“Dəmir yumruq” - Milli birliyin və Vətən uğrunda savaşın rəmzi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Vətən müharibəsi, “dəmir yumruq” əməliyyatı, 44 günlük Şanlı Zəfər tarixindən artıq iki il ötür. Dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan dövləti 44 gün ərzində dünyaya səs salaraq bütün gücünü göstərdi.

Vaxtilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə susan dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın öz qüdrəti ilə əzəli torpaqlarını işğaldan azad etdiyinin şahidi oldular. Vətən uğrunda başlayan savaş göstərdi ki, həqiqətən vətənini sevən, onun uğrunda son damla qanına qədər vuruşan, onu sonda nə gözləyəcəyini bilmədən gözüyumlu döyüşə gedən, qazi olaraq həyatının sonuna kimi şikəst qalmağı
gözə alan, bütün sevdiklərini, ailəsini, övladlarını geridə qoyaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşə gedən igidlərimiz var və bu igidlərimiz 30 il boyunca hamı tərəfindən səsləndirilən “lazım gəlsə döyüşməyə hazıram” ifadəsinin doğru olduğunu sübut etdilər.

Şanlı ordumuz 44 gün davam edən Vətən savaşında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, Şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Biz düz üç onillik ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik. Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz böyük Qələbənin sevincini yaşadıq.

Həmişə olduğu kimi, Vətən müharibəsinin gedişində də Azərbaycan xalqı “Tək Bayraq, Tək Millət, Tək Dövlət, Tək Vətən” şüarı ətrafında sıx birləşib işğalçı Ermənistana qarşı döyüşlərdə qəhrəmanlıqlar göstərdilər. Vətən torpağımız ölkəmizin hər bir guşəsindən olan igid övladlarımızın qanı ilə sulandı. Azərbaycan vətəndaşları
olan rus, yəhudi, gürcü və başqalarının ümumi düşmənə qarşı Vətən uğrunda çiyin-çiyinə döyüşmələri, məscidlərdə, kilsələrdə və sinaqoqlarda Azərbaycan ordusunun qələbəsi üçün duaların edilməsi qürurverici idi. Bu, ulu öndər Heydər Əliyevin “mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam” fəlsəfəsinin həyatiliyini, düzgünlüyünü bir daha təsdiq etdi.

44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik, yüksək səviyyədə milli birlik nümayiş etdirdik. Ön cəbhədə hərbçilərimizin şücaəti, ordumuzun rəşadəti, arxa cəbhədə mülki insanlarımız,
bütövlükdə isə xalqımızın həmrəyliyi nəticəsində qələbə çaldıq. Bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olmuşdur, “Dəmir Yumruq” əməliyyatı bir daha göstərdi ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır.

Tanrıverdi Mustafayev,
YAP Nərimanov rayon təşkilatının “Azərişıq” ASC üzrə ƏPT sədri - “Azərişıq”
ASC sədrinin müşaviri

Bütün xəbərlər Facebook səhifəmizdə