"Cəmiyyət media qurumu olaraq o saytları tanıyacaq" - SAYT RƏHBƏRİ DANIŞDI

"Cəmiyyət media qurumu olaraq o saytları tanıyacaq" - SAYT RƏHBƏRİ DANIŞDI

"Media Reyestri öncəliklə media subyektləri ilə bağlı ciddi bir qarışıqlığı aradan qaldıracaq. Yəni, xəbər istehsalı və ciddi jurnalistika ilə məşğul olanlarla, bu işdə təsadüfi olanlar və ya bu işə tamamilə başqa niyyətlə gələnlər arasında fərq yaradacaq". Bu sözləri SİA-ya açıqlamasında “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib.

Onun sözlərinə görə, əgər bir media qurumu vergisini ödəyir, işçiləri rəsmi şəkildə fəaliyyət göstərirsə və digərinin tamamilə yeri, mənşəyi bəlli deyilsə, xarici domen uzantısı ilə fəaliyyət göstərirsə, oradakı bilgilərini gizlədirsə Media Reyestri bu kimi qarışıqları ortadan qaldıracaq: "Artıq bir ilə yaxındır ki, Medianın İnkişaf Agentliyi ilə əməkdaşlıq edən saytlar bu proseslə bağlı müəyyən təcrübə qazanıblar. Bu gün Medianın İnkişaf Agentliyinə maliyyə ilə bağlı hesabatların verilməsi və işçilərlə bağlı yenilikləri özümüz rahat bir şəkildə həyata keçiririk. Bu çətin bir məsələ olmayacaq.

Əlbəttə ki, hökumət portalında mövcud olan məlumatların inteqrasiya olunması VÖEN və digər məsələlərlə bağlıdır. Amma, işçilərin iş yerindən ayrılıb və daxil olması ilə bağlı məsələləri sayt rəhbərləri və ya onların təyin etdiyi şəxslər özləri icra edəcək".

Aqil Ələsgər sözlərinə belə davam edib: "Bunlar zatən Medianın İnkişaf Agentliyinin müəyyən bir pəncərəsində mövcuddur. Bildiyim qədəri ilə bu daha da təkmilləşdirilmiş şəkildə Media Reyestrində olacaq. Media Reyestrində olan saytlar daha şəffaf fəaliyyət göstərən saytlar olacaq və cəmiyyət də media qurumu olaraq o saytları tanıyacaq. Təbii ki, digərlərinin həmin dəqiqə təslim olub gedəcəyini düşünmək də sadəlövlükdür. Onlar da dirənib mübarizə aparacaqlar.

Bu baxımdan hesab edirəm ki, Azərbaycanda medianın şəffaflığını və əvvəlki nüfuzunun bərpa olunmasını istəyənlər "Media" haqqında qanunu və Media Reyestrini dəstəkləməlidirlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə