Ailədaxili münaqişə, zorakılıq halları - ÇIXIŞ YOLU NƏDƏDİR? - ARAŞDIRMA

Ailədaxili münaqişə, zorakılıq halları - ÇIXIŞ YOLU NƏDƏDİR? - ARAŞDIRMA

Şizofreniya, paranoid pozğunluq, antisosyal və ya narsistik şəxsiyyət pozğunluqları, spirt və maddə istifadəsi kimi səbəblər məişət zorakılığının səbəbləri arasındadır. Zorakılıq ruhumuzu hər tərəfdən bürüyür. Ucadan danışmaqla özünü daha yaxşı ifadə edə biləcəyini düşünən bir cəmiyyət olmaq yolundayıq. Son zamanlar respublikada ailədaxili münaqişələr, zorakılıqlar daha da artıb. SİA mövzu ilə bağlı araşdırma aparıb.

Zorakılığın ilk toxumu, şübhəsiz ki, uşaqlıqda əkilir. Ailədə öyrənilən zorakı davranış filmlər, televiziya və kompüterləşdirilmiş zorakılıq oyunları ilə dəstəkləndikdə tədricən davranış formasına çevrilir. Elə bir gün yoxdur ki, cəmiyyətimizdə zorakılıq baş verməsin. Zorakılığın bir çox səbəbi var. Bunlardan ən çox yayılanı məişət zorakılığıdır.

Araşdırmalara görə, insan fiziki, zehni zərər, zədə və ya əlilliyə səbəb olan bütün davranışları zorakılıq olaraq təyin edilir. Məişət zorakılığı ilə bağlı hüquqi tənzimləmələr olsa da, bu adətən gizlədilir. Təəssüf ki, bununla bağlı hüquqi çatışmazlıqlar səbəbindən zorakılığın qarşısı alına bilmir. Bu mövzuda insanlar düşünür ki, “görəsən bu adam nə edib ki, xanımı və yaxud əri onu öldürüb?”. Bu düşüncəyə görə zorakılıq təbii bir hadisə kimi qəbul edilir.

Bəs, bunun qarşısını necə almaq olar?

Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, çox təəssüflər olsun ki, Azərbaycanda sosial sferalarda insanlar lazım olan işləri görmür: "Cəmiyyət çox həsasslaşıb və mürəkkəbləşib. Biz prosesləri boş buraxmışıq. Cəmiyyətdə və ailə daxilində gedən prosesləri təhlil aparmalı, sosial işçi qrupu yaradılmalıdır. Ümumiyyətlə ailə ilə bağlı siyasətimiz dəıyişməlidir. Mürəkkəbləşmiş cəmiyyətdə yeni yanaşmalar əldə etməliyik. Ailənin keçmişdə də indi də əbədi və əzəli funksiyaları var. Ailəınin əbədi və əzəli funksiyalarına iki insanın bir-birinə etibar etməsi, birlikdə yaşaması, bir-birilərinə dəstək olmalarını misal göstərə bilərik. Biz mürəkkəbləşən cəmiyyətdə ailənin əbədi və əzəli funksiyalarının yerinə yetirilməsi üçün çalışmalıyıq. Bununla bağlı aidiyyatı qurumlara, Milli Məclisin qanunverici orqanlarının üzərinə böyük öhdəlik düşür. Bu işlərin görülməsi üçün elmi təhlillər əsasınds hazırlanmış ciddi fəaliyyət proqramlarına ehtiyac var. Bu zaman məsələ Ailə, qadın və uşaq komitəsi üçün də asan olar. Əgər, hər hansı bir tədbir görülməsə, ildən-ilə ailədə daha xoşagəlməz hadisələr baş verə bilər".

Zorakılıq bütün dünyada yayılıb. Təəssüf ki, bu, bütün sosial-iqtisadi səviyyədə baş verir. Zorakılıq həyat yoldaşlarına, əsasən də bir yerdə qalan qadınlara, uşaqlara və qocalara qarşı edilir. Psixiatrik xəstələrdə aşkar edilən fiziki və cinsi zorakılığın 90%-i ailə üzvləri tərəfindən törədilir. Zorakılıqla bağlı araşdırma aparanlar və işçilər səbəb kimi üç əsas maddə üzərində dayanırlar. Bunları sadalasaq bioloji səbəblər, psixoloji səbəblər və sosial səbəblər ortaya çıxır. İstəklərini reallaşdırmaq, empatiyanın olmaması və məişət zorakılığının olduğu ailədə böyümək zorakılığın psixoloji səbəbləridir.

Psixoloq Aytən Ələkbərovanın sözlərinə görə, ailə inkişaf etdikcə təbii ki, ər və arvadın da münasibətləri də mürəkkəbləşir: "Onların bir-birilə uyuşmasında müxtəlif amillər rol oynayır. İndiki ailələrin çoxunda sevgisizlik var. Təbii ki, belə bir ailədə sevgi, hüzur olmur. Keçmiş ailələrdən fərqli olaraq, müasir ailələrdə psixoloji uyuşma önəmlidir. Təbii ki, burada emosiyalar daha üstün olduğuna görə, cinayət hadisələri də baş verir. İctimai həyatda baş verən dəyişikliklər ailə qurmaq üçün də şəxsi məcburiyyət meyllərini aradan qaldırır".

Psixoloq Vüsalə Əmiraslanova bildirib ki, Ailədaxili problemlər hər zaman olub: "Ailədaxili münaqişələrin çoxalmasının əsas səbəbləri maddi durum, karantin rejimi və müharibə şəraitinin də öz təsirləri var. Daha çox isə işsizlik, sosial vəziyyətin pis olması ailədaxili münaqişələrin yaranmasına səbəb olur. Ailədə cinayət hadisələrinin qarşısının alınması üçün yüksək şəkildə maarifləndirmə işləri aparılmalıdır. İnsanlar ailı qurarkın çox diqqət etməlidir. Qarşısındakı insanın psixoloji vəziyyətinin yaxşı olduğuna əmin olmalıdır"

Problem, münaqişə, zorakılıq bir-biri ilə sıx əlaqəli anlayışlardır. Ailə problemləri həyat yoldaşları, valideynlər və ya uşaqlar arasında baş verən problemlərdir. Ailədəki münaqişələr ya münasibətləri gücləndirir, ya da zəiflədir. Ailədaxili konfliktlər ailəni çökdürəcək səviyyəyə çatmayınca normaldır.

Əgər ailədə fikir ayrılıqlarına baxmayaraq problem yoxdursa, bu, ünsiyyətdə problem olduğunu göstərir. Belə olan halda ailədə hər kəs ya özünə qapanıb bir-biri ilə danışmır, ya da biri digərinin nəzarətinə keçərək təslimçilik bayrağını qaldırıb. Belə bir ailədə yalnız bir dam altında yaşayan fərdləri qeyd etmək olar.

Ailədə problemlərin həlli addımları:

1- Əvvəlcə problemin mənbəyinin nə olduğu müəyyən edilməlidir. Münaqişənin səbəbi üzərində düşünməli və fərdlər buna münasibət bildirməlidirlər.
2- Problem öyrənildikdən sonra ağla gələn həll təklifləri sıralanmalıdır. Bu həlləri yaxşı və ya pis, mümkün və ya mümkünsüz süzgəcdən keçirmədən olduğu kimi təqdim etmək lazımdır. Əhəmiyyətli olan problemin mümkün qədər çox həll yolunu sadalamaqdır.
3- Sonra hər bir həlli qiymətləndirərək, bu həllərin ailənin hər bir üzvü üçün nə demək olduğu müzakirə edilir. Bu mərhələdə insanların öz fikirlərini dürüst ifadə etməsi vacibdir.
4- Bütün həll yolları müzakirə edildikdən sonra ailənin bütün üzvlərini ən çox qane edəcək qərarın verilməsi lazımdır. Bu qərara gəldikdən sonra həllin mənası ailə üzvləri tərəfindən bir daha dilə gətirilir.

Ailədə problemlərin həlli üçün istifadə ediləcək üsullar:

• Hisslər və düşüncələr şişirdilmədən olduğu kimi təqdim edilməlidir.

• Məsələlər mövcud kontekstdə nəzərdən keçirilməli və köhnə fonlar işə salınmamalıdır. Məsləhət heç vaxt istifadə edilməməli, davranışlar konkret, ətraflı şəkildə müzakirə edilməlidir.

• Mühakimə olunmamalı, insanlar öz hiss və düşüncələrini ifadə edə bilməlidirlər.

• Mövzunun mahiyyəti və mövzuya aid olmayan detallar fərqləndirilməlidir.

• Problemin həllində aktiv dinləmədən istifadə edilməlidir.

• Müəyyən müddət ərzində yalnız bir münaqişə vurğulanmalı, münaqişəyə digər münaqişə məsələləri daxil edilməməlidir.

• Kiminsə haqlı olması əvəzinə, bütün tərəflərin razılaşa biləcəyi həll yoluna müraciət etmək lazımdır. Əslində bütün problemlərin həllinin əsası dialoqdur. Çünki dialoq etimad yaradır və etimad bizə hər şeydən çox lazımdır.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə