Gürcüstanda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsi Gürcüstanda da ehtiramla anılır, şəhid və qazi ailələrinə daim diqqət və qayğı göstərilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov, səfirliyin əməkdaşları, azərbaycanlı jurnalistlər və ictimaiyyət nümayəndələri Bolnisi rayonunun Kəpənəkçi kəndində olub, şəhid Elşən Budaqovun məzarını ziyarət edib, ailəsinə baş çəkiblər.

Gürcüstan parlamentinin sabiq deputatı, kənd ağsaqqalı Ramiz Bəkirov, müəllim Ziyadxan Sərdarov çıxış edərək şəhidin keçdiyi həyat yolundan danışıblar.

Bildirilib ki, Elşad Budaqov 1973-cü il avqustun 29-da Kəpənəkçidə anadan olub. O, 1990-cı ildə orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək üçün Bakıya gəlib və Kooperativ Texnikumuna daxil olub. 1992-ci ildə Vətənin müdafiəsinə qoşulan Elşad şərəfli döyüş yolu keçib.

Daxili Qoşunların igid əsgəri E.Budaqov 1992-ci il sentyabrın 25-də qəhrəmancasına şəhid olub.

Bu gün onun şəhidlik zirvəsinə yüksəlməsindən 30 il keçir. Amma şəhid heç vaxt unudulmayacaq və onun xatirəsi daim ürəklərdə yaşayacaq. O, gənc nəsil üçün əsl örnək və qürur mənbəyidir.

Səfir Faiq Quliyev Azərbaycan xalqının suverenlik və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb. Gürcüstandan olan soydaşlarımızın bu mübarizədəki rolunu, Azərbaycana verdikləri dəstəyi xüsusi qeyd edib.

Bildirib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə Gürcüstandan olan soydaşlarımız da xüsusi qəhrəmanlıq göstəriblər. Onlardan 22 nəfəri şəhid olub.

Şəhidlərimizin xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayan diplomat bildirib ki, Azərbaycan dövləti bütün şəhid və qazi ailələrinə diqqət və qayğı göstərir.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi tapşırığı ilə şəhid ailələrinə daim qayğı göstərilir. Azərbaycan səfirliyinin bu gün şəhid E.Budaqovun məzarını ziyarət etməsi məhz bu qayğının bariz nümunəsidir.

Səfir deyib ki, şəhidlərimizin qanı yerdə qalmayıb, onların qisası alınıb.

Sonra səfirliyin əməkdaşları və ictimaiyyət nümayəndələri Bolnisi rayonunun Zol-Güvəc kəndində Qarabağ şəhidi Elşən Məmmədovun xatirəsi anılıb.

Mərasim iştirakçıları əvvəlcə şəhid E.Məmmədovun məzarını ziyarət edərək ruhuna dualar oxuyublar. Şəhidin ailəsinin evində davam etdirilən anım tədbirində Azərbaycan dövlətinin şəhid ailələrini daima diqqətdə saxladığı bildirilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı Elşən kimi oğullarla fəxr edir və qürur duyur. Şəhidlərimizin qanı yerdə qalmayıb və Azərbaycan Elşən kimi mərd oğulların sayəsində ərazi bütövlüyünü bərpa edib. Şəhidin ailəsi Azərbaycan dövlətinə, səfirliyə və hərbi attaşe aparatına onlara göstərilən ehtiram və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, E.Məmmədov 2015-ci ilin sentyabrın 25-də şəhid olub. Qarabağ şəhidi ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı və 2017-ci ilin mayında Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə təltif olunub. Şəhidin Zol-Güvəc kəndindəki ata evində xatirə guşəsi yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə