İdeya yaratmaq, yeni fikir irəli sürmək bəziləri üçün vərdişdir. Çevikliklə birdən çox insanın bir araya gəlib kollektiv beyinlə fikirlər çıxarmasına zəmin hazırlamaq və vəziyyəti asanlaşdırmaq üçün bir çox texnika var. Yaradıcılıq insanların müəyyən mənada yeni və dəyərli ideyalar irəli sürmək bacarığıdır. Yaradıcılıq insan beyninin sağ lobu tərəfindən əlaqələndirilən bir xüsusiyyətdir və şəxslərə irsi yolla ötürülə bilər.
Gənclərin yeni ideyaları hansı səviyyədə inkişaf edib? İdeyalar və layihələrlə bağlı hansı problemlər var? İdeyalar özlərini doğruldurmu? SİA mövzu ilə bağlı təşkilat sədrlərinin fikirlərini öyrənib.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov: “Ümumilikdə yeni ideyaların inkişafı birbaşa olaraq ideya müəllifinin şəxsi inkişafı ilə də bağlıdır. Çünki XXI əsrdə baş verən texnoloji inqilablar, rəqəmsallaşma, innovativ yanaşmalar, yeni həllər özü-özlüyündə şəxslərin fərqli inkişaf məsələsini də ön plana çıxarıb. Birbaşa olaraq belə bir nəticə əmələ gəlib ki, yeni dövrlə ayaqlaşmaq, yeni ideyalar, layihələr və yanaşmalarla bağlı daha mütəşəkkil fikirlər irəli sürmək üçün şəxsi inkişafa daha çox diqqət etmək ehtiyacı yaranır. Ona görə də gənclər yeni ideyalar və layihələrində birbaşa olaraq innovativ yanaşmanı və həmin dövrün tələblərini düşünməlidir.
Burada layihə, ideya, yəni hər hansı bir təklifin fərqi yoxdur. İstənilən sahədə ola bilər. Əsas məsələ həmin sahədə bu yenilikci innovativ yanaşmanı irəli sürə bilməkdir.
Təbii ki, müsbət hal ondan ibarətdir ki, biz hər il gənclərimizdən gələn maraqlı təklif və ideyaların şahidi oluruq. Amma bu istiqamətdə görülə biləsi işlər hələ çoxdur.
Azərbaycan reallığında sahib olduğumuz milli və mənəvi dəyərlər prinsipi ilə yenilikçi yanaşmanı çox uğurlu layihə və ideyalara tətbiq etmək olar. Gənclər öz üzərlərində daha çox işləsələr, ortaya qoyduqları ideya və layihələr də çox uğurlu alınar”.
NAYORA-nın sədri Azər Əliyev: “Gənclər dedikdə ilk ağlımıza gələn enerji, təşəbbüskarlıq, yaradıcılıq və yenilikçilikdir. Yaxın keçmişə nəzər salsaq, həmçinin gənclər sahəsində fəaliyyət göstərdiyim illər ərzində qarşılaşdığım təcrübələr mənə onu göstərir ki, milli dəyərlərini mənimsəmiş, vətənpərvərlik ideyası əsasında tərbiyə olunmuş – yetişmiş gənclik inkişaf mənbəyidir. Əminlikə vurğulaya bilərəm ki, bu gün gənclərimiz dəyişən dünyanın tələblərinə uyğun layihə ideyaları formalaşdırır və icra edirlər. Danılmaz faktdır ki, gənclərin hər tərəfli inkişafı baxımından gənclər təşkilatlarının rolu əhəmiyyətlidir. Artıq elə bir dövürdür ki, gənclər istədikləri informasiyanı və resurs dəstəyini bir addımda əldə edə bilirlər və informasiya bu dövr üçün bir gəncin sahib ola biləcəyi ən güclü kapital, xəzinədir. Gənclərin qəbul etdiyi informasiyanı, beyinlərində formalaşdırdıqları ideyanı layihə formasına transformasiya edilməsində və reallaşdırılmasında gənclər təşkilatlarının üzərinə müəyyən öhdəliklər düşür.
Gəncliyin özünün hər zaman diqqətə və qayğıya, onların inkişafına göstərilən dəstəyə ehtiyacı var. Və bu baxımdan düşünürəm ki, dövlətimiz daima bunun fərqindədir, gənclərə qayğı və diqqət göstəririlir, onların ideya və layihələri dəstəklənir. Müasir dövrdə isə cəmiyyətin gələcək inkişafı baxımından gəncliyin rolu daha aktuallaşıb. Çünki biz indi biliklərin, innovasiyaların, yeni texnologiyaların getdikcə daha çox hakim olduğu dünyada yaşayırıq. Bu yenilikləri asanlıqla mənimsəyib cəmiyyət həyatına gətirənlər isə, texnologiyalar dövründə doğulub böyüyən, bu mühitə aid olan gənclərdir. Hal-hazırda gənclərin inkişafı, ideyalarını reallaşdırmaları üçün bir çox dövlət qurumları, gənclərlə işləyən müəssisələr və gənclər təşkilatları tərəfindən müxtəlif imkanlar yaradılır. Bunun nəticəsi olaraq minlərlə gənc öz ideyasını reallaşdırmaq şansı əldə edir.
Gənclərlə keçirdiyimiz görüşlərə əsasən qeyd edə bilərəm ki, layihələrlə bağlı gəncləri narahat edən əsas məsələlərdən biri ilk növbədə ideyalarını layihəyə çevirməkdə çətinlik çəkmələri və gələcəkdə layihəni arzu etdikləri qədər uğurlu icra edə bilməyəcəklərindən ehtiyyat etmələridir. Biz də NAYORA olaraq üzv və tərəfdaş gənclər təşkilatları ilə birlikdə bu istiqamətdə müxtəlif fəaliyyətlər, proqramlar və layihələr həyata keçiririk. Bunlara nümunə olaraq “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” və “Gənclərlə iş Üzrə Menecerlərin İnkişaf Proqramı” kimi layihələri göstərə bilərəm. Bu layihələrin icrasında əsas məqsədimiz gənclər təşkilatlarının potensiallarının inkişaf etdirilməsi ilə onların çətiri ətrafında topalaşan gənclərin müvafiq sahədə bilik və bacarıqlarının artırılmasına dəstək olmaqdır.
Qeyd etdiyim kimi ideyaların özlərini doğrultmaması üçün hər hansı ciddi səbəb olduğunu düşünmürəm. Düzdür, çətinliklər hər zaman olur, amma çətinliyi uğura çevirmək bir çox hallarda bizim öz əlimizdə olur. Qısa nümunə olaraq NAYORA-nın Odlar Yurdu Gənclər İctimai Birliyi ilə 8 günlük layihələrin yazılması və idarə olunması təlimlərini nümunə göstərə bilərəm ki, həmin təlimlərdən sonra biz bir neçə gəncimizin fərqdi qrantlara müraciət etdiklərinin şahidi olduq və müxtəlif layihələri icra etdiklərini öyrəndik. Bu ancaq fərdi gənclər üçün deyil üzv gənclər təşkilatlarımız üçün də keçərlidir. Bildiyimiz kimi mütəmadi olaraq istər yerli, istərsə də beynəlxalq donorlar tərəfindən qrantlar elan olunur. Biz mütəmadi olaraq təşkilatların bununla bağlı məlumatlandırılması üçün infossesiyalar və konsultativ görüşlər edirik, sevindirici haldır ki, bunun sayəsində qrant müsabiqələrinə uğurlu nəticəsi olan təşkilatların sayı kifayət qədərdir. Hətta vurğulamaq istərdim ki, NAYORA tərkibində xüsusi könüllülük proqramı fəaliyyət göstərir və könüllülərimiz öz təşəbbüsləri ilə müxtəlif təlimçilər, ekspertler dəvət edərək gənclər üçün öyrədəci və faydalı mühit yaradaraq layihələrin yazılması, idarə edilməsi və digər istiqamətlərdə praktiki təlimlərdə iştirak edirlər. Hal-hazırda bir qrup könüllümüzün beynəlxalq donora müraciət etdiyi layihə uğurlu hesab edilib və layihə Bakıda, eyni zamanda regionlarda icrasını icrasını davam etdirirlər.
Odur ki, əziz gənclər heç vaxt öz ideyalarınızı reallaşdırmaqdan çəkinməyin, unutmayın ki, böyük uğurlara yol kiçik nəaliyyətlərdən keçir”.

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı: “Bizim gənclərimiz ağlını, ruhunu, istedadını, bacarığını, bu günü və gələcəyini öz ölkəsinə xidmət etməyi təməl hədəf görən, mənsubu olduğu millətin dəyərləri ilə zirehlənmiş bir vətənpərvərlik abidəsidir. Onlar hər bir sahədə yaxşı şəkildə yetişir. Milli-mənəvi dəyərlərimizə, tariximizə, mədəniyyətimizə, adət-ənənələrimizə sahib çıxır. Ailəsinə və mənsubu olduğu millətimizə layiq olmaq üçün durmadan çalışır.
Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara əsasən, ölkəmizdə əhalinin say nisbətində gənclərin payı 22,4 % təşkil edir. Bu özlüyündə böyük bir kütləni əhatə edir və bizim xalq olaraq gələcəyə əmin addımlarla irəliləməyimizə əsas verir. Daha yaxşı Azərbaycan üçün gənclərin inkişafına diqqət ümummilli maraqlara xidmət edir. Azərbaycanın gənclər siyasəti artıq 30 ilə yaxındır ki, uğurla davam etdirilir. Gənclərin ehtiyaclarının müəyyən olunması, problemlərinin həlli, onların layiqli vətəndaş, rəqabət qabiliyyətli kadr kimi yetişməsi, məşğullğunun təmin olunması, fiziki sağlam olması, milli-mənəvi dəyərlərimizin yaşadılması, ölkəmizin, millətimizin daim kənar təsirlərdən qorunması üçün vətənpərvər ruhda yetişdirilməsi fonunda müntəzəm və nəzərə çarpacaq dərəcədə işlər görülür. Gənclər və xaricdə təhsil sahəsində dövlət proqramlarının müntəzəm təşkili gənclərin hərtərəfli inkişafına xidmət edən, onlara yeni qapılar, imkanlar açmaqla gələcəyimizə hesablanmış addımlardır.
Gənclərin sosial həyatda aktiv olması, cəmiyyətin üzləşdiyi problemlərin həlli üçün sahib olduqları mütərəqqi ideyaların dəstəklənməsi, istedadlı gənclərin üzə çıxarılması və tanıdılması onlara olan diqqət və qayğının təzahürüdür. Bu gün cəmiyyətimizdə kifayət qədər istedadlı, yaradıcı, savadlı, bacarıqlı gənclərimiz var. Nə qədər yad səslənsə də, xüsusilə regionlardakı gənclərimizdə bu qabiliyyətləri daha çox görürük. Düzdür, bəzi hallarda ideyalar tam yetişməmiş, qeyri-formal təhsil prinsiplərindən məlumatsız, icra mexanizmi hesablanmamış şəkildə təqdim edilir. Ancaq bunları da qaydaya salmaq mümkündür. Cəmiyyətin inkişafı, sosial problemlərin həlli, inklüziv mühitin yaradılması üçün təkcə dövlət qurumları deyil, vətəndaş cəmiyyəti, özəl və biznes müəssisələri, eləcə də, media mənsublarının birgə çalışması lazımdır.
Bu gün ən parlaq ideyalar, yaradıcı təkliflər, layihələrdə gənclərimizin rolu daha böyükdür. Ona görə də, gənclərin bu sahədə dəstəklənməsi, öz ideyalarını, layihələrini həyata keçirməsi üçün münbit şəraitin yaradılması vacib məsələdir. Ölkə başçısının gənclərə xüsusi diqqət və qayğısı olaraq, “Azərbaycan Gəncliyi” Dövlət Proqramlarının qəbul olunması, regionlarda gənclər evlərinin karyera və inkişaf mərkəzlərinin fəaliyyətə başlaması, Azərbaycan Gənclər Fondunun təsis olunması, onun daxilində gənclərin fərdi təşəbbüslərinin dəstəklənməsi imkanları yaradılıb. İndiyə kimi minlərlə gənc yaradıcı ideyalarını məhz bu imkan vasitəsi ilə reallaşdırıb, digər həmyaşıdlarının, yaşadığı ərazinin və insanların faydalanmasına səbəb olub. Sosial təşəbbüslər daha yaxşı cəmiyyətin qurulmasının bazasında dayanır.
Bu gün bizim gənclərimiz yaradıcılıqdan biznesə, sosial problemlərdən ətraf mühit məsələlərinə, texnologiyadan asudə vaxtın səmərəli təşkilinə kimi bir çox istiqamətlərdə ideya və təkliflərlə qaynayır. Onları dinləmək, ideyalarını qəbul edib, yön vermək və dəstəkləmək lazımdır. Xüsusilə gənclərlə işləyən qurumlar, ali təhsil müəssisələri, şirkətlər (koorporativ sosial məsuliyyət çərçivəsində) gənclərin dəstəklənməsi, onların yardıcı ideya və təkliflərinin həyata keçirilməsində rol alması çox önəmlidir. “İrəli” İctimai Birliyi olaraq biz də gənclərimizin sosial təşəbbüslərinin dəstəklənməsi istiqamətində durmadan çalışırıq. Bunun nəticəsidir ki, ireli.az saytında (http://ireli.az/idea-banki) “İdeya Bankı” yaradılıb. Gənclər həyata keçirmək istədikləri təklifi həmin banka yerləşdirir və komandamız tərəfindən baxılaraq, istiqamətlər verilməklə təşəbbüsü həyata keçirmək üçün lazımi tədbirlər görülür. Onu da qeyd edək ki, indiyə kimi yüzlərlə gəncin təşəbbüsləri tərəfimizdən dəstəklənib. Bəzi ideyalar olur ki, onların təşkili praktiki olaraq ya mümkünsüz, ya da bizim tərəfimizdən icra edilə bilməyən təşəbbüslər kateqoriyasına düşür. O halda biz həmin gəncləri aidiyyatı qurumlara yönləndiririk.
Fürsətdən istifadə edərək gənclərimizi sosial aktiv, təşəbbüskar olmağa, “İrəli”yə qoşulmağa çağırıram”.
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova: “Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf, inteqrasiya onlarla birlikdədir və yaxşı gələcək gənclərin əlindədir.
Azərbaycanda gənclər sahəsində Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət gənclərin potensiallarının kəşf olunmasına, inkişaf mühitinin təmin edilməsinə şərait yaradır. Həmin siyasətin nəticəsidir ki, bu gün gənclər yeni ideyalar, layihələr, fikirlər irəli sürür. Bu ideyalar təhsil, texnologiya, aqrar və s. sahələrdə fərqli inkişaf mərhələlərində olur. Təbii haldır ki, bəziləri özünü doğrultsa da, bəzilərində bu alınmır. Gənclərin ideya və təşəbbüslərinin sayı artdıqca bəzən tələb-təklif çoxluğu, məlumatsızlıq, ideyanın düzgün dəyərləndirilməməsi kimi problemlər yaşana bilir. Məhz buna görə yaradılan yeni imkanlar artıq Respublikanın şəhər və ya rayonundan asılı olmayan hər bir gənc üçün əlçatan olmasına və ideyanın dəstəklənməsinə xüsusi önəm verilir.
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi də gənclərin dayanıqlı inkişafı, yeni təşəbbüslərinin, ideyalarının dəstəklənməsi üçün “Youth Inc. Sahibkarlıq Proqramı çərçivəsində bir sıra layihələr həyata keçirir və hal-hazırda davam edir. Bu layihələr həm iştirakçı sayına, həm əhatə dairəsinə, həm də öz funksionallığına görə bu günə kimi həyata keçən bir çox layihələrdən fərqlənir. “DVC” Dövlət Gənclər siyasətini dəstəkləyən və bu siyasətin inkişafında yaxından iştirak edən gənclər təşkilatıdır. Təşkilatımız ölkədə dövlətin gənclər siyasəti, ölkə gənclərinin sağlam inkişafı üçün çalışır”.
Gənclər Fondu gənclərlə iş şobəsinin müdiri Seymur Hüseynov: “Qeyd edək ki, cari ildə Azərbaycan Respublikasının Gənclər Fondu gənclər tərəfindən çoxdan gözlənilən “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi həyata keçirilir. Müsabiqə çərçivəsində gənclər üçün yeni layihə istiqamətləri və yeni qiymətləndirmə mexanizmi tətbiq olunur. Yeni formatda keçirilən müsabiqə çərçivəsində ölkənin əksər şəhər və rayonlarından olan gənclər tərəfindən 500-ə yaxın layihə təqdim olunub və hazırda həmin layihələrin qiymətləndirilməsi həyata keçirilir. Sevindiricidir ki, ildən ilə region gənclərinin təklif etdiyi layihələrin say nisbəti də artmaqdadır.
Təqdim olunan layihələr arasında yenilikçi, innovativ layihələrin sayı çoxdur. Gənclərimiz layihələrini təqdim edəndə məhz öz maraq sahələrinə və cəmiyyət üçün aktual olan mövzulara üstünlük verir. Ənənəvi olaraq layihələr arasında vətənpərvərlik və dövlətçilik istiqamətində olan, azərbaycan dilinin, mədəniyyətinin, adət-ənənələrimizin müasir üsullarla təbliğini nəzərə tutan layihələr xüsusi seçilir.
Qısa zamanda Fond tərəfindən qısa siyahıya salınmış ən maraqlı layihələr təqdim etmiş gənclər Fərdi Layihələr Qrant Müsabiqəsinin Qiymətləndirmə Forumuna dəvət olunacaq. Forum ərzində gənclər öz layihələrini ekspertlərin qarşısında təqdim və müdafiə edəcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB