ICAO Azərbaycanda uçuşların təhlükəsizliyini yüksək qiymətləndirib

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanda uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq standartlara uyğunluğu yüksək qiymətləndirib.

SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) istinadən xəbər verir.

Məlumata görə, bu il iyunun 1-8-də ICAO Uçuşların Təhlükəsizliyinə Nəzarət üzrə Universal Audit Proqramı (USOAP) çərçivəsində Azərbaycanda mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyinin beynəlxalq standartlara uyğunluğu üzrə növbəti genişmiqyaslı “ICAO Coordinated Validation Missions (ICVM)” auditi keçirib.

Audit zamanı uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq standartlara uyğunluğun müəyyən edilməsi və dövlət nəzarətinin təşkili 8 kritik element üzrə ardıcıl mərhələdə yoxlanılıb. Bu elementlərə qanunvericilik, təşkilati struktur, uçuş əməliyyatlarının həyata keçirilməsinə nəzarət, hava gəmilərinin uçuş yararlığına nəzarət, aeronaviqasiya standartlarına nəzarət, aerodrom istismarçılarına nəzarət, şəhadətnamələrin rəsmiləşdirilməsi, aviasiya hadisələrinin araşdırılması daxildir.

Təşkilat audit nəticələri üzrə 3 aydan çox davam edən qiymətləndirməyə əsasən, Validasiya Komitəsinin 26 sentyabr 2022-ci il tarixli ilkin hesabatına görə, uçuşların təhlükəsizliyinə nəzarət sisteminin səmərəli tətbiqini və ICAO-nun standartlarına uyğunluğu 80 % təyin edilib. Bu, 2025-ci ilə qədər ICAO-nun müəyyən etdiyi həm dünya, həm də Avropa üzrə orta göstəricidən 5 % yüksəkdir və çox yaxşı nailiyyət hesab edilir. Eyni zamanda, bu göstərici 2018-ci ildə Azərbaycan üzrə keçirilmiş son audit nəticəsində müəyyən edilmiş 66 % uyğunluq göstəricisindən də xeyli yuxarıdır.

Auditin müsbət nəticələri ilə bağlı ICAO RİNN-ə məktub ünvanlayaraq Azərbaycan Hökumətini və nazirlik yanında Dövlət Mülki Aviasiya Agentliyini əldə edilmiş nailiyyətlərə görə təbrik edib. Məktubda, həmçinin gələcəkdə nəzarət potensialının daha da artırılması üzrə fəaliyyət istiqamətlərini müzakirə etməyə hazır olduqları bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə