“Azərbaycan diplomatları bütün həqiqətləri beynəlxalq aləmə çatdırır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan diplomatları bütün həqiqətləri beynəlxalq aləmə çatdırır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Bildiyimiz kimi xarici işlər naziri BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-da olub. Səfər zamanı təbii ki, bir neçə ölkələrin rəhbər şəxslərilə görüşlər keçirildi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, nazir bölgədə münaqişə sonrası vəziyyət və Ermənistanın genişmiqyaslı təxribatları barədə ABŞ dövlət katibi Entoni Blinkeni məlumatlandırıb: “Azərbaycan tərəfindən atılan addımlar, delimitasiya prosesi, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı ətraflı məlumat təqdim edib ki, bu olduqca vacib amildir. Çünki qarşı tərəf hər zaman beynəlxalq aləmi yalnış məlumatlandırmağı yaxşı bacarıb. Mən düşünürəm ki, bu görüşlər, bu tip informasiyalandırma xarici siyasətin tərkib hissəsidir”.

Deputat sözlərinə belə davam edib: “Həmçinin, bildiyim qədər cənab nazir Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina siyasətindən və bu təhlükənin doğurduğu ağır fəsadlardan, Ermənistan tərəfindən 2021-ci il istehsalı minaların ərazilərimizdə yerləşdirilməsindən bəhs edib. Nazir görüşdə Ermənistanla sərhədlərin delimitasiyasının və bütün kommunikasiyaların açılmasının vacibliyini üçtərəfli bəyanatların müddəalarının tam yerinə yetirilməsinin, sülh sazişi imzalanmasının, bölgədə sabitlik və tərəqqinin təmin edilməsi üçün zəruri olduğunu da xüsusi olaraq qeyd edib.

Həmçinin Ermənistan və Azərbaycan dövlətlərinin xarici işlər nazirlərinin görüşləri də baş tutub. Görüş ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə olub. Ceyhun Bayramov görüşdə 13 sentyabr hadisələri barədə geniş çıxış edib. Dövlətimizin hər zaman sülh çağırışlarının cavabsız qalmasından, 2 il müddətdəki təxribatlardan söz açıb. Bu gün Azərbaycan diplomatları bütün həqiqətləri beynəlxalq aləmə çatdırır. Mən bu addımları yüksək qiymətləndirir və davamlılığının vacibliyini qeyd edirəm”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə