Çox düşündüm, çox daşındım, qərara gəldim ki, əziz oxucularıma bir məktub yazım, özü də yağlı məktub olsun ki, dediklərimi hafizələrinə həkk etsin ki, bəlkə bu bəlalardan xilas ola bilərlər.
Hə, bu yağlı məktub elə ən başlıca qidamız olan yağla bağlıdır. Nənəm həmişə deyərdi ki, yağ evin “ana həddidir”. Yəqin mənası belə olarmış ki, yağ evin ən vacib qidasıdır. Allah rəhmət eləsin nənələrimizə. Yazıq arvadlar bu sözü o zaman deyirdilər ki, hər gün qollarını çırmayıb inəklərdən litrlərlə süd sağırdılar. Həmin südü nehrədə çalxayıb yağ düzəldirdilər. Bir kiloqram yağ əldə etmək üçün günlərlə əmək sərf edirdilər. Yadımdadır, hələ yayda aran kəndlərinin camaatı dağ kəndlərinə yaylağa gedirdilər ki, mal-heyvan bol otdan yeyib yaxşı süd versin ki, onlar da qışın yağını tuta bilsinlər.
O vaxtlar nənələrimiz payız girəndə yaylaqdan bidon-bidon yağla qayıdırdı. İl uzunu da yeməyi həmin yağla bişirir, yeyir, Allahın verdiyi ömrü sağlam yaşayıb, vaxtları çatanda dünyaya əlvida deyirdilər.
Hə, gəlim çıxım mətləbə. İndi market-mağazalarımızda satılan kərə yağlarından bəhs edən bir məktubu sizə yazmaqda məqsədim bu oldu ki, birdən elə bilərsiniz ki, həmin ana-nənələrimizin nehrə yağları kimi keyfiyyətlidir ha, o yağlar. Dedim birdən düşünərsiniz ki, yəqin o vaxtlardan xeyli zaman keçib, süd ucuzlaşıb, ya nə isə baş verib ki, bu kərə yağları belə ucuz qiymətə başa gəlir.
Baxırsan indi marketlərdə onlarla çeşiddə kərə yağı var. Kimin də hansına gücü çatırsa, ondan alıb aparır evinə, həm səhər yeməyində, həm də yeməklərin hazırlanmasında istifadə edir. Məsələn kərə yağı var ki, 5 kiloqramı 30-35 manat, yağ var ki, 1 kiloqramı 15-20 manat, yağ var ki, 1 kiloqramı 7-8 manatdır.
Hə, kərə yağının hazırlanmasını o rəhmətliklərdən görməsəydik, elə hamımız marketlərdə ən ucuz kərə yağlarından alardıq ki, artıq qalan pulumuzu da digər dərdi-sərimizə verək. Axı görmüşük. Ya gözlərimiz gərək kor olardı ki, nənələrimizin bir kilo yağdan yana nə qədər süd sərf etdiyini, əmək verdiyini görməzdik, ya da Allahın işidir də, göz verib, biz də baxıb görmüşük. Görmüşük ki, nənələr 2-3 günün südünü yığıb nehrəyə, sonralar isə xüsusi yağ maşınına töküb yağı necə istehsal edirdilər. Təxminən 20 litr süd lazım idi ki, bir kiloqram yağ əldə edə biləsən.
O zamanlar süd də ucuz idi, ona görə yağ da bir o qədər baha deyildi. İndi marketlərdə kərə yağı alarkən, əziz bu məktubu oxuyanlar, birinci qiymətinə baxın. Baxdınızmı? Südün qiymətini də yaxşı bilirsiniz. Tez hamınızın əlində olan telefonun kalkulyator bölümünə girin, həmin yağın 1 kiloqramının qiymətini bölün bir kiloqram südün qiymətinə. Onda görəcəksiniz ki, həmin yağ neçə litr süddən hazırlanıb. Və bir də mənim bu məktubda nənələrimizdən gətirdiyim misalı yadınıza salın. Görəcəksiniz ki, nənələrimiz bir kiloqram yağ üçün 20, bəzi hallarda 25 litr süd götürürdülərsə, sizin almaq istədiyiniz yağın qiyməti cəmi 5-6 litr südün qiyməti edir, ya etmir.
Hə, elə bu an anlayacaqsınız ki, evinizə yemək üçün yox, hansısa bir tikiş maşınını, ya avtomobilinizi yağlamaq üçün texniki yağ alırsınız. Bax bunu əsla unutmayın. Yox, əgər bu məktuba məhəl qoymayıb söylədiklərimə məna verməsəniz, buyurun, o marketlər, o da siz, o da çeşid-çeşid yağlar. Alın, ala bildikcə. Kiloqramı təxminən 5, 8, 12, 13, 15, manata o qədər çeşidli yağ var ki. Hamısı da guya kərə yağlarıdır.
Alın aparın, səhər də deyin, yeməklərinizi də bişirin. Amma bir məsələni unutmayın ki, bu yağlar sizi o dünyaya o qədər yaxınlaşdırır ki... Hər gün ölümə bir addım, bir addım, sabahı da o dünyada. Odur ki, bu məktubu yaxşı-yaxşı oxuyun, yazıqsınız, canınızın qədrini bilin və sizə təklif olunan yağların hamısından almaqda aldanmayın. Ən azından qiyməti 15 manat olan kərə yağına ümid etmək olar.
Bilirəm, həm də yaxşı bilirəm ki, deyəcəksiniz ki, bu qiymətə nə qədər yağ alaq ki bizi maaşdan-maaşa görsün. Hə, onun da cavabı var. Ucuz alıb çox yeməkdənsə, bahalı alıb az yeyin. Amma bilin ki, yediyiniz sizi ölümə aparmır, Allahın verdiyi ömrü yaşamağa aparır.
Yağlı məktubum bu qədər. Sizləri istəməsəydim, heç bu məktubu da yazmazdım. Lakin istəyirəm ki, yazıram. Ümidvaram ki, sözlərimi dinləyəcək və “ana hədd” olan bu qidadan elə ana-nənələrimizin qaydasınca istifadə edəcəksiniz. İnşallah.
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB