Mina problemi San-Fransiskoda nüfuzlu tədbirdə müzakirə edilib - FOTOLAR

Mina problemi San-Fransiskoda nüfuzlu tədbirdə müzakirə edilib - FOTOLAR

ABŞ-da səfərdə olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev “Sülhün Kökləri” vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Heidi Kühnün dəvəti ilə Napa vadisində keçirilən 25 illik yubiley tədbirində iştirak edib. BAMF-dan SİA-ya bildiriblər ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən qonaqlar, iş adamları, donorlar, rəsmi və tanınmış şəxslər iştirak ediblər.

İştirakçılar əvvəlcə Napa vadisində rəmzi olaraq ağac əkiblər.

Sonra Yountville İcma Mərkəzində “Sülhün Kökləri – Minalı ərazilərdən üzümlüklərə”, “Bir qadının dünyanı qorumaq missiyası” adlı yubiley tədbiri start götürüb.

Tədbirdə Azərbaycanın işğaldan azad olunan ərazilərində mina problemi müzakirə olunub.

U.Mirzəyev Azərbaycanın mina problemi və onun həllinin sürətlənməsinə dəstək göstərilməsi ilə bağlı qonaqlarla, rəsmi şəxslərlə müzakirələr aparıb. Həmin şəxslər gələcəkdə bir sıra layihələri həyata keçirmək üçün Azərbaycana səfər etməkdə maraqlı olduqlarını bildiriblər.

Sonra Heidi Kühn Azərbaycan səfərindən söz açıb, ölkəmiz, onun mübarizə apardığı problemlər barədə məlumat verib, Qarabağa səfərindən xüsusilə bəhs edib.

Tədbirin fəxri qonaqları arasında olan U.Mirzəyev 25 ildir sülh üçün çalışan “Sülhün Kökləri” təşkilatını yubiley münasibətilə BAMF adından təbrik edib. O bildirib ki, Heidi Kuhnün bütün dünyada minaların zərərsizləşdirilməsi, minalanmış sahələrin üzüm və meyvə bağlarına çevirmək təşəbbüsü milyonlarla insanın həyatına təsir edib. Müharibə zonalarında sülh toxumları səpmək məqsədilə başladılan “Minalardan üzümlüklərə” ideyası bu gün dünyanın müxtəlif ölkələrində uğurla həyata keçirilir.

BAMF prezidenti Heidi Kuhnün Azərbaycana səfərindən və Qarabağda icrasına başlanılacaq “Minalardan üzümlüklərə” layihəsinin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, bu ilin martında “Sülhün Kökləri” toxumu Azərbaycanda da səpildi. Beynəlxalq Qadınlar Günü ərəfəsində Heidi Kühn minalanan Qarabağa - Azərbaycana səfər etdi. Səfər çərçivəsində Bakıda “Sülhün Kökləri” ilə əməkdaşlıq memorandumu imzalandı. Söz verdik ki, Qarabağı yenidən çiçəklənən bağa çevirmək üçün əlimizdən gələni edəcəyik. Artıq Qarabağda “Minalardan üzümlüklərə” təşəbbüsünün icrasına başlayırıq. Biz sülhün köklərini müharibədən zərər çəkmiş daha bir ölkədə də cücərdiyini görəcəyik.

Sonra Umud Mirzəyev BAMF tərəfindən Heidi Kühnün Azərbaycan dilinə tərcümə olunmuş “Canlanan Torpaq” kitabını və 25 illik yubileylə bağlı təbrik plaketini müəllifə təqdim edib.

H.Kühnün kitabın tərcüməsindən və nəfis tərtibatda çap olunmasından məmnunluğunu bildirib, nəşrin azərbaycanlı oxucular tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edib.

U.Mirzəyev, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun təbrik məktubunu da xanım Heidi Kühnə çatdırıb.

Tədbirdə H.Kuhnün Bakı səfərinə həsr olunan videoçarx da nümayiş etdirilib.

İki gün davam edən tədbirin sonunda Heidi Kühn Qarabağda reallaşacaq layihə və Azərbaycanda olarkən hazırlanmış videoçarxla bağlı sosial şəbəkə hesablarından paylaşım edib.

Xatırladaq ki, BAMF prezidentinin sentyabrın 7-də başlayan səfəri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə