44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Suqovuşanın azad edilməsinə görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuş Təhməzov Pərvin İlqar oğlunun anım mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, Çilov qəsəbəsində keçirilən anım mərasimində şəhidin ailə üzvləri, “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov, Pirallahı RİH başçısının müavini İsmayıl Əliyev, “28 May” NQÇİ-nin rəhbərliyi, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib. Ulu öndər Heydər Əliyevin büstü, helikopter qəzasında və 10 saylı DDÖ-də yanğın zamanı həlak olan neftçilərin xatirəsinə ucaldılmış abidə və şəhidlər abidəsi ziyarət edilib, önlərinə gül dəstələri düzülüb. Daha sonra şəhid Pərvin Təhmazovun anası, “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin əməkdaşı Əsli Təhməzovanın evi ziyarət olunub, şəhidin qısa və şərəfli həyat yolundan ətraflı danışıldı. Həmçinin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanılıb, onların bundan sonra da daim diqqət mərkəzində saxlanılacağını ifadə edilib.
Anım tədbirində Azərbaycanın Dövlət Himni səsləndirildi, şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhid Pərvin Təhməzova həsr edilmiş film nümayiş etdirilib.
Tədbirdə çıxış edən “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov bildirib ki, böyük Zəfər cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində döyüşə yollanan Pərvin və neçə-neçə şəhid qardaşımızın canı, qanı bahasına əldə olunub. Şəhidlərimiz zəfər tariximizin şanlı müəllifləri kimi hər zaman yad ediləcək, xatirələri əziz tutulacaq. Şahmar Hüseynov qeyd edib ki, biz hər birimiz dövlətimizin müstəqilliyini, xalqımızın firavanlığını məhz şəhidlərimizə borcluyuq: “Pərvin Təhməzov qısa, lakin kifayət qədər zəngin, şərəfli, mənalı, içində böyük dəyərlərin cəmləndiyi bir həyat yaşadı. O, Vətənə layiq olduğunu göstərdi, şəhid oldu, ölməzliyə qovuşdu. Dövlətimiz, xalqımız var olduqca Pərvin və neçə-neçə şəhidlərimiz qəlbimizdə, xatirələrimizdə yaşayacaqlar, var olacaq, əziz tutulacaqlar, fəxrlə anılacaqlar”.
Pirallahı RİH başçısının müavini İsmayıl Əliyev 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şücaətindən bəhs edərək bildirib ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub.
Şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açaraq, Pərvin Təhməzov kimi qəhrəman oğullarımızın göstərdiyi şücaətin 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun əldə etdiyi Qələbədə böyük mənəvi rolu olduğunu qeyd etdi. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq.
“28 May” NQÇİ-nin rəisi Zaur Bağırov çıxışında Vətən müharibəsində canından keçən hər bir şəhidimiz qanı bahasına Azərbaycan xalqının 30 illik qanayan yarasını sararaq torpaqlarımızı işğaldan azad edildiyini, işğaldan azad olunmuş vətən torpağının hər bir qarışında şəhidlərimizin qanı olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Vətən müharibəsi şəhidi Şahgündüz Cabbarovun atası Kamil Vəfadar, qazilər, şəhid anaları Pərvin Təhmazovla bağlı xatirələrdən danışıblar. Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, rəşadətli ordumuzun əsgər və zabitlərinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətinin qələbəsi olduğunu qeyd ediblər. Qələbə şəhidlərinin sıralarında adı və xidmətləri ilə həmişə iftixarla xatırlanacaq Pərvin Təhməzovun xalqımızın qan yaddaşında əbədi yaşayacağını söyləyiblər.
Şəhidin anası və ailə üzvləri şəhid ailələrinə hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından təşəkkürünü bildiriblər.
Tədbirdə şagirdlərin ifasında şəhidlər və vətən haqqında şeirlər səsləndirildi, ehsan süfrəsi təşkil edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB