İndi bəzi geyimlər var ki, möhkəm dəbdədir. Məsələn, buddan aşağı yırtıq-yırtıq şalvarlar, beldən bir qarış aşağı ətəklər, şortlar, beldən bir qarış yuxarı köynəklər, hərəsi bir tay corablar və sair... Sual oluna bilər ki, hə, nə olsun, hər dövrün bir tələbi, bir dəbi var da. Nə olsun ki? Adamın bir azca dünyagörüşü olar ey. Hər geyimi söz eləməz ki... Adam bir az müasir olar da, hər geyimə bir qulp qoymaz ki...
Nə deyirəm ki, olsun da. Kim nə istəyir onu da edir, qarşısına çıxan var məgər? Nə məsləhətdi, onu geyinir. Belə götürəndə bizə nə var axı. Yırtıq şalvar geyinən özü bilər. Yox kimi ətək, köynək geyinən də özü bilər.
Lakin maraqlı bir məsələ var ki, indi bəzi hallarda artıq hicab da dəbə çevrilib. Yəni kənardan göründüyü kimi, bəzi hicablılar var ki, onların bu geyimi dini inanclar xətrinə deyil, dəb xətrinə geyindiyi bəs-bəlli ortalıqdadır. Məsələn, bu günlərdə gənc bir qadınla rastlaşdım. Başı qaydalara uyğun bağlı idi. Lakin yaylığının ətəyi qısa olduğu üçün sinəsi bayırda idi. Uzun paltar geyinmişdi, ayaqlarında corab yox idi. Paltarın qolları da dirsəkdən azca aşağıda bitirdi.
O günü də başqa bir hicablı xanımla qarşılaşdım. Onun da başı örtülü idi. Lakin örtüyün altından saçları da görünməkdə idi. Əynindəki paltarı da sən deyən geniş deyildi. Bədən cizgilərini müəyyən qədər bəlli edirdi.
Lap əvvəlki günlərdə isə başqa bir hicablı ilə qarşılaşmışdım. Əynində şalvar var idi. Yuxarı hissəsi çox dar idi, boyu isə topuqdan xeyli yuxarıda bitirdi. Şalvarın üzərinə düşən köynəyi çox da uzun olmadığından şalvarın yuxarı hissədə yaratdığı qüsuru ört-basdır edə bilmirdi.
Deyirsiniz ki, dəbdir, yaxşı edirik belə geyinirik. Mən də nə deyirəm ki? Sadəcə gördüklərimi deyirəm və əcəb edirəm. Heç kimin ixtiyarı yoxdur ki, gördüklərimiz haqqında danışmamağımızı istəsin. Danışırıq, danışacağıq da.
Lakin mənim üçün indi ən çox maraqlı olan bu “müasir” hicablılardır. O səbəbdən də gördüklərim haqqında söhbət açıram ki, bəlkə bilmədiyim məqamlar var. Bəlkə kimsə qalxıb deyəcək ki, bəs sən elə bilirdin ki, digər geyimlər müasirləşəcək, hicab yox? Bəlkə kimsə yerindən qalxıb deyəcək ki, hicablı kəsin bu cür geyinməsində bir qəbahət yoxdur. Bəlkə kimsə yerindən qalxıb deyəcək ki, o hicablı düz edir elə geyinir, siz səhv edib onun haqqında danışırsınız.
Onda mən də deyərdim ki, ay hicablı xanım, nə üçün özünə əziyyət verib bu isti havada başını möhkəm-möhkəm bağlayıb, ayaqlarını, qollarını açırsan, məqsədin nədir? Deyərəm ki, şalvarı dar geyinib başı örtməyin mənasını xahiş edirəm mənə də izah edin. Bir də ki, yaylığın altından çıxan saçların hicab qaydalarına uyğunluğu varmı, bunu bilmək istərdim.
Yoxsa, dəb də azaddır, insanlar da. Kim nə geyinir geyinsin, nə deyirik ki. Hər kəsin ağlı-huşu var. Evində valideyni var, qapısından çıxanda görür. Bir də göydə Allahı var, o da görür.
Allah bizləri qorusun, ağlımızdan, huşumuzdan, dərrakəmizdən muğayat olsun. Allah ürəklərə normal geyinmək üçün azacıq mərhəmət salsın, Amin!
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB