Bildiyimiz kimi, artıq Azərbaycana payız fəsli daxil olur. Bəs, payızda qida rasionumuza nələri daxil etməli, yaxud uzaqlaşdırmalıyıq? SİA mövzu ilə bağlı qida üzrə mətəxəssis və dietoloqların fikirlərini öyrənib.

Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev: "Payız fəslində hava dəyişikliyi ilə əlaqədar xəstəliklərdən özümüzü qorumaq üçün sağlam və düzgün qidalanmamıza daha çox diqqət etməliyik. Bu aylarda yorğunluq, halsızlıq, soyuqdəymə kimi narahatlıqları tez-tez müşahidə edirik.
Bu kimi narahatlıq və xəstəliklərdən özümüzü qorumaq üçün ilk növbədə su qəbulu vacib şərtlərdən biridir. Yorğunluğun əsas səbəblərindən biri susuzluqdur. Unutmayaq ki, heç bir fiziki aktivlik olmasa da tənəffüs, tər, idrar və sidik vasitəsilə orqanizm su itirir. Bu baxımdan da gün ərzində su qəbulundan imtina etməməli və miqdarında qəbul etməliyik.
D vitamini çatışmazlığı yoluxucu xəstəliklərin metobolik sindromun meydana gəlməsinə zəmin hazırlayır. Bu vitamin sümük və diş sağlamlığı üçün vacib funksiyalara malikdir.
Balıq, yumurta sarısı, qaraciyər, süd və süd məhsulları d vitamini baxımından zəngindir. Həmçinin sağlam bir immunitet sisteminə malik olmaq üçün fiziki aktivlik də ən vacib şərtlərdəndir. Həftədə 3-4 dəfə 45 dəqiqə mütəmadi yürüş sağlamlıq üçün çox faydalıdır.
Mövsümünə görə meyvə və tərəvzləri qəbul etməyə diqqət etməliyik. Nə qədər çox çeşid meyvə və tərəvəz qəbul edərsək, o qədər də çox faydalı qida maddəsi, vitamin, mineral qəbul etmiş oluruq. Gün ərzində 3-5 porsiya meyvə və tərəvəz qəbul edə bilərik.
Orqanizmimizin ikinci beyini sayılan bağırsaqların yaxşı işləməsi və həzmi asanlaşdırmaq üçün də lifli qidaların qəbulunu artırmalıyıq.
Payız mövsümündə günlərin qısalması ilə əlaqədar yuxu hormonu olan melatonin azalmağa başlayır və bir çox insanlarda bu ruh düşkünlüyünə səbəb olur. Bu baxımdan yuxu rejiminə riayət etmək və paralel olaraq fiziki aktivlik müsbət təsir göstərir. Hər zaman olduğu kimi qızartma yeməklərdən uzaq durmağa çalışın. Həm çox yağ qəbuluna, həm də qızartmadan meydana gələn konserogen maddələrin orqanizmə daxil olmasına səbəb olur".

Dietoloq Ceyhunə Yusifova: "Addım-addım payız yaxınlaşdıqca mövsümün dəyişməsi ilə süfrələrimizə yeni tərəvəz və meyvələr daxil olur. Yay aylarında çox sevdiyimiz əlvan qidaları daha çox payız tonlarında torpaq tərəvəzləri və vitaminlərlə zəngin olan sitrus meyvələri əvəz edir. İmmunitet sistemimizi həmişəkindən daha davamlı saxlamağa ehtiyac duyduğumuz bu günlərdə mövsümi qidalanma da vacibdir.
Sağlamlığımız üçün ən yaxşısı təzə qidaları vaxtında istehlak etməkdir. Sentyabr ayının qidaları qidalanma baxımından da geniş çeşidə malikdir. Tünd rəngləri ilə antioksidant qaynağı olan zoğal, itburnu kimi bitkiləri tez-tez istehlak etməyi tövsiyə edirik. Antioksidantlar immunitet sistemini davamlı saxlamağın açarlarından biri olduğundan, onları mövsümi keçidlər zamanı saxlamaq vacibdir.
Sentyabr ayı Omeqa-3 sağlam yağlar baxımından da məhsuldar dövrdür. Qəlyanaltılarınıza təzə qoz və fındıq əlavə etmək yaxşı olardı. Yüksək protein tərkibi ilə vegetarianlar tərəfindən tez-tez istehlak edilən göbələk payızla birlikdə qızıl dövrünü də yaşayır. Təmizləmə və çeşidləmə çətinliyini azaltmaq üçün böyük miqdarda göbələkləri sote edib dondura bilərsiniz.
Bu ayla birlikdə havanın sərinliyini hiss etməyə başlayırıq. Xəstələnməmək üçün diqqətli olmağımız lazım olan bu keçid havasında C vitamini ilə zəngin olan sitrus meyvələri piştaxtadadır. Beləliklə, vitamin və minerallar baxımından güclü qidalanaraq immun sistemimizi davamlı saxlamaq mümkündür.
Oktyabr meyvələri: qreypfrut, limon, naringi, nar, armud, banan. Bizim səbirsizliklə gözlədiyimiz sitrus meyvələri vitamin ehtiyacımızı qarşılamaq üçün hazırdır. Səhər yeməyinizə qreypfrut əlavə edə və ya qəlyanaltılarınız üçün naringi seçib bu turş və faydalı meyvələrdən istifadə edə bilərsiniz. Kalium qaynağı olan banan da çox doyurucu bir meyvədir. O, həmişə qerkuleslə birlikdə səhər yeməyinə yaxşı alternativdir və həm də dadlı smuzinin əsasını təşkil edir. Siz həmçinin bir hissəsini doğrayıb dondurucuda saxlaya və smoothie qablarınız üçün hazır saxlaya bilərsiniz.
Zeytun yağlı yeməkləri sevənlər üçün oktyabr ayı tərəvəzlərin ləzzətindən zövq almaq vaxtıdır. Balqabaq, yerkökü, pırasa və gül kələmindən dadlı yeməklər hazırlaya bilərsiniz. Siz kələmlə laktofermentləşdirilmiş turşu hazırlamağa cəhd edə və təbii probiyotik mənbəyi əldə edə bilərsiniz. Yaşıllıqlar da bütün canlılığı ilə müxtəlif salatlar hazırlamaqda göz oxşayır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB