"Bütün bunlar çox böyük vandalizm aktıdır" - QURUM RƏSMİSİ DANIŞDI
"Azərbaycan torpaqlarının 1990-cı ilin əvvəllərindən işğal edilməsi ilə başlayan proses yekunda ölkəmizin ərazisinin 20 faizinin ermənilər tərəfindən işğal edilməsi ilə nəticələndi. Əlbəttə, işğal prosesində 1 milyondan çox vətəndaşımızın qaçqın düşməsi ilə yanaşı, mənəvi mirasımız olan abidələrimizin dağıdılması da ən çox təəssüf doğuran məqamlardan biri idi. Çünki bütün dünyada dini-tarixi abidələr ümumdünya mirası hesab olunur və insanlar çalışmalıdır ki, tarixi-dini abidələrin qorunması, gələcək nəsillərə çatdırılmasını təmin etsinlər". Bu sözləri SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev deyib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, Azərbaycanın həmin dövrdə işğal edilmiş ərazilərində xüsusilə dini abidələrinə qarşı amansız bir vandalizm aktları törədilib. Azərbaycanın həmin ərazidə yerləşən 67 məscidindən 65-i tamamilə yerlə yeksan edilərək dağıdılıb. Digər məscidlərdə isə bizim dini-mənəvi və ənənəvi dəyərlərimizə uyğun olmayan heyvan saxlanılması, həmin məscidlərin divarlarının müxtəlif yazılarla təhqir edilməsi, dəyərlərimizə qarşı edilən müxtəlif hörmətsizliklər ənənəvi hal almışdı. Şükürlər olsun ki, Vətən müharibəsində ərazi bütövlüyümüzü bərpa edərək torpaqlarımızı işğaldan azad etdik.
O ki qaldı ermənilərin abidələrimizə qarşı törətdikləri vəhşiliklərə, bütün bunlar çox böyük vandalizm aktıdır. Çünki ermənilər nəinki bizim məscidlərimizi, eyni zamanda həmin ərazidəki kilsələrə qarşı da vandalizm aktları törədiblər.
Ceyhun Əliyev sözlərinə belə davam edib: "Biz əlimizdən gələni edirik ki, erməni vandalizm aktları dünyaya çatdırılsın. Çünki bəzən ikili standartlar çərçivəsində haqsız da olsa Azərbaycanla bağlı qeyri-ədalətsiz mövqe nümayiş olunur. Halbuki, Azərbaycanın tarixi-dini abidələrinə qarşı törədilmiş vandalizm aktlarından çox az danışılır.
Bakının mərkəzinə gələn hər bir qonağımız erməni kilsəsinin qorunub saxlanıldığını görə bilər. Amma bizim bir ibadət evimizdə belə bizə aid bir kitab saxlanılmayıb. Bu vandalizm aktını ilahiyyatçı olaraq qətiyyətlə pisləyirəm. Biz çalışmalıyıq ki, heç bir torpağımıza yad və məkrli əllər toxunmasın. Bir daha heç bir məscidimizdə azan səsi kəsilməsin. Azərbaycanın bayrağı ucalardan ucada dalğalansın ki, biz daha da güclü olaq və düşmən əsla baş qaldıra bilməsin".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB