27 sentyabrla bağlı CƏMİYYƏTİN BAXIŞI - SORĞU

27 sentyabrla bağlı CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Artıq II Qarabağ müharibəsindən 2 il ötür. 27 sentyabr 2020-ci il Azərbaycan xalqının, Azərbaycan dövlətinin dönüm nöqtəsi oldu. Erməni silahlı qüvvələrinin sərhəd bölgələrimizə qarşı törətdiyi təxribatlara qarşı Azərbaycan Ordusu əks-hücuma keçərək düşməni cavab atəşi ilə susdurdu. Sonradan Azərbaycan Ordusu hücum əməliyyatı keçirərək 44 gün ərzində torpaqlarımızı düşmən tapdağından xilas etdi. II Qarabağ müharibəsi zamanı igid oğullarımız öz qanları ilə torpağımızı qorudu. SİA olaraq 27 sentyabr II Qarabağ müharibəsi ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrəndik:

Şəhər sakini Güloğlan Vəliyev: “Bu günlər Azərbyacan tarixinin demək olar ki, ən çətin, eynilə də ən qürurlu günlərindən biridir. Bu zaman xalq arasında olan böyük birliyin şahidi olduq. Neçə ildir ki, işğal altında qalan torpaqlarımızı geri qaytarmaq üçün əks-hücuma keçdik və 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdik. Allah şəhidlərimizə rəhmət eləsin. Onların hesabına bu gün biz alnı açıq gəzirik”.

Şəhər sakini Esmiralda Həsənli: “Bu tarix nəinki Azərbaycan tarixinə, həm də dünya tarixinə qızıl hərflərlə yazılmalıdır. Ali Baş komandan İlham Əliyevin və Azərbaycan Ordusunun gücü ilə biz öz torpaqlarımızı işğaldan azad etdik. Çox şəhid verdik, çox qan axdı. Çox analar övladsız qaldı. Allah hər birinə rəhmət eləsin. Onlar ən yüksək zirvəyə - şəhidlik zirvəsinə ucaldılar. İndi biz torpaqlarımızı azad etsək də, yenə erməni quldurları öz təxribatlarından əl çəkmirlər. Onlara yaxşı dərs vermək lazımdır ki, bir də belə təxribatlara əl ata bilməsinlər”.

Şəhər sakini Əlibaba Məlikov: “44 günlük Vətən müharibəsi, məhz 27 sentyabr tarixində başlayıb. Düşmən yenə öz təxribatçı əməllərindən əl çəkməyib və ordumuzun mövqelərini, günahsız sakinlərimizə raketlərlə hücum etmişlər. Neçə-neçə günahsız vətəndaşımız şəhid oldu. Amma biz Qələbə qazanaraq öz şəhidlərimizin qanını yerdə qoymadıq”.

Şəhər sakini İkram Qurbanov: “Xalq olaraq, millət olaraq çox ağır bir dönəmdən keçdik. Neçə il həsrətini gözlədiyimiz torpaqlarımız uğrunda müharibə başlamışdı. 2 il keçməsinə baxmayaraq hələ də biz tam olaraq öz vətənimizə geri qayıtmamışıq. Çünki hələ də ermənilərin dağıtdıqları yurdumuzu abadlaşdırmağa çalışırıq. Həmin əraziləri minalardan təmizləməyə çalışırıq”.

Şəhər sakini Elmira Ağayeva: “27 sentyabr tarixində ermənilər bölgələrimizə yenə atəş açmağa başladılar. Sərhəddə olan kəndlərimiz atəşə tutuldu. Bu təxribatları Azərbaycan dövləti cavab atəşi ilə susdurdu. Sonra müharibə başladı və 44 gün davam etdi. O günlərin hələ də fəsadlarını yaşayırıq. Allah dövlətimizi qorusun. Allah şəhidlərimizə rəhmət eləsin".

2-ci vətən müharibəsi iştirakçısı Çingiz Abdullayev: " 27 sentyabr 2-ci vətən müharibəsi zamanı cənab Prezidentin qismən səfərbərlik elan etməsindən sonra döyüş bölgəsinə getdim. Hadrut və Şuşa şəhərinin azad olunmasinda iştirak etmişəm. XTQ-nin tərkibində döyüşmüşəm. 2-ci Vətən müharibəsi xalqımızın 30 illik vətən həsrətinə son qoydu. Doğma Qarabağ və şərqi Zəngəzur əsl sahiblərinə qayıtdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazi qardaşlarıma şəfa versin .

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə