"Uşağa ölüm xəbəri vermək, travmatik durum olsa da, eyni zamanda, təbii haldır. Uşağa bu xəbər verildikdə, ölümün pis hadisə kimi yox, təbii hal olduğunu anlaya biləcəyi dildə izah edilməlidir. Məsələn: Bir çiçəyin böyüməsi, saralıb solması ilə oxşadaraq ölümü zehinsəl olaraq simvolizə edib qorxusunu əngəlləyə bilərsiniz". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.
Onun sözlərinə görə, uşağın cənazə olan yerdə iştirakı arzuolunmazdır: "Bu çətin dönəmi yaşayan insanların hədsiz ağlamaları, özlərinə xətər yetirmələri uşağın gözü önündə olmamalıdır".
Psixoloq sözlərinə belə davam edib: "Yas dönəmində uşağın yanında heç nə olmamış kimi davranmaq doğru qərar deyil. Ölüm xəbərini uşağa çox sevdiyi və güvəndiyi biri verməlidir. Bu dönəmində uşağın ailə üzvləri və qohumlardan eyni sözləri eşitməsi şərtdir.
Ətrafdakı insanların başqa fikir söyləməsi uşağın güvənini sarsıda bilər və eyni zamanda, hər hansı bir travma yarana bilər. Bu səbəbdən uşağın yanında mütəmadi olaraq ölümlə bağlı suallarını cavablayacaq şəxs olmalıdır. Ölümə qarşı hər uşağın reaksiyası fərqli ola bilər. Bu xəbərdən sonra uşağın bəzi davranışlarını adi qarşılayıb verdiyi bütün sualları cavablayın.
Uşaq bu dönəmdə sizi həyəcanlı görsə çox pis hadisənin baş verdiyinə və güvəndə olmadığına inanacaq. Ölüm xəbərindən sonra uşağa duyğularını istədiyi şəkildə ifadə etməsinə icazə verin. Mümkün qədər söhbət edin, danışmaq istəmədiyi halda danışması üçün basqı etməyin. Ailədə yas müddətində uşağın özünü güvəndə və rahat hiss edə biləcəyi yerdə qalması məsləhətdir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB