“Diqqət uşaqlar!” adı altında maarifləndirici tədbirlər davam edir - FOTOLAR

Daxili İşlər Nazirliyinin müvafiq əmrinə əsasən respublika ərazisində 2022-ci il sentyabr ayının 15-dən oktyabr ayının 15-dək “Diqqət uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı çərçıvəsində maarifləndirici tədbirlər davam edir. SİA xəbər verir ki, 4 oktyabr 2022-ci il tarixində “Diqqət, uşaqlar!” aylığı çərçivəsində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi 54 nömrəli tam orta məktəb ilə birgə “Yol hərəkəti qaydalarını öyrənək və əməl edək!” mövzusunda maarifləndirici tədbir keçirib.

Tədbirin keçirilməsində məqsəd uşaqlara yol hərəkəti qaydalarının kiçik yaşlardan öyrədilməsini təbliğ etmək və onlarla bağlı yol-nəqliyyat hadisələrinin sayını azaltmaqdır.

Tədbirdə yol nişanları, piyada keçidləri, təhlükəsizlik kəmərinin əhəmiyyəti ilə bağlı maarifləndirici videoçarxlar nümayiş olunub. Nümayiş olunan videoçarxlar vasitəsilə uşaqlar piyadaların səhvlərini müzakirə ediblər, təhlükəsizlik kəmərini bağlamayanda hansı pis nəticələrlə qarşılaşacaqları uşaqlara izah edilib. Videoçarxlardakıhadisələr haqqında uşaqların fikirləri dinlənilib və sualları cavablandırılıb.

Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş leytenantı Pərvanə Muradova, Nəsimi rayonu 19-cu polis bölməsinin inspektoru, polis kapitanı Zeynalov Əhməd, 54 nömrəli tam orta məktəbin rəhbərliyi, müəllim və şagird heyəti, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, tədbirdə iştirak edən şagirdlərin sayı 60 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə