Uşaqlara qarşı işgəncələrlə necə mübarizə aparılmalı? - ARAŞDIRMA

Uşaqlara qarşı işgəncələrlə necə mübarizə aparılmalı? - ARAŞDIRMA

Bəziləri şiddəti uşağın tərbiyəsində lazımlı vasitə kimi görür. Lakin şiddət günahkarlıq, utanc, özünə nifrət kimi hisslərin uşağın şəxsiyyətinin təməlində yerləşməsinə səbəb olur.

Uşaqlara etdikləri hər səhvə görə qışqırmaq və danlamaq onların davranışlarını düzəltmək üçün kifayət deyil. Əksinə, davamlı qışqırmaq, danlamaq uşaqlara fiziki, psixoloji və sosial cəhətdən mənfi təsir göstərərək onların inkişafına xələl gətirir.

Övladını döyən valideyn, yaxud şagirdinə şiddət göstərən müəllim müxtəlif mövzuları bəhanə edir. Amma uşağa şiddətlə bağlı yüzlərlə elmi araşdırma göstərir ki, döyülmə uşaqlara necə davranmaq barədə heç nə öyrətmir, əksinə, onları gələcəkdə şiddətə meylli və travmalı bir fərdə çevirir.

Yüzlərlə elmi araşdırmalar sübut edib ki, döymək, vurmaq, hər hansı cismani cəza tətbiq etmək heç bir fayda vermir və uşaqlara ağır zərər verir.

Araşdırmaların sübut etdiyi nəticələr bunlardır:

* Psixi sağlamlığına zərər verir, özlərinə inamı aşağı, sevilməyən, dəyərsiz, qeyri-adekvat, gücsüz və çarəsiz hiss etmələrinə səbəb olur.
* Bu, daimi fiziki zərər verir və hətta ölümlə nəticələnə bilər.
* Cinayət davranışını artırır.
* Uşaqlarda aqressivliyi artırır.
* Yeniyetmələrdə və böyüklərdə müşahidə edilən zorakı davranışlar ilə uşaqlıqda cismani cəza arasında birbaşa əlaqə aşkar edilmişdir.
* Uşaqlara başqalarını asanlıqla vurmağı öyrədir.
* Ən təhlükəli cinayətkarların uşaqlıq illəri nəzərə alınaraq, onların fiziki cəza aldıqları məlum olub.
* Uşaqların münaqişələri effektiv və humanist şəkildə həll etməyi öyrənməsinə mane olur.
* Döyülmüş uşaqlarda qeyri-adekvat koqnitiv inkişaf müşahidə edilmişdir.
* Məişət zorakılığı ilə güclü əlaqəsi var.
* İnsanların güvən hissini zədələyir.

Cahil və məsuliyyətsiz insanlar uşaq dünyaya gətirməməlidir. Valideynlər də travmalarının fərqində olmalıdır. Günümüzdə övladına güvənməyənlər, onu bağçanın qapısından atıb qaçanlar, mərkəzdəki tərbiyəçilərin savadına, biliyinə yaxud rəftarına deyil, yaşına ilişib qalan valideynlər var.

Bir ana qapıdan içəri girən övladının enerjisini necə duymaya bilər? Necə bilməz ki göndərdiyi yer onun üçün sanki cəhənnəmdir?!

Bəs, bu halların qarşısı necə alınmalıdır? Uşaqlar üçün mərkəzlər necə fəaliyyət göstərməlidir? Hansı tədbirlər görülməlidir? SİA mövzu ilə bağlı bağça direktoru, müəllimi, hüquqşünas, psixoloq və övladını bağçaya yollayan valideynlərin fikirlərini öyrənərək araşdırma aparıb.

"TuTu" uşaq bağçasının direktoru Vəfa Nəhmədova: "Ümumiyyətlə, biz bağça direktorları olaraq işçi götürərkən mimiklərə, jestlərə, bədən dilinə və xoşbəxt olub-olmadığına fikir veririk. Müəllimə səbirli, təmkinli, məsuliyyətli olmalıdır. Bundan əlavə, işçi onun üzərində güclü nəzarətin olduğunu hiss etməlidir.

Bu işə sadəcə biznes sahəsi kimi baxılmamalıdır. Uşaqları və işləməyi sevənlər bu sahəni seçməlidirlər.

Uşaqlar bizim gələcəyimizdir. Hər kəs bunu dərk edərək yaşamalı və iş prinsiplərini buna uyğun olaraq şəkilləndirməlidir.

"TuTu" uşaq bağçasının devizi "Dünyanın ən gözəl melodiyası uşaq səsidir" dir. Ümid edək ki, bu səslər gülüş, sevinc qışqırıqları və sadəcə şıltaqlıq etmək üçün ağlamaq səsi olsun".

"Təkamül" Tədris Mərkəzinin müəllimi Şəfəq Rəcəbova: "Loqopedik mərkəzdə baş verən hadisəyə həm müəllim, həm də valideyn olaraq çox məyus oldum. Ümid edirəm ki, görülən tədbirlərdən sonra bir daha belə hallara rast gəlmərik.

Mən günahı bu mərkəzlərin rəhbərlərində görürəm. Bu məsələdə həssas olmaq lazımdır. Müəllimləri yaxud tərbiyəçiləri işə götürərkən həssas olmaq lazımdır. Uşaga sevgiylə yanaşmalısan. Uşaqlara sevgiylə yanaşırsansa, isdədiyin yaxşı nəticəni də alacaqsan. Həqiqətən də mən uşaqları çox sevir və onları öz övladım kimi görürəm. Ona görə də bizdə hər şey əladır".

Psixoloq Leyla Əli: "Baş vermiş hadisəyə görə məsuliyyət daşıyan şəxslər qanun qarşısında cavab verməlidir və verəcəklər. Uşaqlara, xüsusilə xüsusi qayğıya ehtiyacı olan uşaqlara qarşı şiddət yol verilməzdir. Çünki bu uşaqlar həyatlarını müəyyən fiziki məhdudiyyətlərlə yaşayırlar. Özünü ifadə bacarıqları sağlam inkişafda olan uşaqlara nisbətən məhduddur. Bu nöqteyi-nəzərdən onlara xüsusi diqqət, qayğı və sevgi göstərilməlidir, nəinki şiddət.

Yaranmış situasiyanın bir də yaşanma ehtimalının qarşısını almaq üçün psixoloqlar işə qəbul olunmamışdan öncə mütləq psixoloji müayinədən keçirilməlidir. Psixoloji vəziyyəti normalara uyğun olan heç bir şəxs uşaqlara qarşı bu vəhşiliyi edə bilməz. Onlar heç kimin anlamadığı insanları anlamalıdırlar, nəinki xüsusi qayğıya ehtiyacı olan birinə qarşı amansız olmaq".

Vəkil Turan Abdullazadə: "Qeyd etdiyiniz hadisədə inzibati xəta tərkibinin əlamətləri müşahidə olunur. İnzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal hesab edilir.

Ümumiyyətlə, loqopedik xidmət məktəbəqədər və ümumtəhsil müəssisələri nəzdində şifahi və yazılı nitqi qüsurlu olan uşaqlara kömək məqsədilə təşkil edilir. Zəif eşidən, zəif görən, əqli və fiziki inkişafdan geri qalan, normal intellektli nitqi qüsurlu uşaqlar üçün məktəbəqədər təhsil müəssisələrində, zəif eşidən və sonradan karlaşmış, kor və zəif görən, əqli və fiziki inkişafdan geri qalan, dayaq-hərəkət aparatının inkişafı pozulan nitqi qüsurlu uşaqlar üçün xüsusi təhsil müəssisələrində loqopedik kabinetlər təşkil edilir.

Loqopedik mərkəz (kabinet) müvafiq tədris-maddi baza və ixtisaslı kadrlarla təminat olduğu halda Təhsil Nazirliyi ilə razılaşdırılaraq yerli təhsili idarəetmə orqanları tərəfindən açılır.

Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin” 5.2-ci maddəsinə əsasən, məktəbəqədər təhsil müəssisəsində təhsil prosesi təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulur və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verilmir.

Həmin nizamnaməyə əsasən, təhsilalanların şəxsiyyətin alçaldılmasına, mənəvi və psixoloji duruma və sağlamlığa zərər vuran hərəkətlərin bütün formalarından, fiziki və psixoloji zorakılıq hallarından müdafiə olunmaq hüququ var.

Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən isə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Eyni zamanda həmin məcəllənin 181.0.2-ci maddəsinə əsasən, təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir”.

İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə – xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir.

Qanunvericiliyin müddəalarına əsasən, təhsilverənin və yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərən şəxslərin onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq vəzifəsi var.

Bundan əlavə uşağa qarşı fiziki və psixoloji şiddət göstərmiş şəxs loqopedik mərkəzin rəhbərliyi tərəfindən əmək və xidməti vəzifələrini kobud şəkildə pozduğu üçün işdən kənarlaşdırıla bilər".

5 yaşlı Şamxəlil Budaqovun anası Aytən Məmmədova: "Mən öz övladımı yolladığım bağçada fiziki şiddətə rast gəlməmişəm. Amma qışqırdıqlarının şahidi oluram. Düşünürəm ki, uşağa şiddət göstərmək düzgün tərbiyə metodu deyil. Belə hallarla rastalaşanlara həmin qurumu şikayət etmələrini tövsiyə edirəm.

Əgər uşaq hər hansı bir səhv etsə belə, onu anlayıb, dinləmək və düzgün olan variantı ona başa salmaq lazımdır. Bağça heyəti uşağa ana qayğısı ilə yanaşmalıdır".

5 yaşlı Fidan Cabbarlının anası Aynur Cabbarova: "Övladımı evimizin yaxınlığında olan özəl bağçaya göndərirəm. Adı "Təkamül" Tədris Mərkəzidir. Bura çox yaxşıdır. Əvvəl qızım ora bağça üçün gedirdi, indi isə məktəbəqədər təhsil üçün yollayıram. Müəllimələrindən də razıyam.

Loqopedik mərkəzdə uşaqlara qarşı olan şiddətə çox üzülmüşəm. Onlar savadsız və pulla, tanışlıqla işə düzələnlərdir. Onlar müəllim olmağa layiq deyillər.

Mən onlara insan deməyə utanıram. Bu halların qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Onlar ciddi sınaq müddətindən keçməli, daha sonra işə qəbul edilməlidir".

4 yaşlı Aybəniz İsmayılovanın anası Rüfanə İsmayılova: "Mən o şiddət videolarına baxa bilmədim. Həyatımda heç vaxt və heç kimə qarğış etməmişəm. Amma o videonun altına bütün ürək sözlərimi yazdım. Çünki görüntülər məni çox pis sarsıtdı.

Burada günah ilk növbədə valideyndədir. Çünki valideyn uşağının bədənindəki izləri necə görməyə bilər?! Qızım bağçaya gedib gəldikdən sonra mən onun bütün bədənini yoxlayıram.

Övladım əvvəlki qrupundan 1-2 dəfə şikayət etdi və oradan çıxardım. Yəni, valideyn övladının narahatlığını duymalıdır. Bizim bağça Xırdalan ərazisində olan dövlət bağçalarının ən yaxşısıdır. Bura uşağı yollamaq da çox çətindir. Çünki qəbul üçün müəyyən mərhələlər mövcuddur. Bura qızımı əminliklə yollayıram və nigaran qalmıram. Direktoru çox diqqətcildir və güclü nəzarət var. Burada müəllim hökmranlığı yoxdur. Direktor bütün otaqları kameradan izləyir. Bu bağçada ondan gizlin heç bir iş görülə bilməz. Bütün müəllimləri də sanki xüsusilə seçilib.

Bizim bağçada uşaqlara xüsusi forma da geyindirirlər. Nədənsə narazı qalsam, etirazımı bildirərəm. Qızım baxıcısına "Nənə" deyir". Bu da burada olan sevgi və səmimilikdən irəli gəlir. Heç bir şey uşağa biganə yanaşmağa bəhanə ola bilməz. Valideyn vaxtının böyük qismini uşaqlarına ayırmalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə