Qazaxda “27 sentyabr anim günü - Zəfər günümüzdür” adlı tədbir keçirilib

Qazax Rayon İcra və Probasiya şöbəsində “27 sentyabr anim günü - Zəfər günümüzdür” adlı tədbir keçirilib. Tədbirdə şöbənin əməkdaşları ilə yanaşı, vətən müharibəsi qaziləri və şəhid ailələri də iştirak edib. Anım tədbirində Qazax Rayon İcra və Probasiya şöbəsinin rəisi Ramiz Şəmmədov çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilməyib. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir.

Ramiz Şəmmədov həmçinin ölkəmizdə Qarabağ müharibəsi qazilərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq qeyd edib ki, şəhidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq, onlar heç zaman unudulmayacaqlar. Bu gün alnıaçıq gəziriksə bunu başda Ali Baş Komandan İlham Əliyev olmaqla, şəhidlərimizə, qazilərimizə və vətən müharibəsində igidliklər göstərmiş bütün hərbiçilərimizə borcluyuq. Bu gün Xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Anım tədbirində çıxış edən digər natiqlər də vətən müharibəsində qəhrəmanlıq göstərmiş cəsur vətən oğullarının və qızlarının qəhrəmanlığından danışıb, şəhid ailələri və qazilərimiz isə şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından razı qaldıqlarını bildiriblər.

Qeyd edək ki, bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxuyur. İnsanlar Anım Gününü həm də zəfər və iftixar günü kimi qeyd edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə