Bir şagirdin məktəb ləvazimatları NEÇƏYƏ BAŞA GƏLİR? - FOTOREPORTAJ

15 sentyabr ölkəmizdə “Bilik Günü” kimi qeyd edilir. Bu günün həm orta məktəb şagirdlərinin, həm də valideynlərin həyatında təbii ki, bir özəlliyi var. İndi məktəblilərin və valideynlərin işini asanlaşdırmaq məqsədilə şəhərin müxtəlif yerlərində, metro çıxışlarında məktəb ləvazimatları satılan bu cür yarmakalar təşkil olunub. SİA olaraq yarmarkadakı ümumi vəziyyəti öyrənmək və qiymətlərlə bağlı məlumat almaq üçün 28 May metrosunun çıxışda yerləşən məktəb ləvazimatı satılan yarmarkalara yaxınlaşdıq.

Yaxınlaşdığımız ilk satıcı Nicat bəy bizi ümumi qiymətlərlə tanış etdi.

Onun sözlərinə görə, məktəb ləvazimatlarının qiymətində o qədər də artım müşahidə olunmur: “Yalnız dəftərin qiymətində 5 qəpik artım var. Ümumilikdə dəftərlərin qiyməti 50 qəpikdən başlayır, 1 manata kimi qalxır. Qələmlərin qiyməti isə 40 qəpikdən başlayır və 2 manat kimi davam edir. Çantaların qiymətinə gəldikdə isə, qiymətlərimiz 10 manatdan başlayaraq 50 manat aralığında dəyişir. Təbii ki, hər bir ailə öz cibinə uyğun olaraq övladına bazarlıq edə bilər. Mən sizə deyərdim ki, hətta 50 manata belə hər bir şey almaq olar. Keçən il bildiyiniz kimi, pandemiya səbəbindən məktəblər açılmadı və məhz bu səbəbdən satış olmadı. Lakin pandemiyadan öncəki ildə isə satış çox yaxşı idi. Həmin illə müqayisədə bu il satış çox zəifdir. Biz alıcılara əlimizdən gələn endirimi edirik ki, hər kəs öz uşağına nəsə ala bilsin. Məktəb alış-verişi edərkən alınmalı ləvazimatlardan biri də su qablarıdır. Su qabların qiyməti 5 manatdan başlayaraq 12 manata kimi təşkil edir. Valdeynlər əsasən öz övladlarına 8 manat aralığında olan su qabları alırlar. Qələm qabları isə keyfiyyətinə görə dəyişir. Əsasən normal vəziyyətdə olan qələmqabları 5-6 manata olanlardır”.

Növbəti yarmarkaya üz tutduq. Burada satış işi ilə məşğul olan Əli bəyə yaxınlaşdıq.

Satıcının fikirlərinə görə, bu il satışda olan vəziyyət çox acınacaqlıdır: “Fikrimcə, ötən illərə nisbətən ən zəif satış bu il olacaq. Amma yenə də ümidi itirmək olmaz. Çünki sentyabr ayı təzə başlayıb. Alıcılar əsasən öz cibinə uyğun olan məktəb ləvazimatlarına önəm verirlər. Təbii ki, qiymət artımları var. Əsasən, kağız məhsullarının qiyməti daha çox qalxıb. Çantalarımızın qiyməti 20 manatdan başlayır. Bu il ən çox satdığımız çantaların qiyməti 25-30 manat civarında olub. Əsasən, qız uşaqlarının istifadə etdiyi saç bandlarının qiyməti 50 qəpik və 3 manat aralığındadır. Qələm qabların qiyməti keyfiyyətinə, görünüşünə və firmasına görə dəyişir”.

Satıcının sözlərinə görə, 1-ci sinifə hazırlaşan şagirdə minimum qiymətlə bazarlıq etmək üçün 50 manat bəs edir. Lakin yuxarı sinif şagirdlərinə isə bu məbləğ 70-80 manat təşkil edir. Ancaq valdeyin öz övladına məktəb ləvazimatlarının keyfiyyətlisini almaq istəyirsə, 1-ci sinifə gedən şagirdə maksimum 100 manat lazımdır.

Yarmarkadakı qiymətləri və alıcı səviyyəsini öyrəndikdən sonra öz övladı üçün bazarlıq edən valdeynlərin fikirlərini öyrənmək məqsədilə onlara yaxınlaşdıq.

Şəhər sakini Gülnaz Təhməzova: “Qiymətlər heç də ürəkaçan deyil. Çünki həddindən artıq bahalıqdır. Övladıma məktəbli çantası almaq istəyirəm. Lakin bayaqdan bütün çantalara baxıram, qiymət baha, keyfiyyət isə çox aşağıdır. Mənim fikrimcə, bir şagirdin məktəbə tam hazır vəziyyətdə getməsi üçün 300 manat lazımdır. Bu məbləğ də hər kəsin cibinə uyğun deyil. Əvvəlki illərə nəzərən bütün məktəbli ləvazimatlarının qiyməti artıb”.

Şəhər sakini Orxan Babayev: “Qızım bu il birinci sinifə gedəcək. Ona görə bazarlıq etməyə gəlmişik. Qiymətlər bahadır. Əsasən, dəftərlərin qiymətinin yüksək olduğunu desələr də, təkcə kağız ləvazimatları deyil, hər şeyin qiyməti qalxıb. Buna görə bu vəziyyət heç də yaxşı hesab olunmur”.

Şəhər sakini Aysel Vəliyev: “Mənim övladım birinci sinifə getməyə hazırlaşır. Mağazalarda qiymətlər çox bahadır. Lakin yarmarkalardakı qiymətlər bir az ucuzdur. Bir uşağın tam formada məktəbə hazır olması üçün 500 manat lazımdır. Fikrimcə, bu qədər bahalıq çox yersizdir. Hər kəs ürəyi istədiyi kimi öz övladına bazarlıq edə bilmir”.

Şəhər sakini Əli Quliyev: “Yarmarkalarda qiymət yaxşıdır. Mağazalarda qiymətlər od tutub yanır. Ona görə də hər kəsə yarmarkadan bazarlıq etməyi tövsiyə edərdim. Kəskin şəkildə qiymətlərdə fərq hiss olunur. Həmçinin, məhsulların keyfiyyəti də heç yaxşı deyil. Lakin keyfiyyət aşağı olsa da, ona layiq qiymət qoyulmur".

Şəhər sakini Günay Əliyeva: “Mən hələ ki, övladlarıma bazarlıq etməmişəm. Bu səbəbdən də qiymətlər barədə məlumatım yoxdur. Lakin eşitdiyimə görə, qiymətlərdə artım var. Düşünürəm ki, hər bir uşağın məktəb ləvazimatı üçün maksimum 100 manat bəs edir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə