“E-qanun” mobil tətbiqinin təqdimat mərasimi keçirilib - YENİLƏNİB - FOTOLAR

“E-qanun” mobil tətbiqinin təqdimat mərasimi keçirilib - YENİLƏNİB - FOTOLAR

Hüquqi aktların vahid elektron bazası “E-qanun” mobil tətbiqinin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının, Ombudsman Aparatının, Baş Prokurorluğun, Vəkillər Kollegiyasının, Mediasiya Şurasının məsul şəxsləri, Milli Məclisin deputatları, hakimlər, sahibkar və bank sektorunun təmsilçiləri, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və hüquqşünas tələbələr, ictimaiyyətin, vətəndaş cəmiyyəti institutlarının və çoxsaylı KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, bu gün milli qanunvericiliyimiz çox dinamik işləyir: “Əhalinin hüquqi biliklərinin açılması məqsədilə Hüquqi aktların vahid elektron bazası istifadəyə verilib. 10 minlərlə normativ sənədi özündı ehtiva edən Hüquqi aktların vahid elektron bazası “E-qanun.az” saytı interaktiv şəkildə fəaliyyət göstərir. Bu tətbiq vasitəsilə artıq vətəndaşlarımız bir çox notariat hərəkətlərini reallaşdıra bilir. “E-qanun” mobil tətbiqi normativ sənədlərin əldə olunması əhalinin hüquqi cəhətdən maarifləndirilməsi məqsədilə yaradılıb. Ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, o cümlədən elektron ədliyyə xidmətlərinin sayının artırılması, bu xidmətlərdə yeni innovativ metodların və onların mobil versiyalarının tətbiqi üzrə ardıcıl tədbirlər davam etdirilir: “Son illər istifadəyə verilmiş və vətəndaş məmnunluğu doğuran “Mobil notariat”, “Mobil məhkəmə” tətbiqləri ədliyyə və məhkəmə fəaliyyətinə əlçatanlığı təmin edir, onların vasitəsilə aidiyyəti əməliyyatlar məsafədən daha asan, rahat və çevik həyata keçirilir.

Bu sahədə tədbirlərin davamı olaraq əhalinin normativ aktlar barədə məlumatlandırılması, onların mətni ilə rahatlıqla tanış olması, hüquqi biliklərinin artırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən on minlərlə normativ sənədi ehtiva edən “Hüquqi aktların vahid elektron bazası” (E-qanun.az) aparılır. Daim yenilənən və interaktiv rejimdə fəaliyyət göstərən elektron resursdan il ərzində bəhrələnənlərin sayı yüz minlərlə ölçülür.

Daha sonra nazirliyin Qanunvericilik baş idarəsinin Hüquqi Aktların Dövlət Reyestri şöbəsinin rəisi Mahir Yolçuyev və İnformasiya kommunikasiya texnologiyaları idarəsini rəisi Ağakərim Səmədzadə çıxış ediblər. Tədbirdə “E-qanun.az informasiya resursunun mahiyyəti, əhəmiyyəti və interaktiv rejimdə fəaliyyəti, onun mobil tətbiqinin funksional imkanları barədə məlumat verilib. Mobil tətbiq barədə təqdimat nümayiş etdirilib. Qeyd olunub ki, elektron qanunvericilik bazasının kompakt versiyası olan “E-qanun” mobil tətbiqi günün istənilən saatında məkana bağlı olmadan kiçik cihazlarda normativ aktlara çevik və daha rahat şəkildə əlçatanlığı təmin edir. “E-qanun” mobil tətbiqi həm “İOS”, həm də “Android” platforması üçün uyğundur. Mobil tətbiq “Google Play” və “Applestore” elektron mağazalarından ödəniş tələb edilmədən yüklənilir və heç bir istifadəçi adı və şifrə tələb olunmadan istifadə edilir. Sadə və asan olmaqla intuitiv formada idarə olunan bu tətbiqdə “E-qanun.az” saytında olan bütün bölmələr və funksiyalar var.

Digər çıxış edənlər vətəndaşların əlçatanlığının asanlaşdırılması məqsədilə qanunvericilik aktlarını mobil qaydada dərhal əldə etməyə imkan verən mobil “E-qanun” tətbiqinin istifadəyə verilməsini yüksək qiymətləndiriblər.

Sonra sual-cavab sessiyası keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə