Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub

Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub

Ermənistanla Azərbaycan arasında davam edən münaqişənin tarixi 1988-ci ildən xeyli əvvələ, bəlkə də əsrlərə söykənir. Ermənilərin Cənubi Qafqaza köçürüldüyü tarixdən başlanan bu qarşıdurmanın bir məqsədi olub, o da yeni torpaqlar ələ keçirmək, azərbaycanlıları, buranın əsl sahiblərini buradan qovmaq. Qarabağ münaqişəsi isə uzun sürən ərazi münaqişələrindən biridir. XX əsrin əvvəllərindən başlayaraq radikal erməni millətçilərinin Qarabağ bölgəsini Azərbaycandan ayırmaq istiqamətində apardıqları məqsədyönlü fəaliyyəti nəticəsində yaranmış bu qarşıdurma keçən əsrin 80-ci illərində SSRİ-də elan edilmiş “yenidənqurma” siyasəti şəraitində yenidən gündəmə gətirilmiş və SSRİ-nin süqut etməsinə müəyyən qədər öz təsirini göstərmişdir.

Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub və tarixdə çox iz buraxıb. Sonuncu, 2020-ci iliyulun 12-si günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin Ordumuzun Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutması isə çoxillik münaqişənin həllində dönüş nöqtəsi oldu. Dörd gün davam edən sərhəd döyüşlərində xalqımız biri general-mayor olmaqla 12 zabit, əsgər və bir mülki şəxs şəhid verdi. İkinci hərbi təxribat avqust ayında baş verdi. Ermənistan qətllər törətmək üçün diversiya qrupu göndərdi. Ermənistanın kəşfiyyat-təxribat qrupları təmas xəttini keçməyə cəhd göstərdilər. Tovuz və Ağdam istiqamətində şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edildi. Üçüncü hərbi təxribat sentyabrın 27-də törədildi və artıq Azərbaycan xalqının səbr kasası doldu, erməni tərəfi təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutması böyük müharibənin başlaması üçün qığılcım oldu.

Azərbaycan həmişə sülh planına sadiq olub. İndi azad edilmiş ərazilərimizdə qurulmuş istehkam qurğuları isə göstərdi ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. Azərbaycan Vətən müharibəsində işğal altındakı ərazilərimizi düşmən tapdağından xilas etdi, xalqın qürurunu özünə qaytardı, ermənilərin kifayət qədər silah-sursatını, müasir silahlarını döyüş meydanında ələ keçirdi.

Ermənistanın faşist rəhbərliyinin əmrilə döyüş bölgəsindən yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizə qadağan olunmuş ballistik raketlərlə hücumlar həyata keçirildi. Bu terror nəticəsində 91 nəfər mülki şəxs həlak olub, 404 nəfər isə xəsarət alıb. Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb.

Qarabağın işğaldan azad olunması sərvətlərə görə deyil, tarixi və hüquqi ədaləti bərpa etmək üçündür. Bu, Avropa dövlətlərinin öz hüquqi ərazilərinə sahib çıxması ilə müqayisə edilə bilər. Ermənilər deyil, azərbaycanlılar etnik təmizləməyə məruz qalıb, ordu işğal olunmuş ərazilərimiz azad etdikdən sonra bir milyona köçkün öz yurd-yuvasına qayıdacaq. Ermənistan Qarabağın dağlıq hissəsini və 7 ətraf rayonu işğal edəndə 750 min azərbaycanlı etnik təmizləməyə məruz qaldı.

Uzun illər Ermənistanın cinayətkar rejimləri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı terror və soyqırımı siyasəti həyata keçirilib. 1992-ci ildə Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərində, Xocalı şəhərində həyata keçirilmiş soyqırımları, habelə Azərbaycanın müxtəlif bölgələrində törədilmiş çoxsaylı terror aktları Ermənistan dövlətinin soyqırımı və terror siyasətini, əsl faşist mahiyyətini ifşa etmiş faktlardır. Sonrakı illərdə də bu siyasət ardıcıl şəkildə davam etdirilmişdir. 2016-cı ilin aprelində Ermənistan hərbi birləşmələri cəbhə xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmuş, nəticədə 5 dinc sakin qətlə yetirilmiş, 30-dan artıq insan yaralanmışdır.

Ermənistan BMT Təhlükəsizlik Şurası başda olmaqla, dünyanın nüfuzlu təşkilatlarının tələb və çağırışlarını daim qulaq ardına vurub, beynəlxalq qanunvericiliyi pozub, 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxlayıb. Təəssüf ki, beynəlxalq birlik, bilavasitə problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri işğal faktının aradan qaldırılması və ədalətin bərpa olunması istiqamətində heç bir təsirli addım atmayıblar. Baxmayaraq ki, dünyanın müxtəlif nöqtələrində baş verən analoji münaqişələrin qısa zamanda tənzimlənməsi, işğalçının cəzalandırılması, ona qarşı müxtəlif təsirli sanksiyaların tətbiq edilməsinə dair çoxsaylı faktlar mövcuddur.

Azərbaycana qarşı bu dərəcədə açıq ikili standartların səbəbi nə olub? Nəyə görə ATƏT-in Minsk qrupuna həmsədrlik edən supergüclər Ermənistanın getdikcə azğınlaşan terror və soyqırımı siyasətinə, dinc insanlara qarşı amansız davranışına göz yumub və adekvat reaksiya verməyiblər və bu gün də eyni yanaşma sərgiləyirlər? Hansı səbəbdən bu ölkəyə qarşı sanksiyalar tətbiq olunmur, məcburetmə tədbirləri həyata keçirilmir?

Hər fürsətdə insan hüquq və azadlıqlarını əlində bayraq edərək müstəqil dövlətlərə qarşı kampaniya həyata keçirən dairələrin, onların təsiri altında olan hüquq-müdafiə təşkilatlarının qadın və uşaqların qəddarcasına qətlə yetirilməsinə biganəliyi, laqeyd və susqun münasibəti nə ilə bağlıdır?

Əminliklə demək olar ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində ikili standartlar siyasəti, cəzasızlıq mühiti Ermənistanın hərbi-siyasi rejiminin yeni cinayətlərini şərtləndirən başlıca səbəblərdir. Dünya birliyinin qətiyyətsizliyi şəraitində Ermənistan hakimiyyəti nəinki beynəlxalq təşkilatların qərar və qətnamələrini icra etməkdən boyun qaçırır, eyni zamanda, beynəlxalq humanitar hüququn, o cümlədən Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Cenevrə konvensiyalarının, onlara 1 saylı əlavə protokolun tələblərini, Uşaq Hüquqları haqqında Konvensiya çərçivəsində üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq dinc azərbaycanlı əhaliyə qarşı cəza tədbirləri həyata keçirir. Əlbəttə, bütün bu sualların cavabı mütləq tapılacaq və haqq-ədalət öz yerini tutacaq.

Aliyə Orucova

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə