintisinin 2022-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdur.

Xudafərin-Qubadlı-Laçın (70,4 km, 4 hərəkət zolaqlı), Şükürbəyli-Cəbrayıil-Hadrut (39,7km, 4 hərəkət zolaqlı), Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi (1012,3 km, 2 hərəkət zolaqlı) və Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi işlərinin 2023-cü ildə, Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd (123,9 km, 4-6 hərəkət zolaqlı ), Ağdam-Füzuli (64,8 km, 4 hərəkət zolaqlı) avtomobil yollarının tikintisinin 2024-cü ildə və Toğana-Kəlbəcər-İstisu (81,6 km, 2-4 hərəkət zolaqlı), Kəlbəcər-Laçın (76,3 km, 2-4 hərəkət zolaqlı) avtomobil yollarının tikintisinin isə 2025-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdur.

Qardaş Türkiyə şirkətlərinin köməyi ilə bir sıra layihələrdə tunel tikintisi işləri aparılır. Ümumilikdə 33 tunelin tikintisi nəzərdə tutulub. .Bunlardan ən önəmlisi Toğana-Kəlbəcər-İstisu avtomobil yolunda Murov dağ silsiləsinin altından çəkilən 2 ədəd hər biri 11,6 km olan tunellərin tikintisidir. Artıq bu tunelin hər isiqamət üzrə 3 km (ikisi bir yerdə 6 km) hissəsində qazma işləri başa çatmışdır.

Bundan əlavə möhtərəm cənab Prezidentin 10 avqust 2022-ci il tarixli, 3417 № - li Sərəncamına əsasən Agdam şəhərinin daxili yollarının (uzunluğu 193 km) və Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunun (uzunluğu 45 km, 2 hərəkət zolaqlı) layihələndirilməsi və tikintisinə ayrılmış ilkin vəsait hesabına işlərə də başlanmışdır

2022-ci ilin sentyabr ayının 21-də isə, Azərbaycan Respublikası Baş nazirinin müavini və İran İslam Respublikasının yol və şəhərsalma nazirinin iştirakı ilə (onlayn) Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq Ağbənd avtomobil yolu körpüsünün təməl qoyma mərasimi keçirildi.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunu İran İslam Respublikasının avtomobil yolları şəbəkəsi ilə Araz çayı üzərindən birləşdirəcək körpü uzunluğu 216 metr, eni isə 24,5 metr olmaqla layihələndirilib. Körpüdə hər istiqamətdə 2 nəqliyyat vasitəsi və piyadalar üçün 1 hərəkət zolağı nəzərdə tutulub. Həmçinin burada hər iki ölkənin ərazisində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyat vasitəsini (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi də planlaşdırılır.

Rusiya-Azərbaycan-Ermənistan 3 tərəfli İşçi Qrupu tərəfindən Zəngəzur Dəhlizinin Ermənistan ərazisindən keçməklə açılması istiqamətində də işlər davam etdirilir. Bu məqsədlə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Bu nəqliyyat dəhlizi açıldıqdan sonra, Azərbaycanla Naxçıvan Muxtar Respublikası, eləcə də Türkiyə, İran və Rusiya arasında, daha səmərəli nəqliyyat əlaqələri həyata keçirməsinə imkan yaranacaqdır.

Agentlik tərəfindən tikintisi aparılan bütün yol-tikinti işlərinin 2025-ci ilədək başa çatdırılması nəzərdə tutulur.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə