"Qanun layihəsi çox humanist, irəliyə atılan əhəmiyyətli addımdır" - DEPUTAT ŞƏRH ETDİ

"Bu gün Milli Məclisin Əmək və Sosial Siyasət komitəsində “Əmək pensiyaları haqqında qanun" layihəsi birinci oxunuşda müzakirə edilib. Birmənalı olaraq bu qanun layihəsi çox humanist, irəliyə atılan əhəmiyyətli bir addımdır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, “Əmək pensiyaları haqqında qanun” layihəsi bir çox müddəaları ilə yardıma, qorunmağa ehtiyacı olan təbəqənin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir: "Ölkəmizdə son illərdə sosial sahədə aparılan islahatlar, pensiya və müavinətlərlə bağlı həyata keçirilən islahatların hər birinin arxasında insan kapitalı dayanır. Prezident İlham Əliyevin söylədiyi kimi ölkəmizdə insan amili ən əhəmiyyətli meyarlardan biri kimi qiymətləndirilir".

Jalə Əliyeva fikirlərinə davam edərək həmçinin qeyd edib ki, son illərdə həyata keçirdiyimiz islahatlar dünya ölkələri tərəfindən inqilabi islahatlar olaraq dəyərləndirilir: "Bu islahatların hər biri insanların sosial rifahının yüksəldilməsinə xidmət edir. Qanun layihəsi qəbul edildikdən sonra pensiyaların məbləği hər il vahid qaydada indeksləşdirilərək artırılacaq, qulluq əlavəsi alan şəxslərin pensiyası daha da artacaq, pensiya alan hərbi rütbəli şəxslərin əmək pensiyasının ümumi məbləği hər il yenidən hesablanaraq artırılacaq. Bundan əlavə həmçinin bütün pensiyaların indeksləşdirilməsi və tamamilə elektron qaydada aparılması təmin ediləcək”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə