Mütəxəssis Məscidin ərazisinə buraxılmadı MÖVQE

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsnin “İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması” layihəsi çərçivəsində 9 sentyabr 2022-ci il tarixindən təşkilatın 5 üzvü Şuşa şəhərinə ezam olundu.Səfərdən məqsəd erməni vandalizmini üzə çıxarmaq məqsədi ilə Şuşa şəhərindəki tarix və mədəniyyət abidələrin monitorinqini keçirmək, Yuxarı Gövhərağa məscidində baş vermiş erməni vandalizmi barədə çəkilən sənədli filmin son kadrların çəkilişini etmək idi.Qeyd etməliyəm ki, Şuşa şəhərində abidələrin bərpası, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin göstərişinə uyğun aparılmalı, “Şuşanın tarixi gözəlliyi bərpa edilməli” və bərpa prosesi açıq və şəffaf, mütəxəsislərin rəy və təklifləri nəzərə alınmaqla keçirilməlidir.Cənab prezident həyatımızın bütün sahələrində çəffaflığın yaranması üçün ictimai nəzarətin tətbiq edilməsini dəfələrlə tövsiyyə etmişdir.Tarix və mədəniyyət abidələri üzərində bərpa, konservasiya və təmir işlərinin aparılması, hansısa bir təmir – tikinti briqadası tərəfindən deyil, xüsusi olaraq elmi-bərpa təşkilatları və bərpaçı briqadaları tərəfindən icra olunmalı, eləcə də bu sahədə çalışan təcrübəli mütəxəssislərin nəzarəti altında aparılmalıdır. İş prosesinə baxmaq üçün müraciət edən hər hansı bir mütəxəssisin bərpa sahəsinə buraxılmaması kobud qayda pozuntusudur. Heç bir halda mütəxəssisin bərpa sahəsinə daxil olmasına qadağa qoyula bilməz.İstənilən halda mütəxəssis bərpa sahəsinə daxil olarkən orada aparılan bərpa işlərinin, bərpa qaydalarına uyğun aparılıb aparılmamasına diqqət edir, mütəxəssis bərpa prosesində bir uyğunsuzluq görürsə, onun aradan qaldırılması üçün ümumi işin xeyrinə məsləhət və tövsiyələrini verir. Beləliklə, bərpa prosesinə sərf olunan dövlət vəsaitinin israf olunmasının qarşısı alınır. Bu baxımdan bərpa sahələrinə mütəxəssislərin gəlməsi, abidə üzərində bərpa işləri aparan qrupun marağında olmalıdır. Onlar özləri bərpa sahəsinə mütəxəssislərin dəvət olunmasında maraqlı olmalıdır.Lakin Şuşanın Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidlərində və “Qazançı” kilsəsində bunun əksini gördük. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bir mütəxəssis kimi özümü dəfələrlə təqdim etsəm də, heç bir abidənin bərpa sahəsinə mühafizəçilər tərəfindən buraxılmağıma icazə verilmədi. O zaman hansısa iş icraçısını və ya bərpaçı ustalardan biri ilə söhbət etmək istədiyimi bildirdim, bu adamların işdə “olmadığını” və onlarla görüşün mümkünsüzlüyünü dedilər. Mən o zaman mühafizəçidən bərpa sahəsinə “qanuni” yolla necə daxil ola bilərəm deyə soruşanda: -Mühafizəçi məndən Heydər Əliyev Fondundan “xüsusi icazə vərəqəsi” təqdim etməyimi tələb etdi.Bərpa sahəsində çalışan tikinti idarəsi bu ağılasığmaz özbaşınalığı ilə, Azərbaycanda eləcə də dünyanın bir çox ölkələrində adı hörmətlə hallanan bir təşkilatın adına xələl gətirdiyini anlamalıdır. Tam əminliklə deyə bilərəm ki, nəinki Heydər Əliyev Fondunun rəhbərliyi tərəfindən, heç Fondun şöbə müdirləri səviyyəsində belə bir qadağanın tətbiq edilməsinə icazə verilməyib. Çünki mən, 2019-cu ildə Qəbələ rayonunun Nic qəsəbəsindəki qədim Alban Çotari kilsəsində oldum. Kilsə, Heydər Əliyev Fondu tərəfindən bərpa edilirdi. Mən çəkiliş qrupu ilə kilsədə foto video çəkilişlər etdim kilsə xadimləri, fəhlə və ustalarla səmimi münasibətimiz oldu. Heç bir maneə ilə rastlaşmadıq. Əgər fond tərəfindən belə bir qadağa tətbiq edilmiş olsaydı, biz bununla Qəbələ rayonunda da rastlaşardıq. Deməli Şuşa şəhərinin Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidlərində, “Qazançı” kilsəsində baş verən bu özbaşınalıq tikinti şirkəti tərəfindən edilir. Bundan məqsəd Fondun nüfuzuna zərbə vurmaqdır. Əgər burada başqa səbəb də varsa, çox güman ki, bu səbəbi şirkət rəhbərləri özləri izah edə bilərlər.

Faiq İsmayılov

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri

AMEA Tarix İnstitutunun əməkdaşı

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü

Avroasiya Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə