Sağlam evliliyin təməlində nə durur? - PSİXOLOQ AÇIQLADI

Sağlam evliliyin təməlində nə durur? - PSİXOLOQ AÇIQLADI

"Cəmiyyətdə get-gedə boşanmaların sayı artmaqdadır. Hara üzünüzü çevirsəniz, artıq orada ayrılmış qadınlar, kişilər görməyiniz adiləşib". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Tahiba Quliyeva bildirib.

Onun sözlərinə görə, ata-analarımızın zamanına fikir versək, boşanma hadisələrinə rast gəlmək hardasa yox səviyyəsində olub: "Bəs bunun səbəbi nədir?
Buna ilk səbəb cəmiyyətin inkişafıdır. Əvvəlki dövrdə qadın daha hüquqsuz idi. İndi isə qadınlar öz hüquqlarını bilir. Cəmiyyət inkişaf etdikcə, qadınlar öz ayaqları üzərində sərbəst durmağı, yaxşı təhsil almağı, öz pulunu özü qazanmağı və tapdalanan hüquqlarını daha yaxşı qorumağı öyrəndi. Əvvəllər qadına qarşı qayınananın, yoldaşın, qayının, baldızın fiziki və ya psixoloji zorakılığı qadın və ailəsi tərəfindən cəmiyyət necə qəbul edər deyib, ört-basdır edilirdisə, artıq demokratik ölkənin vətəndaşı bu halı qəbul etmir. Bir neçə dəfə bu müqavimətə rast gəlir və nəhayət, hüquqsuz bir ailədə yaşamağın mümkün olmayacağını dərk edir. Beləliklə, boşanma halı baş verir.
Boşanmaya bir çox hallarda şiddət ( psixoloji və ya fiziki ), xəyanət ( daha çox kişilər tərəfindən), narkomaniya, maddi keçimsizlik, ailələrin lazımsız müdaxilələri və ya oğlanın özünü başqa cür tanıdıb başqa cür davranması səbəb olur ( buna maskalanma deyilir).
Sağlam ailənin təməlində ilk növbədə güvən hissi dayanır. Bəy və ya xanım bir-birilərinə yalan deməməli, nə istədiklərində əmin olmalı, fikirlərini açıq ifadə etməlidirlər. Evlilikdə möhkəm təməlin digər bir səbəbi hər iki şəxsin dünyagörüşünün uyğun olması, kişinin xanımını öz ailəsindən seçməməsi, həm valideynləri, həm də yoldaşı arasında balansı qorumasıdır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə