Sosial şəbəkə profilləri və ya səhifələri niyə bloklanır? - ARAŞDIRMA

Sosial şəbəkə profilləri və ya səhifələri niyə bloklanır? - ARAŞDIRMA

Bu gün həyatımızı sosial şəbəkələrsiz təsəvvür etmək çətindir. Milyonlarla insan onlardan təkcə əyləncə üçün deyil, həm də biznes, müştəri ilə birbaşa ünsiyyət, müxtəlif analitiklərin toplanması və hətta iş axtarmaq üçün fəal şəkildə istifadə edir. Amma son illər sosial şəbəkələr kibercinayətkarları daha çox cəlb edir. Fırıldaqçılar saxta hesablar yaradır və zərərli məzmunu görünməmiş miqyasda və görünməmiş səmərəliliklə yayırlar.

Ekspertlər son bir neçə ildə sosial şəbəkələrdən istifadə etməklə həyata keçirilən bir sıra son dərəcə təhlükəli və dağıdıcı kiberhücumların fəaliyyət göstərdiyini qeyd edirlər. Hesab oğurluğu və digər məqsədyönlü sosial media hücumlarının təsirini minimuma endirmək üçün ekspertlər etibar edə bilmədiyiniz istifadəçilərlə qarşılıqlı əlaqənizi məhdudlaşdırmağı tövsiyə edir.

Mütəxəssislər işçiləri, menecerləri və biznesləri sosial media təhdidlərindən qorumaq üçün avtomatlaşdırılmış sosial media mühafizəsi alətinin tətbiqini tövsiyə edir. Məlum məsələdir ki, son dönəmlər sosial şəbəkələrdə bir çox saytlara və profillərə qarşı təxribat işləri həyata keçirilir.

Sosial şəbəkələr və smartfonlar üzərindən yayılmasına cəhd edilən müharibə haqqında bütün təxribat xarakterli məlumatlar, şəkillər və videoyazılar bloklanmalıdır. Bir istifadəçinin bu məlumatı yaymaması, onun digər istifadəçiyə çatmasının qarşısını alır. Vətən müharibəsi şəraitində ən dürüst və yeganə məlumat mənbəyi rəsmi şəxslər və dövlət qurumlarıdır, bunu daima yadda saxlamalıyıq. Qeyri-rəsmi mənbələrdən yayılan məlumatlar ən yaxşı halda təsdiq olunmamış məlumat və ya şaiyə, ən pis halda isə təxribatdır.

Media eksperti, Əməkdar jurnalist Azər Həsrət SİA-ya açıqlamasında sosial mediaya olan hücumların xüsusən də o sahədə saxta profillərdən istifadənin, eyni zamanda çox məşhur insanların hesablarının ələ keçirilməsini hibrid müharibənin tərkib hissəsidir deyərək vurğulayıb. Yəni Azərbaycana qarşı həm ölkə içində, həm ölkə xaricində müəyyən qüvvələr və mərkəzlər dayanmadan müharibə aparırlar.

Təbiidir ki, bu müharibədə özəlliklə də informasiya yaymaq üçün ən əlverişli platformalar olan sosial media hesablarının ələ keçirilməsi öndə gəlir. Təsəvvür edin ki, məşhur bir adamın hesabını ələ keçirirlər və həmin hesabdan yalan informasiya yayıb ictimai rəyi çaşdırırlar. Belə hallar çox olub və nəticə etibarilə ölkədə ilkin rəyi çaşdırıb sonra onu düzəltmək üçün müəyyən vaxt tələb olunur. Bütün bunların arxasında o qüvvələr dayanır ki, onlar Azərbaycanın bir dövlət kimi inkişaf etməsini, ayaqda durmasını, sabitliyini istəmirlər. Ölkəmizin Ermənistan üzərində olan qələbəni hələ də həzm edə bilmir, ümumiyyətlə Azərbaycanı bir türk dövləti olaraq bu qədər irəli getməsini qəbullana bilmirlər. Ona görə də onlar bu cür sosial media cinayətlərini həyata keçirməyə çalışırlar. Azərbaycanın ictimai rəyini qarmaqarışıq etmək, əlavə olaraq saxta profillərlə azərbaycanlının ad-soyadı altında daxili ictimai rəyə təsir etmək üçün manipulyasiyalar etməklə məşğuldur. Bu profillərin arxasında gizlənərək bir qayda olaraq vətəndaşların ürəyi yanırmış kimi göstərir və bizim bəzi dayaz düşüncəli insanlarımız buna aldanır, onların arxasınca gedirlər. Son günlər baş verən qarşıdurma zamanı Ermənistan Azərbaycana təcavüz etməyə cəhd etdi, Azərbaycan ordusu da əlbəttə ki, o təcavüzün cavabını verməyə məcbur oldu və bu yöndə bizim şəhidlərimiz də oldu, amma vətən torpağının bütünlüyünü qoruya bildik. Mediada ermənilərin tərəfdarları olan adamlar saxta profillərdə gizlənmiş azərbaycanlı kimi özünü təqdim edərək "niyə bu şəhidləri verdik", "niyə kasıbların uşaqları öldü" şüarı altında xalqın yumşaq yerindən vurmağa çalışırlar.

Deyilən problemlə bağlı bizim təkliflərimiz illər öncə də olub, indi də təkrarlayıram. Azərbaycan daxilində sosial media istifadəçiləri ilə bağlı çəki düzən verilməlidir. Bunu illər öncə ABŞ-da da müzakirə ediblər. Düşünürəm ki, ən ağlabatan və məntiqli yol budur. Sosial mediada qeydiyyat şəxsiyyət vəsiqəsi ilə olsun. Onda artıq saxta səhifələri açmaq problemi yaranacaq. Mütləq adamın əlində şəxsiyyət vəsiqəsi olmalıdır ki, o vəsiqə ilə sosial mediada hesab açsın və o hesabdan da paylaşımlar etsin.

"Hər sosial şəbəkənin öz qayda-qanunları var, əgər siz o qaydaları pozsaz profilinizi bağlaya bilərlər. Bu qaydalar başqa insanların bəzi video platformalarda videoların paylaşması qadağasıdır". Bu sözləri texnobloger Tariyel Ağazadə deyib.

Paylaşılan video irqi və ya ayrı-seçkilik, cinsi ayrı-seçkilik və yaxud insanlara qarşı nifrət oyadan bir mövzudursa dərhal həmin profil blok olunur.

Profilinizin bağlanmasının ikinci səbəbi şikayət olunmasıdır. Hər hansı bir postu paylaşırsız və buna görə insanlar sizin səhifənizi, postunuzu şikayət edəndə profil müvəqqəti və ya həmişəlik bağlanır. Bunun qarşısını almaq üçün həmin sosial şəbəkələrə ilk qeydiyyat zamanı sizdən təsdiqlənməsi tələb olunan qayda qanunlara əməl etməyinizdir. Həmin qaydaları diqqətlə oxuyun və təsdiq edin, təsdiq etmiş andan bəri həmin qaydalar pozulanda profil avtomatik olaraq bloklanır. Bloklanmış profillərin geri qaytarılması daha çox "instaqram", "facebook" və digər platformalar üzərindən həyata keçirilir və şikayətinizlə bağlı geri dönüş edirlər. Onlar şikayətinizə baxır əgərləri siz orada arqument verə bilsəz ki, mənim profilim dondurulub və dayandırmamalıdır, bunu sübut etdiyiniz halda profil geri qaytarılır.

İT mütəxəssisi Fərhad Mirəliyev isə qeyd edir. Sosial şəbəkələrdə qeyri-normativ leksika, söyüş, nifrət nitqi, açıq müharibə çağırışları etmək olmaz, düşmən tərəfi alçaltmaq sizin profilə qarşı məhdudiyyətlərə gətirib çıxaracaq

- Düşmənin itkiləri olan video görüntüləri şəxsi profillərdə yaymaq və tirajlamaq olmaz.

- Provakasiya, hadisələrin şişirdilməsi, sensassiya xətrinə yalan və uydurma məzmunlar yayılmamalıdır.

- Mükəmməl şəkildə təbliğat aparan adamı belə kütləvi şəkildə, profil sahibi məni təhqir edir, narahat edir, paylaşımlarında olan fikirlər çox zərərlidir və s. kimi qeyd edərək şikayət edə, bir müddətlik profilin məhdudiyyət tətbiqinə nail ola bilərlər.

Əgər profilə məhdudiyyət tətbiq edilibsə, o zaman texniki dəstək xidmətinə müraciət edilməlidir. Məhdudiyyətin səbəbi araşdırılmalı və mümkün hallarda bu səbəb aradan qaldırılmalıdır. Bundan sonra sizdən doğrulama məlumatları tələb oluna bilər.

Bəs belə hallar hüquqi cəhətdən necə tənzimlənir?

Vəkillər kollegiyasının üzvü, vəkil Anar Ramazanov bu barədə SİA-ya danışıb.

Ümumiyyətlə bu kimi əməllər, yəni digər şəxsin müəyyən bir media qurumlarının saytlara, istənilən dövlət qurumlarına və ya hüquqi şəxslərin şəxsi işgüzar saytlarına qanunsuz olaraq daxilolma həmin sistemlərin mühafizəçi tədbirlərini pozmaqla müəyyən qanundan kənar addım ataraq informasiyaların çıxarılması, ötürülməsi, satılması Azərbaycan Respublikasının Cinayət Qanunvericiliyində məsuliyyət yaradır. Və Cinayət Məcəlləsinin 30 cür fəsli ilə kibercinayətlər hesab olunur. Cinayət Məcəlləsinin bu əməllərlə bağlı bir neçə maddəsi nəzərdə tutulur. Bunlar 271, 272, 273, 273-1-2-ci maddələrdir. Bu kimi əməllər mütəmadi olaraq işin araşdırılması nəticəsində müəyyən olunursa ki, burada kompüter sisteminə qanunsuz daxilolma mövcuddur, orada saxlanan məlumatlara qanunsuz daxil olmaqla Cinayət Məcəlləsinin 271.1 ci maddəsi ilə cəzalandırılır və 2000 manatdan 4000 manata qədər cərimə etməklə və ya 2 ilə qədər azadlıqdan məhrum etməklə cəzanlandırla bilir. Əgər kompüterə daxil olaraq məlumatlar qanunsuz ələ keçirmək niyyəti ilə edilərsə bu zaman Cinayət Məcəlləsinin 272 maddəsi ilə məsuliyyət yaranır və 272.1-ci maddəsinə görə 2000-dən 4000-ə qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə