Qəbirlər niyə hazır qazılıb saxlanılır? - ARAŞDIRMA

Qəbirlər niyə hazır qazılıb saxlanılır? - ARAŞDIRMA

Məzar, yaxud qəbir insanların ölərkən basdırıldığı yerdir. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq adlanır.

Qəbrin iki növu var: kurqan və küp qəbirlər.

Son günlər sıx-sıx müşahidə olunan hallardan biri hazır məzarların qazılıb saxlanması, yaxud satılmasıdır. Bundan əlavə qəbirstanlıqlarda hündür boylu, qara və ya müxtəlif rənglərlə bəzədilmiş, sahibinin böyük fotolarını özündə əks etdirən məzar daşlarına da rast gəlinir. Bəs islam dinində bu məsələlərə necə baxılır? SİA mövzu ilə bağlı sosioloq, din xadimi və ekspertlərin fikirlərini öyrənib.

Qeyd edək ki, 29.12.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişiklik edilərək qəbiristanlıqların saxlanılması, idarə olunması, köçürülməsi ilə bağlı bələdiyyələrə əlavə səlahiyyətlər verilmişdir. Həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli 1789 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” (bundan sonra – Qaydalar) təsdiq edilmişdir.

Qonşu qəbir yerlərinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir. Qəbiristanlığın müdiriyyəti rezervasiya olunmuş qəbir yeri və onu rezervasiya etmiş ər (arvad) barədə məlumatı (soyadı, adı, atasının adı və olduğu halda fərdi idenfikasiya nömrəsi) dəfnlərin qeydiyyat kitabına və dəfnlərin vahid dövlət reyestrə daxil etməlidir.

Qeyd: Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması ilə bağlı 2018-ci il 30 oktyabr tarixli 1307-VQD nömrəli Qanunla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə aşağıdakı məzmunda yeni maddə əlavə edilmişdir:

“Maddə 516-1. Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması
516-1.1. Dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə - vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

516-1.2. Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

516-1.3. Qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.”.

516-1.1-ci və 516-1.3-cü maddələrdə (qəbir yerlərinin rezervasiyası tələblərinin pozulmasına münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən, 516-1.2-ci maddələrdə nəzərdə tutulmuş inzibati xəta (dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına münasibətdə) haqqında işlər üzrə isə protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən tərtib olunur.

Hacı Mir Rahib Babayev: "İnsanın özünə öncədən qəbir qazdırması qadağan edilməsə də, bu düzgün də hesab edilmir. Çünki ölüm Allahın işidir, bəlkə elə yerdə öləcəksən, heç qazdırdığın qəbirdə dəfn olunmaq imkanın olmayacaq.
ۖ وما تدري نفس بأي أرض تموت ۚ Heç kəs nərədə öləcəyini bilməz! Allah-Təala Qurani-Kərimdə belə buyurur.

Mümkündür ki, İnsan yalnız ömrünün sonlarında, xəstə olduğu vaxt artıq hiss edəndə ki, ölümü yaxınlaşır, onda yer müəyyənləşdirə bilər.

Amma 10-15 il öncədən belə qəbir yerinin seçilməsi düzgün deyil. Bizlərdə isə qəbir yerləri alırlar və bu da qaydalara uyğun hesab edilmir”.

Hüquqşünas Fariz Əkbərov: "Bəzi İslam ölkələrində olduğu kimi, ölkəmizdə də öncədən qəbir yeri götürmək sanki bir adət halını alıb. İnsanlar hələ sağ ikən, heç bir xəstəliyə tutulmadıqları və nə zaman öləcəklərini bilmədikləri halda qəbir yeri götürüb, qazdırırlar.
Müsəlman adət ənənələrinə görə qəbir yerlərinin satılması doğru deyil. Bu gün Azərbaycanda qəbir yerlərinin satılması ilə bağlı qanun yoxdur. Ancaq digər hallarda qəbir yerinin öncədən tutulması qadağan deyil.

Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qəbiristanlıqların salınması və idarə olunması Qaydalarının 17.2-18.3 bəndlərində deyilir ki, qəbirləri ödənişsiz və əvvəlcədən rezevrasiya edilə bilər.

17.2 Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.

18.3. Qəbiristanlığın müdiriyyəti rezervasiya olunmuş qəbir yeri və onu rezervasiya etmiş ər (arvad) barədə məlumatı (soyadı, adı, atasının adı və olduğu halda fərdi idenfikasiya nömrəsi) dəfnlərin qeydiyyat kitabına və dəfnlərin vahid dövlət reyestrə daxil etməlidir".

Sosioloq Əhməd Qəşəmoğlu: "Qəbirlərin qazılıb hazır satılması təbii ki, düzgün addım deyil. Mənim öz tanışlarım arasında da 10 il bundan öncədən özünə qəbir yeri alanlar var. Qeyd edim ki, 10 il bundan öncə Xırdalan ərazisində qəbir yerlərini 3 minə satırdılar.

İslam dinində öncədən qəbir qazıb hazır saxlamaq düzgün dəyərləndirilmir. Bəs, bu hadisə nədən qaynaqlanır? Onun günahı insanlarda deyil. Əhalinin niyə belə davrandığının səbəbini axtarmaq lazımdır. Çünki ölkədə qəbirstanlıq məsələsi qanunsuz gəlir mənbəyinə çevrilib. Bu 30-40 ildir ki, belədir. Əgər qəbir yeri satılırsa, artıq o da daşınmaz əmlak hesab olunur.

Bizim xalq ailə qəbistanlığını sevir. Yəni, ailə üzvləri birlikdə dəfn olunsun. Bunları da nəzərə almaq lazımdır. Sadəcə bu sahədə bis sistem olmalıdır. İnsanlar arxeyin olmalıdır ki, öləndə havada qalmayacaqlar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə