Şəkidə insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentlyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan alverinə qarşı mübarizə maarifləndirmə tədbirlərinin artırılması” layihəsi üzrə növbəti tədbirini Şəki şəhərində keçirib.

SİA xəbər verir ki, İ.S.Nakam adına mərkəzi kitabxanada keçirilən tədbirdə “Uşaq və gənclərin insan alveri cinayətkarlarından qorunması” mövzusu üzrə çıxışlar edilib, müzakirələr aparılıb.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Layihənin rəhbəri İlham Əliyev tədbirin mövzusu və layihənin məqsədi haqda məlumat verərək sözü Yeni Azərbaycan Partiyasının Şəki şəhər təşkilatının sədri Daşqın Mikayılova verib. Sədr mövzu ilə bağlı geniş çıxış edərək, insan alveri cinayətinə qarşı mübarizənin vacibliyindən danışıb.

Daşqın Mikayılov insan alverînə qarşı mübarizədə maariflənməni vacib olduğunu və belə tədbirlərin böyük əhəmiyyətini vurğulayıb. Qeyd etdi ki, xüsusən gənclərin bu istiqamətdə məlumatlandırılmasını ehtiyac var.

Layihə rəhbəri, HDİM-in rəhbəri İlham Əliyev insan alveri ilə bağlı beynəlxalq və yerli statistikanı nəzərə çatdırdı və baş verən faktların motivlərini açıqlayıb.

Layihə rəhbəri tədbir iştirakçılarına insan alverçilərinin metodları və üsulları haqda ətraflı məlumat verib, onları belə hallar haqda xəbərləri olanda müvafiq orqanlara və ictimai təşkilatlara məlumat verməyə çağırıb. Təşkilat rəhbəri bu sahədə dövlətin həyata keçirdiyi işləri və cəmiyyətin bu istiqamətdə öhdəsinə düşən vəzifələrdən danışıb.

İlham Əliyev qeyd edib ki, gənclər xaricə gedərkən valideynlər diqqətli olmalı, yeniyetmə və gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etməsinə çalışmalıdırlar.

Daha sonra Şəki şəhər 1 saylı orta ümumtəhsil məktəbinin direktoru Tahirə Cabbarova, tələbə İsmayıl İsmayılzadə, ictimai fəal Xatirə Nəsibova, həkim Zahid Abdulrəhmanov, müəllimə Minayə Rəsulova və digərləri çıxış edib.

Çıxışçılar bu mövzularda gənclərin maariflənməsinin və onları zəruri biliklərlə təchiz etməyin vacibliyini qeyd ediblər.

Tədbir fikir mübadiləsi və geniş müzakirələrlə başa çatıb.

Sonda iştirakçılara bukletlər və məlumat vərəqələri paylanıb.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə