185 pestisid və aqrokimyəvi maddələrin satış yerinə baxış keçirilib

Bitki sağlamlığının təmin olunması, standartlara cavab verən yüksəkkeyfiyyətli qida məhsullarının istehsalı, ölkə ərazisində bitki örtüyünün qorunması və inkişafı üçün istifadə olunan bitki mühafizə vasitələri (pestisid və bioloji preparatlar) və aqrokimyəvi maddələrin istehsalı, idxalı, ixracı, saxlanılması və satışı ilə bağlı qaydalara əməl olunması xüsusi əhəmiyyət kəsb edir.

Bununla bağlı olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən pestisid və aqrokimyəvi maddələrin satış və saxlanma yerlərində mütəmadi yoxlama-nəzarət tədbirləri keçirilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, AQTA və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə birgə keçirilən monitorinqlər çərçivəsində indiyə kimi 185 pestisid və aqrokimyəvi maddələrin satış yerinə baxış keçirilib. Bu obyektlərdən 60-ı pestisid, 104-ü aqrokimyəvi maddə olmaqla, ümumilikdə 164 nümunə götürülərək, keyfiyyət göstəricilərinin yoxlanılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına göndərilib.

Nəzarət tədbirləri çərçivəsində tərkibinin etiketindəki göstəricilərlə uyğun olmadığı, istifadə müddəti bitmiş, qeydiyyatdan keçməmiş pestisid və aqrokimyəvi maddələr aşkarlanıb. Belə ki, yoxlamalar zamanı 124 preparatın 6-nın tərkibinin etiketindəki göstəricilərlə uyğun olmadığı müəyyən edilib. Digər 40 nümunənin analizi isə davam edir.

Həyata keçirilən monitorinqlər zamanı Bakı, Şəki, Salyan, Lənkəran, Tovuz, Gəncə və Bərdə regional bölmələri tərəfindən pestisid və aqrokimyəvi maddələrin satış yerlərində ümumilikdə 124 adda istifadə müddəti bitmiş preparatlar müəyyən edilib.

Eyni zamanda Şəki, Gəncə və Bərdə regional bölmələri tərəfindən keçirilən monitorinqlər zamanı 11 pestisid və aqrokimyəvi maddələrin satış yerində 9-u pestisid, 3-ü aqrokimyəvi maddə olmaqla, 12 adda qeydiyyatdan keçməmiş preparatlar aşkarlanıb.

Sınaq nəticəsi uyğunsuz çıxan preparatlar dövriyyədən çıxarılaraq möhürlənib və sahibkarlar onların toxunulmazlığının təmin edilməsi ilə əlaqədar təlimatlandırılıblar. İstifadəyə yararsız hesab olunan preparatların zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı agentlik tərəfindən müvafiq qərar qəbul ediləcək.

İstifadəyə yararsız, qeydiyyatdan keçməmiş və etiket məlumatlarına uyğun olmayan pestisid və aqrokimyəvi maddələrin fermer təsərrüfatları tərəfindən istifadəsi həmin təsərrüfatlarda gözlənilən nəticələrin əldə olunmamasına gətirib çıxarır ki, bu da fermerlərin haqlı narazılığına səbəb olur.

AQTA adıçəkilən pestisid və aqrokimyəvi maddələrin satışının qanunazidd olduğunu bildirir və fermerləri sınaqdan keçməmiş, istifadə müddəti bitmiş, qeydiyyatsız preparatları təsərrüfatlarda istifadə etməməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə