Anım günü ŞƏHƏR SAKİNLƏRİNİN GÖZÜ İLƏ - SORĞU

II Qarabağ müharibəsindən 2 il ötür. 27 sentyabr 2020-ci il Azərbaycan xalqının, Azərbaycan dövlətinin dönüm nöqtəsi oldu. Erməni silahlı qüvvələrinin sərhəd bölgələrimizə qarşı törətdiyi təxribatlara qarşı Azərbaycan Ordusu əks-hücuma keçərək düşməni cavab atəşi ilə susdurdu. Sonradan Azərbaycan Ordusu hücum əməliyyatı keçirərək 44 gün ərzində torpaqlarımızı düşmən tapdağından xilas etdi. II Qarabağ müharibəsi zamanı igid oğullarımız öz qanları ilə torpağımızı qorudu. SİA olaraq 27 sentyabr II Qarabağ müharibəsi ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrəndik:

Şəhər sakini Yeganə Bağırova: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allahdan şəfa diləyirəm. Bu gün onların sayəsində torpaqlarımız işğaldan azad edilib. O gün olsun bütün torpaqlarımız işğaldan azad edilsin. Bu günlər dövlətimiz üçün ağır günlər idi. Amma biz bu ağır günlərin üstəsindən gəldik".

Şəhər sakini Rəşid Abdullayev: "Azərbaycan dövləti 30 ilə yaxın bir müddət ərzində öz torpaqlarından ayrı düşüb. Öz tarixi torpaqlarımız düşmən tərəfində vəhşicəsinə darmadağın edilmişdir. Amma biz torpaqlarımızı düşmən əlində qoymadıq. Qəhraman ordumuz düşmənə layiqli cavab verdi. Allah Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Allah Azərbaycan ordusunu qorusun!"

Şəhər sakini Afət Əliyeva: "2 il bundan qabaq düşmən bölgələrimizə atəş açdı, günahsız insanlarımız qətlə yetirildi, uşaqlarımız öldü. Xalqımızın başına bombalar yağdı. Lakin ordumuz bu təxribatları cavabsız qoymadı, düşmənə cavab atəşi ilə zərbələr endirdi. Biz qisasımızı aldıq. Düşmənə qorxu saldıq. Torpaqlarımız azad edildi. Buna görə hər bir azərbaycanlı çox qürurludur".

Şəhər sakini Xəyyam Həsənov: "Bu tarix nəinki Azərbaycan tarixinə, həm də dünya tarixinə qızıl hərflərlə yazılmalıdır. Ali Baş komandan İlham Əliyevin və Azərbaycan Ordusunun gücü ilə biz öz torpaqlarımızı işğaldan azad etdik. Çox şəhid verdik, çox qan axdı. Çox analar övladsız qaldı. Allah hər birinə rəhmət eləsin. Onlar ən yüksək zirvəyə - şəhidlik zirvəsinə ucaldılar. İndi biz torpaqlarımızı azad etsək də, yenə erməni quldurları öz təxribatlarından əl çəkmirlər. Onlara yaxşı dərs vermək lazımdır ki, bir də belə təxribatlara əl ata bilməsinlər”.

Şəhər sakini Leyla Əhmədova: "Xalq olaraq, millət olaraq çox ağır bir dönəmdən keçdik. Neçə il həsrətini gözlədiyimiz torpaqlarımız uğrunda müharibə başlamışdı. 2 il keçməsinə baxmayaraq hələ də biz tam olaraq öz vətənimizə geri qayıtmamışıq. Çünki hələ də ermənilərin dağıtdıqları yurdumuzu abadlaşdırmağa çalışırıq. Həmin əraziləri minalardan təmizləməyə çalışırıq".

Şəhər sakini Kamil İsrəfilov: "44 günlük Vətən müharibəsi, məhz 27 sentyabr tarixində başlayıb. Düşmən yenə öz təxribatçı əməllərindən əl çəkməyib və ordumuzun mövqelərini, günahsız sakinlərimizə raketlərlə hücum etmişlər. Neçə-neçə günahsız vətəndaşımız şəhid oldu. Amma biz Qələbə qazanaraq öz şəhidlərimizin qanını yerdə qoymadıq".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə