Niyə yerli icra orqanları rəzalətdən xəbər tutmayıblar? - SORĞU
Bildiyimiz kimi ötən gün Bakıda 13 yaşlı qız ana olub. Bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yaymışdı. Məlum olub ki, qız təcavüz nəticəsində hamilə qalıb. Ümumiyyətlə, bu halların qarşısı necə alınmalıdır? Belə vəhşiliklər törədən insanlar necə cəzalandırılmalıdır? Hadisə 13 yaşlı körpənin psixologiyasına necə təsir edib? SİA mövzu ilə bağlı ekspert və psixoloqun fikirlərini öyrənib.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: "13 yaşlı qızın ana olması dəhşətli haldır. İnsan bu hadisəni şərh etməyə söz tapmır.
Təəssüf ki, azyaşlı qızların ailə qurması ilə bağlı problem yenidən aktuallaşıb. Bu həm də bir çox dövlət qurumlarının məsələyə laqeyd yanaşması ilə bağlıdır. 13 yaşlı qız hamiləlik dövründə aylarla məktəbə gəlməyəndə onun müəllimləri, sinif rəhbəri, həmin təhsil müəssisəsinin direktoru hara baxırdı? Niyə məktəbdə bir nəfər şagirdin harda olması ilə maraqlanmayıb? Niyə yerli icra orqanları bu rəzalətdən vaxtında xəbər tutmayıblar? Məncə dövlət qurumları arasındakı rabitə itib. Uşaq və yeniyetmələrin, gənclərin təlim-tərbiyəsinə görə cavabdeh olan qurumlar koordinasiyalı şəkildə işləyə bilmirlər.
Bu məsələdə əsas məsuliyyət valideynlərin üzərinə düşür. Bəzi ailələrdə valideynlər qız uşaqlarına evdəki artıq əşya kimi baxır və tezliklə ondan canını qutarmaq istəyir. Qızların “ikinci sort” övlad olması onların yaxşı təhsil almasına mane olur. Bu cür problemləri aradan qaldırmağın başlıca yolu qız uşaqlarına qarşı ögey münasibətə son qoymaqdır. Təkcə dövlət deyil, həm də cəmiyyət hər bir uşağın, ələlxüsus da qız uşaqlarının yaxşı təhsil almasının qeydinə qalmalıdır".
Psixoloq Leyla Əli: "Uşaq və təcavüz sözünü işlətmək çox ağrılıdır. Təcavüz hansı halda baş verir, başqa mövzudur. Hadisə baş verib və çıxış yolu tapmaq lazımdır. Bundan əvvəl isə çıxış yolunu axtaranları düzgün seçmək önəmlidir. Yeniyetmənin həyatında dərin iz buraxan hadisədən çıxış yolunu tapan şəxslər xüsusi hallarla işləyən peşəkar mütəxəssislər qrupudur.
Baş verən hadisəni araşdırarkən ilk növbədə valideynin övladı ilə münasibətləri araşdırılmalıdır. Yayılan xəbərlərdə həm də onu oxuyuruq ki, valideyn övladından imtina edib. Fakt öz təsdiqini taparsa, cəmiyyətə böyük mesaj verilmiş olur. Bu isə SOS siqnalıdır. Suallar çoxalır. Yeniyetmədən imtina etmək, hadisədə onu günahlandırmaq buna oxşar hadisələrin qarşısını almır. Övladından imtina etmək istəyən valideynə (fakt təsdiqini taparsa) sual vermək lazımdır.
Özü övladının yerində olsaydı ondan imtina edilməsini istəyərdi?
Əksər hallarda yeniyetmə qızlarla bu tip hadisələr onların istəyi ilə baş vermir və təcrübə göstərir ki, belə hadisələr və hərəkətlər ikinci dərəcəli qohum və qonşular tərəfindən edilir. Təcavüzə məruz qalan uşaq və yeniyetmənin susma səbəbi isə təcavüz edən şəxsin müxtəlif formalarda onu şantaj etməsidir.
"Çıxış yolu nədədir?" sualını verməzdən əvvəl bu kimi hadisələrə səbəb olan hallara nəzər yetirmək lazımdır. Baş vermiş hadisə nəticədir. Səbəb yox. Səbəb daha dərindədir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB