Mərhum jurnalist Tahir Abbaslının kitabının təqdimatı keçirilib

Sentyabrın 21-də Azərbaycan Mətbuat Şurasında ustad jurnalist, yazıçı-publisist Tahir Abbaslının (1948-2021) “Publisistik taktlar” kitabının təqdimatı keçirildi. “Mədəniyyət” qəzetinin layihəsi olan nəşr Tahir Abbaslının vəfatından sonra işıq üzü görüb.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Tahir Abbaslını peşəkar, kəsərli qələmi, özünəməxsus üslubu olan və ən əsası, peşəsinə hər zaman vicdanla yanaşan, mətbu sözün dəyərini uca tutan jurnalistlərdən biri kimi tanıdığını dedi. Qeyd etdi ki, mərhum jurnalist bu yüksək peşə keyfiyyətlərini uzun illər çalışdığı mətbuat orqanlarında, eləcə də Azərbaycan Radiosu və Televiziyasında fəaliyyəti dövründə sübut edib. Tahir Abbaslının jurnalist ömrünün son illəri "Mədəniyyət" qəzeti ilə bağlı olub. Təqdim olunan kitabda onun "Mədəniyyət" qəzetində çap olunmuş publisistik yazılarından seçmələr toplanıb. Əflatun Amaşov nəşrin ərsəyə gəlməsinə görə “Mədəniyyət” qəzetinin kollektivinə təşəkkürünü bildirdi.

“Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Əliyev təqdimat mərasiminin təşkilinə görə Mətbuat Şurasına təşəkkürünü bildirdi. Qeyd etdi ki, Tahir Abbaslının incəsənət, ədəbiyyat, tarixi-mədəni irslə bağlı yazıları bədii publisistikanın dəyərli nümunələridir. Nəşrdə onun “Mədəniyyət” qəzetində dərc olunmuş Azərbaycan söz-sənət irsi ünvanlı, böyük sevgi və yüksək publisistik dillə qələmə alınmış yazılarından 55 nümunə yer alıb. Kitabda yazılar “Musiqidə obrazlaşanlar”, “Söz ömrü qazananlar”, “Səhnə və ekran fədakarları”, “Rənglərin dünyasından” və “Tarixi yaddaş” adı ilə beş bölmədə təqdim edilir.

Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin rəhbəri, Əməkdar jurnalist Tahir Aydınoğlu uzun illər dost və həmkar olduğu Tahir Abbaslı haqqında fikirlərini bölüşdü. Bildirdi ki, onu həyat özü jurnalistikaya hazırlamışdı: “Tahiri ilk vaxtlarda tanıdan Azərbaycan Radiosundakı fəaliyyəti olub. Onu sonra televiziyaya dəvət etdilər. O, ömrü boyu sadə həyat yaşadı. Tahirin əziz xatirəsi həmkarlarının, onun qələminin dəyərini bilən oxucuların qəlbində yaşayacaq”.

Tədbirdə daha sonra AMEA Folklor İnstitutunun şöbə müdiri Əli Şamil, “Şuşa” qəzetinin redaktoru, tədqiqatçı Vasif Quliyev, diaspor fəalı Qənimət Səfərov, “Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi” İctimai Birliyinin sədri Mədət Məmmədov, şair-tərcüməçi Akif Əhmədgil, "Xalq qəzeti"nin əməkdaşı Namiq Əhmədov, "Mədəniyyət" qəzetinin baş redaktor müavini Fariz Yunisli, qəzetin əməkdaşı Həmidə Rüstəmova və başqaları çıxış edərək Tahir Abbaslının yüksək peşəkarlıq və insani keyfiyyətlərindən söz açdılar, xatirələrini bölüşdülər.

Bildirildi ki, Tahir Abbaslı bütün həyatı boyu sözlə nəfəs alıb. O, fəaliyyəti dövründə həmişə haqq-ədalətin carçısı olub, milli düşüncənin yorulmaz təbliğatçısı kimi tanınıb.

Qeyd edək ki, “Mədəniyyət” qəzetinin redaksiyası tərəfindən hazırlanan kitab “Mütərcim” nəşriyyatında işıq üzü görüb. Kitabın tərtibçisi Fariz Yunisli, redaktoru Vüqar Əliyev, dizayneri Cavid Sərxanbəyli, korrektoru Səbinə Əlibalaqızıdır.

Tahir Heydər oğlu Abbaslı 1948-ci il sentyabrın 25-də Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1958-ci ildə ailəsi Füzuli rayonunun Əhmədalılar kəndinə köçüb. O, hələ BDU-nun Jurnalistika fakültəsində təhsil alarkən “Bakı”-“Baku” axşam qəzetlərində çalışıb. 1977–1994-cü illərdə Azərbaycan Teleradio Verilişləri Komitəsində redaktor, böyük redaktor, şöbə müdiri və studiya direktoru vəzifələrində çalışıb, “Səhər” proqramının yaradıcılarından olub. 1994–2004-cü illərdə müxtəlif qəzetlərdə fəaliyyət göstərib. 2004-cü ildən taleyini “Mədəniyyət” qəzeti redaksiyası ilə bağlayıb, müxbir, şöbə müdiri, redaktor vəzifələrində çalışıb. Tahir Abbaslı həm də maraqlı hekayə və esselərin müəllifi idi. 2021-ci il iyulun 18-də vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə