Vaxtı keçmiş məhsulları satan satıcını nələr gözləyir? - DİQQƏT!
Saxlama müddəti ötmüş ərzaq məhsullarının insan orqanizminə zərəri böyükdür. Müvafiq dövlət strukturları tərəfindən vaxtaşırı keyfiyyətsiz ərzaq məhsullarının sıradan çıxarılması üçün addımlar atılsa da, hələ də məsələni tam həll etmək mümkün olmayıb.
Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi SİA-nın sorğusuna cavab olaraq bildirib ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir: “Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Həmçinin istifadə müddəti bitmiş, istehlak üçün yararsız məhsulların ticarət şəbəkələrində vətəndaşlarımıza təqdim edilməsi yol verilməzdir. Bununla bağlı AQTA tərəfindən mütəmadi olaraq yoxlama-nəzarət tədbirləri, monitorinqlər aparılır və aşkarlanan uyğunsuzlular ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülür.
Əgər vətəndaşların satış müəssisələrində satılan qida məshulları ilə bağlı şübhələri olarsa, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər.
Eyni zamanda sahibkarlar da istifadə müddəti bitmiş, istehlak üçün yararsız məhsulların satış şəbəkələrindən geri çağırılması və məhv edilməsi təşəbbüsü ilə çıxış etməlidirlər. Bu, şirkətin qida təhlükəsizliyinin təmin olunması, eləcə də istehlakçıların etibarını qazanması baxımından böyük əhəmiyyət daşıyır. Biz bir daha əhalinin sağlamlığının qorunması üçün bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin hər birini istifadə müddəti bitmiş, istehlaka yararsız məhsulların satış şəbəkələrindən geri çağırılması və məhv edilməsində maraqlı olmağa çağırırıq və istehlakçı etimadını qazanmaq üçün bu nümunədən geniş istifadəni tövsiyə edirik”.
Vəkil Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi istehlakçıların hüquqlarının pozulması ilə bağlı inzibati xətaları və onlara görə təyin edilən cəzaları nəzərdə tutur.
Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 447.02-ci maddəsinə əsasən, saxlama müddəti ötmüş məhsulların satılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir: "Bu maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB