Yuxu yozumlarına inanmaq lazımdır? - DİN XADİMİ AÇIQLADI

Yuxu yozumlarına inanmaq lazımdır? - DİN XADİMİ AÇIQLADI

"Yuxu həqiqətdir. Lakin onun yozumunda ehtiyatlı olmaq lazımdır. Çünki səhv yozmalar ola bilər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnustutunun müəllimi, din xadimi Hacı İbrahim Quliyev deyib.

Onun sözlərinə görə, Qurani-Kərim və hədis mənbələrində yuxunun mahiyyəti, onun doğru-düzgün yozulması haqqında çoxlu nümunə vardır: "Belə ki, Uca Rəbbimiz Qurani-Kərimin "Yusuf" surəsində həzrət Yusufun və onunla birlikdə həbsdə olan iki nəfərin yuxuları və həmçinin Misirin hökmdarının yuxusundan bəhs edilir. Həmçinin Qurani-Kərimin "Saffat" surəsinin 102-110-cu ayələrində həzrət İbrahimin, "Fəth" surəsinin 27-ci ayəsində isə həzrət Məhəmməd peyğəmbərin yuxusundan söz açılmışdır. Bunu da xatırladaq ki, sözügedən yuxular haqqında hansısa yozuma ehtiyac yoxdur. Çünki bu yuxuların mənası aydındır.

Bütün bu qeyd etdiklərimizlə yanaşı, bunu da xüsusi olaraq vurğulayırıq ki, Qurani-Kərimə və hədislərə görə, bəzii yuxuların izaha ehtiyacı vardır. Bu yuxular Quranda "təvilül-əhlam" (yuxu yozumu) adlanır. Buna nümunə olaraq Yusuf peyğəmbərin Misir hökmdarının gördüyü yuxunu yozmasını göstərə bilərik. "Yusuf" surəsində həmin hadisə ilə bağlı belə buyurulur: “Misir hökmdarı belə demişdi: “Mən yeddi kök inəyi yeddi arıq inəyin yediyini görürəm; yeddi yaşıl sünbül və bir o qədər də quru sünbül görürəm. Ey əyanlar! Yuxu yozmağı bacarırsınızsa, mənim yuxumu doğru-dürüst yozun”.

İbrahim Quliyev sözlərinə belə davam edib: "Əyanlar: “Bunlar qarmaqarışıq yuxulardır. Biz bu yuxuların yozumunu bilmərik”, – dedilər.

Zindandan azad olan iki nəfərdən biri xeyli vaxtdan sonra Yusufu xatırlayıb: “Mən sizə o yuxunun yozumunu bildirəcəyəm, mənə icazə verin!”, – dedi. Sonra Yusufun yanına gəldi. Yusuf da yuxunu yozub belə dedi: “Yeddi il fasiləsiz əkin, bütün məhsulu yeyəcəyiniz az bir hissə istisna olmaqla sünbüldə saxlayın. Bunun ardından yeddi qıtlıq ili gələcək və bütün yığdıqlarınızı tədarük etdiyiniz az bir hissə istisna olmaqla yeyib qurtaracaq. Sonra (bunun ardınca) xalqın rahatlığa qovuşacağı bir il gələcək; o vaxt da sıxıb sağarlar (bolluq olar)” ("Yusuf" surəsi, 43-49-cu ayələr).
Bu ayələr onu göstərir ki, yuxu yozmağı bacarmaq hər kəsə aid olan bir məsələ deyildir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə