Universitetə yeni qəbul olmuş abituriyentlərin TƏƏSSÜRATLARI - SORĞU

Universitetə yeni qəbul olmuş abituriyentlərin TƏƏSSÜRATLARI - SORĞU

Dövlət İmtahan Mərkəzi Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib. İxtisas seçimi bütün ix­ti­sas qrupları üzrə 2022‑ci il avqustun 28-dək in­ter­­net vasitəsilə aparılıb. Avqustun 31-i isə nəticələr elan olunub.

Bu il 1 nəfər beynəlxalq fənn olimpiadasının, 46 nəfər respublika fənn olimpiadasının, 83 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 22 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

Bundan əlavə, 192 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 190 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub. Həmçinin, I ixtisas qrupu üzrə 135 abituriyent Azərbaycan-Fransız Universitetinə (UFAZ), 116 abituriyent Koreya Respublikasının İNHA Universitetinin mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq İkili Diplom Proqramı çərçivəsində Bakı Mühəndislik Universitetinə, IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 65 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

SİA bu il universitetə qəbul olmuş abituriyentlər arasında sorğu keçirərək onların təəssüratlarını öyrənib:

Aysu Abdullayeva: “653 balla ADNSU Komputer elmləri (tədris ingiliscə) qəbul olmuşam. Hər il yüksək bal toplamış abituriyentləri görmək mənə zövq verir və özümü onların yerində hiss edirdim. Kiçik yaşlarımdan texniki fənnlərə olan marağım mənə 1-ci ixtisas qrupunu seçməyə kömək etdi. 10-cu sinifdən isə sistemli şəkildə dərslərimə çalışaraq imtahan verəcəyim, arzusunda olduğum balı toplayacağım günü gözləyirdim. Ən böyük məqsədim 650 Balı keçmək, tədrisi ingilis dilində olan ixtisasa qəbul olmaq idi. Yuxusuz qaldığım gecələr yorğun olduğum vaxtlar məni gücdən salmadı, əksinə sevincli günlərə az qaldığını hiss etdirdi. Amma buraxılış imtahanlarının nəzərdə tutulduğu vaxtdan daha tez olması, blok imtahanı həyəcan keçirməyimə səbəb oldu. Buna baxmayaraq öhdəsindən gəldim. Bu təkcə mənim yox, eyni zamanda mənimlə eyni əziyyəti çəkən müəllimlərimin, valideynlərimin uğurudur. Növbəti hədəfim isə bakalavr bitirdikdən sonra xaricdə təhsilimi davam etdirməkdir”.

Nuranə Vəlizadə: “Bu il keçirilən ali məktəblərə qəbul imtahanında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Menecment ixtisasına qəbul oldum.

Nəticələrin elan olunduğu anda yaşadığım sevinc, qürur hissləri neçə illər ərzində çəkilən bütün əziyyətləri unutdurur. Sanki 1 saniyədə bütün əziyyətlərin, yorğunluğun qarşılığını almış olursan. İnsan qarşısına qoyduğu məqsədə çatmaq üçün bəzi çətinliklərə qatlanmalıdır. Bu illər ərzində sadəcə oxumaq deyil, həm də güclü, inamlı, iradəli və səbrli olmaq lazımdır.

Bütün abituriyentlərə ali məktəbə qəbul sevincini, o qürur hisslərini yaşamağı arzu edirəm. Bu yolda yanımda olan ailəm və müəllimlərimə təşəkkür edirəm”.

Xatun Rzabəyli: “Abşeron rayonu Xırdalan şəhərində yaşayıram və buranın 5 nömrəli tam orta məktəbi bitirmişəm.Yaxın günlərdə Azərbaycan Dillər Universiteti Dil Ədəbiyyat müəllimliyi Alman dili üzrə təhsil alacağam. Bir neçə gün əvvəl artıq tələbə olduğumu öyrəndim. Keçirdiyim hisslər sözlə deyə bilməyəcək qədər gözəl və möhtəşəmdir.

İllərdir mübarizə apardığım bir həyatda artıq ilk uğurumu atmış oldum. Bu ailəmi, yaxın ətrafımı çox qürurlandırdı. İlk başda istədiyim yerə düşə bilməyəcəyimə inanırdım. Amma həyat möcüzələrlə dolu imiş. İllərdir xəyalını qurduğum universitet və ixtisasın pulsuzuna qəbul oldum. Pulsuz təhsil almaq məni daha da qürurlandırdı. Artıq bir neçə həftə sonra mənim həyatımda yeni bir səhifə açılır və çox həyəcanlıyam.Yeni mühit, yeni insanlar və yeni çətinliklər... Bu zaman içində mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Nihad Paşayev: “427 bal ilə Azərbaycan Memarlıq və İnşaat Universitenin İnşaat mühəndisliyi fakültəsinə daxil olmuşam. Çox şükür, 2 illik əziyyətim boşa getmədi. Yuxusuz gecələr, yorğun günlər... Hər biri öz bəhrəsini gördü. Xəyalım inşaat mühəndisi olmağ idi və mən bunu bacardım. Allah hər bir abituriyentə bu gözəl hissi yaşatsın. Amin! Abituriyentlərə tövsiyyəm işinizi plan üzərində qurun. Planla hərəkət etsəniz həm gəzməyə, həm də kefiyyətli dərs oxumağa vaxtınız çatacaq”.

Rəvan Alməmmədli: “Qazax rayon Dağkəsəmən kəndində yaşayıram. Dərslərim çox yaxşı idi, həmçinin də qiymətlərim. Zəhmətimin bəhrəsini görərək İdman Akademiyasına qəbul olmuşam. Elə uşaqlıqdan bəri də idmanla məşğul olurdum. Əziyyət çəkənlər sonra öz məqsədinə nail olur. Sadəcə, əzmli olmaq və çox çalışmaq lazımdır”.

Rüfət Babayev: “Universitetə qəbul olmaq çox gözəl hissdir. Düşünürəm ki, hər kəs bu hissi yaşamalıdır. 532 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetini istəyirdim və elə ora da qəbul oldum. Yəni, insan qarşısına nəysə bir məqsəd qoysa, ona nail olacaq. Sadəcə, əziyyət çəkmək və bunu ürəkdən istəmək lazımdır deyə düşünürəm. Növbəti ildə universitetə hazırlaşan hər kəsə uğurlar arzulayıram".

Aydan İbrahimli: "Bu il A.Hüseynzade adına 20 nömrəli məktəb-liseyi bitirib, 2021-2022 ilin məzunu oldum.

2022 ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə 430 balla 1-ci qrup üzrə daxil olmuşam. Böyük bir seçimim var idi. İxtisaslar arasında çox tərəddüd edirdim. Əvvəl "IT"-ə, kompyuter mühəndisliyinə qəbul olmaq istəyirdim. Sonra biraz fikirləşib ADNSU-ya qəbul olmaq istədim. Amma ən sonda energetik mühəndisliyini seçdim və seçimimdən çox razıyam. Əminəm ki, universitetdə məni maraqlı günlər gözləyir".

Emin Əsgərzadə: "Universitetə daxil olduğum gün çox həyəcanlandığımı deyə bilərəm. Çünki istədiyim yerə qəbul olub-olmadığımı hələ ki, bilmirdim. Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olduğumu biləndə isə çox sevindim. Çünki istədiyim yer ora idi. Çəkdiyim əziyyətin boşa getməməsi sevindirici haldır.

Onu da qeyd etmək istəyirəm ki, heç bir müəllim yanına getməmişəm".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə