"Reinkarnasiya dini baxımdan ruhun yenidən qayıtması və hər hansı bir cana daxil olmasıdır. İslam dini bunu qəbul etmir. Əksinə, rədd və təkzib edir. İslam dinində hər bir dünyaya gəlmiş, yaranmışı Allah-təala əvvəlcə ruhu, sonra cismi yaradır, ruhu da o cismə daxil edir".
Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Hacı Fuad Nurullayev deyib.
Onun sözlərinə görə, Allah hər bir yaratdığı üçün qabaqcadan ruhu yaradır və cismi yaratdıqca o ruhu ona daxil edir:"Allah qüdrət sahibidir. Bu bütpərəstlərdə, xristian əqidəsində müəyyən formada mövcuddur. Xüsusən də Hindistanda olan dinlərdə bu var".
Hacı Fuad Nurullayev sözlərinə belə davam edib: "Ruhlar barəsində elm Allah yanındadır. Müqəddəs Quran bunu təsdiq edir və Allah öz sonuncu Peyğəmbərinə Quranda xitab edir ki, əgər ruhlar barəsində səndən soruşsalar, denən onun elminin azacığını mən bilirəm. Bəli, ruhların elmi Allahın yanındadır. Kimsə ruhların hara getdiyini, nə hərəkət etdiyini, hansı məqamda qərar tutduğunu bilməz. Bu elm Allahın yanında olduğu üçün Allah öz peyğəmbərinə deyib ki, əgər səndən soruşsalar denən onun elminin azacığını mənə verib. Peyğəmbərimizin dediyi məntiq və məna odur ki, ruhlar azad ola, müəyyən yerləri gəzə, müəyyən varlıqlarla, müəyyən insanlarla təmas tuta bilirlər. Bir sözlə yəni, ruhların elmi, hərəkəti, ruhlarla bağlı olan nələr varsa hamısı Allahın elmində, Allahın yanındadır. İslam dinində birmənalı ruhun qayıdaraq yenidən hər hansı canlıya daxil olması yoxdur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə