Boy uzadan məhsullar hansılardır? - DİQQƏT! - DİETOLOQ AYDINLIQ GƏTİRDİ

“İlin bu fəslində ən çox alınan tərəvəzlərdən biri də yerköküdür. Vitamin və minerallarla zəngin olan yerkökü bir çox orqanlar üçün faydalıdır, xəstəliklərlə mübarizədə böyük rola sahibdir. Təbii vitamin mənbəyi sayılan yerkökü qaraciyərə çox müsbət təsir göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında dietoloq Sevinc Həsənzadə bildirib.

Dietoloqun sözlərinə görə, insan bədəninin ən həssas orqanlarından olan qaraciyərin lazımsız maddələrdən təmizlənməsində yerkökünün böyük faydası olduğu bildirilir: “Yerkökü bağırsaq qurdlarını saldığı üçün dünyanın bir çox ölkələrində uşaqlara mütəmadi şəkildə verilən tərəvəzlərdən biridir. Bu tərəvəzin tərkibində olan vitamin və maddələr uşaqlarda boy artımına kömək edir. Tez-tez yerkökü yeyən insanların immunitet sistemi güclü olur deyə onlar az xəstələnirlər.

Yerkökü dişlərin və sümüklərin güclənməsində faydalıdır. Bu tərəvəz qəbizliyi aradan qaldırır, bağırsağın fəaliyyətini yaxşılaşdırır. Artıq alimlər də etiraf edirlər ki, insanlarda cırlaşma gedir. Boyumuz getdikcə qısalır. Mütəxəssislər uzun boy üçün uşaqlıqdan düzgün qidalanmalı olduğumuzu bildirirlər. Burada əsas iş valideynlərin öhdəsinə düşür. Valideynlər uşaqlarına sağlam həyat tərzi aşılamalı, boyun uzanmasına kömək edən basketbol, voleybol kimi idman növləri ilə məşğul olmağa təşviq etməlidirlər. Bununla yanaşı, boy uzadan ən təsirli qidaları uşaqların qida menyusuna daxil etmək lazımdır. Bəs onlar hansı qidalardır? Tərkibində kalsium mineralı olan bütün qidalar boyu uzadır. D vitamini isə uzun və sağlam sümüklər üçün önəmlidir. Bu iki məsləhəti diqqətdə saxlayanların övladları daha uzunboylu olacaqlar. Həmçinin, 18 yaşına kimi uşaqlar aşağıdakı qidalardan bol-bol yeyib-içməlidirlər:

Süd və süd məhsulları

Kalsium ən çox süd və süd məhsullarında olur. Süd, qatıq, ayran, pendir yetkinlik dövründəki uşaqların sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir.

Küncüt

Bu məhsul da kalsiumla zəngindir. Onu qatıqla yemək məsləhətdir.

Çərəzlər

Fındıq, fıstıq, badam və qoz kimi çərəzlər uşaqların sevdikləri qidalardandır. Bu çərəzləri qarışdırıb gündə bir ovuc yesinlər. Balıq və yumurta da uşaqların boyunun uzun olmasına kömək edir.

Hər bir insanda boy hormunu var. Bu hormon gecə saat 11 və 1 raddələrində ifraz olunur ki, buna görə də uşaqlar saat 9 və 10 raddələrində yatmalıdırlar. Əgər bu saat uşaqlar yatmasa həmin hormon ifraz olunmur. Uşaqlarda 18-20 yaş arasında boy uzanması baş verir. Lakin buna baxmayaraq boy uzanması genetik faktorlara söykənir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə