Zəhmətsiz bal yeməzlər - MÜSAHİBƏ

Zəhmətsiz bal yeməzlər - MÜSAHİBƏ

SOCAR Kompleks Qazma İşləri Tresti operativ istehsalat xidməti növbə rəisi, böyük mühəndis Natiq Qarayevin SİA-ya verdiyi müsahibəsini təqdim edirik.

- Harada təhsil almısınız?

- 1990-1995-ci illərdə Azərbaycan Texniki Universitetində təhsil almışam.

- Neftçiliyə ilk addımlarınız haradan başlayıb?

- 1999-cu ildə Cilov adasında qazmaçı köməkçisi kimi işə başlamışam. Yəni, ilk dəfə fəhlə olmuş və pillə-pillə qalxmışam. Necə deyərlər, “Zəhmətsiz bal yeməzlər”. 2002-ci ildən müxtəlif qazma idarələrində mühəndis kimi çalışıram. Hal-hazırda qazma tresində növbə rəisiyəm. İşim qazmada texnoloji proseslərə nəzarət etmək və quyuların qazılması layihəsini uğurla başa çatdırmaqdır.

- Sizdə neftçiliyə maraq necə yaranıb?

- Həmişə dənizin dərinliklərində quyu qazmaq istəmişəm. Dəniz həyatı çətin də olsa, mənim üçün maraqlıdır.

- Davamçınız var? Olsun istəyərsiz?

- Xeyr, yoxdur. Heç istəmərəm də. Dəniz həyatı çətindir.

- 2015-ci ildə əsən güclü külək səbəbilə Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusu qırıldı, nəticədə boru kəməri zədələndi və şiddətli yanğın baş verdi. Bu hadisə unudulmamış - bir il sonra “Azneft” İstehsalat Birliyinin Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakada uçdu. Nəticədə onlarla neftçi itkin düşdü. Uzunmüddətli axtarışlardan sonra bəzilərinin meyitləri tapılaraq, ailələrinə təhvil verildi. Həyatını Neft Daşlarına həsr etmiş şəxslərin təhlükəsizliyinin qorunması neftçi kimi sizi qane edirmi?

- Ümumiyyətlə, bu sahə böyük fədakarlıq tələb edir. Güclü küləklərdə isə bədbəxt hadisə riski olur. 10-cu özüldə bizim işçilərdən də həyatını itirənlər olmuşdu. Biz həmişə onları yad edirik. Düşünürəm ki, bu qəzadan həyatını itirən neftçilərin ailələri və yaxınlarına SOCAR rəhbərliyi tərəfindən daima qayğı göstərilib və göstərilməkdə də davam edir. Allah onlara rəhmət etsin.

İşçilərin təhlükəsizliyi daim diqqətdə saxlanılır. Bütün təhlükəsizlik tədbirlərinə rəhbərlik tərəfindən nəzarət olunur.

- Əvvəlki dövrlə indiki dövrün neftçilərini müqayisə edəndə hansı qənaətə gəlirsiniz? Ümumiyyətlə, o vaxt neftçilərin şəraiti necə idi?

- Keçmişdə neftçilərin iş şəraiti çox ağır olub. İndi ən müasir avadanlıqlardan istifadə olunur. Əmək şəraiti də asanlaşıb. Bu gün neftçilərin həm iş, həm də həyat şəraiti çox yaxşı səviyyədədir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə