Ermənistanı təxribata kim və nə vadar edir? – DEPUTATIN CAVABI

Ermənistanı təxribata kim və nə vadar edir? – DEPUTATIN CAVABI

“Ermənistan bütün beynəlxalq norma və prinsiplərə qarşı çıxır. Regionda təhlükəsizliyə ciddi ziyan vurur. Bu ölkənin siyasətində mənimsəmə, işğal, özününküləşdirmə üstünlük təşkil edir. Maraqlı məqamlardan biri də budur ki, SSRİ-nin dağılmasından sonra Ermənistan əldə etdiyi müstəqillikdən ruhlanaraq ona miras qalan torpaqları genişləndirmək üçün Azərbaycan torpaqlarını işğal etməsi, soydaşlarımızı öz yurdlarından zorla qovması,dinc sakinlərə qarşı soyqırımı törətməsi, azərbaycanlıların mülklərinə yiyələnməsi, varını-yoxunu talaması, ümimiyyətlə, hərbi cinayətlər törətməsi dünya birliyi tərəfində sükutla qarşılandı. Ədalət prinsipləri pozuldu və ilk dəfə lüğətimizə “ikili standartlar” ifadəsi daxil oldu. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə, suveren hüquqlarımızı, ərazi bütövlüyümüzü pozmasına beynəlxalq təşkilatlar tərəfindən adekvat reaksiya verilmədi”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili Fransanın təklifi ilə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağrılmasına da münasibət bildirib: “Azərbaycan Ermənistanın ölkəmizə qarşı təcavüzü barədə əsaslı dəlilləri BMT də daxil olmaqla bütün beynəlxalq təşkilatlara göndərib. BMT-də təmsil olunan ölkələrin əksəriyyəti, xüsusən də Təhlükəsizlik Şurasının 5 daimi üzvü, o cümlədən Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, erməni silahlı qüvvələrinin torpaqlarımızı işğal etməsi barədə 4 qətnamə qəbul edilib. Amma ötən 30 il ərzində 822, 853, 874, və 884 saylı qətnamələrin heç biri həyata keçirilməyib, Ermənistandan bu sənəddən irəli gələn addımların atılmasını tələb etməyib. Sual olunur, niyə. Bəlkə, Ermənistanın BMT TŞ qarşısında hansısa imtiyazı var, yoxsa beynəlxalq qanunların, qətnamələrin İrəvana heç bir dəxli yoxdur? Əgər belədirsə, onda sentyabr ayının 12-dən 13-ə keçən gecə Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı BMT TŞ-nin fövqəladə iclasının çağrılmasına nə ad vermək olar? Yenədəmi ikili standartlar, yenədəmi ayrıseçkilik? Azərbaycan Ermənistana sülh müqaviləsi təklif edib, 5 baza prinsipinin beynəlxalq normalara uyğun olduğu da göz qabağındadır. Avropa İttifaqı da, Rusiya da bu sənəddən razıdır. Ermənistan məğlub ölkədir, amma bütün şərtləri nəzərə alaraq Azərbaycan bu ölkə ilə sülh müqaviləsi imzalamaq, sərhədlərin demilitasiya prosesini həyata keçirmək üçün imkanlar yaradır. Amma əvəzində başqa mənzərə ilə rastlaşırıq, Ermənistan sərhəddə təxribatlar törədir, danışıqlar masasında pozuculuğa əl atır, separatçılığa yeni nəfəs verir, bir sözlə Azərbaycanla sülh şəraitində, normal qonşuluq prinsipləri əsasında yaşamaqdan imtina edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə