"Etik davranış qaydalarına əməl etmək mühüm şərtlərdəndir" - MÜNASİBƏT BİLDİRİLDİ

"“Media Reyestrinin aparılması Qaydaları” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanını Azərbaycan mediasının saflaşdırılması, sağlamlaşdırılması və peşəkarlaşdırılması yönündə verilmiş çox mühüm bir qərardır. Şəxsən mən Media Reyestrinin yaradılması təşəbbüsünü ilk gündən, yəni, onun “Media haqqında Qanun”un layihəsində nəzərdə tutulduğu gündən dəstəkləmişəm". Bu sözləri SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttfaqının sədri, media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, Media Reyestrinin aparılması qaydalarında nəzərdə tutulan maddələr, əslində peşək KİV və peşəkar jurnalist anlayışı üçün mövcud olan meyarlardırlar: "Reystrin formalaşdırılması, orada nəzərdə tutulan prinsiplərin tətbiq edilməsi ölkədə peşəkar media subyektləri və peşəkar jurnalistlərlə həvəskar xəbər istehsalçısının sərhədlərini müəyyənləşdirəcək. Bu, həm media işçiləri, həm də cəmiyyət üçün çox faydalıdır. Reystrə düşməyin mühüm şərtlərindən biri etik davranış qaydalarına əməl etməkdir.

Qaydaların 6.6.11-ci maddəsində bu ifadə çox açıq şəkildə təsvir edilibdir. Etik kodeksə əməl etmək doğru, düzgün, qərəzsiz informasiya istehsal etmək deməkdir ki, bu da cəmiyyətimiz üçün çox faydalıdır".

Müşfiq Ələsgərli sözlərinə belə davam edib: "Bu qaydaların qüvvəyə minməsi ilə həm d, ölkədə ilk dəfə olaraq, sərbəst çalışan jurnalistlərin hüquqları tanınmış olur. Onlar adı reystrdə olan KİV subyektlərinin biri ilə mülki müqavilə bağlamaqla, journalist vəsiqəsi ala və hüquqlarını reallaşdıra biləcəklər.

Reyestrin tətbiq edilməsi həm də ölkədəki peşəkar KİV subyektləri və peşəkar jurnalistlərin kəmiyyətini müəyyənləşdirməyə, statistik məlumat bazası yaratmağa yardım edəcək. Bu statstikanın əldə edilməsi dövlətə də imkan verəcək ki, medianın inkişafı üçün effektiv proqramlar hazırlasın və icra etsin.

Qaydalarda diqqət çəkən daha bir mühüm bənd ora daxil olmağın könüllülük prinsipi əsasında qurulmasıdır. Əgər hansısa KİV subyekti reystrə daxil olmaq istəməsə, öz fəaliyyətlərini köhnə qaydada davam etdirə biləcəklər.

Bir sözlə, Qaydalar çox mükəmməl hazırlanıbdır və media ictimaiyyəti üçün yalnız faydalılıq gətirir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə