Övladlığa götürmə ilə himayədar ailənin fərqi nələrdir? - DİQQƏT! - VƏKİL AÇIQLADI
Azərbaycanda tərk edilmiş uşaqların sayı, təəssüflər olsun ki, çoxdur. Bununla yanaşı, ölkədə övladlığagötürmə ilə "Himayədar ailə" modeli tətbiq olunur. Bəs, bunlar arasındakı fərq nədir?
Vəkil Turan Abdullazadə SİA-ya açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən, himayədar ailə və övladlığa götürənlər tamam fərqli anlayışdır: "Uşaqların himayədar ailəyə verilməsi və övladlığa götürmə proseduru da tamamilə bir-birindən fərqlənir. Belə ki, Ailə Məcəlləsinə əsasən, himayədar ailə uşağın tərbiyə olunmaq üçün verilməsinə dair müqavilə əsasında yaranır. Bu müqavilə qəyyumluq və himayə orqanı ilə himayədar valideynlər (uşağı tərbiyə olunmaq üçün ailəyə götürmək arzusunda olan ər-arvad və ya ayrı-ayrı vətəndaşlar) arasında bağlanır. Himayədar ailəyə tərbiyə üçün yalnız yetkinlik yaşına çatmamış uşaq və yalnız müqavilə ilə nəzərdə tutulmuş müddətə verilə bilər. Himayədar ailə haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Valideyn himayəsindən məhrum olmuş, o cümlədən sosial xidmət müəssisələrində olan uşaqlar tərbiyə edilmək üçün himayədar ailələrə verilə bilərlər. Qanunvericilikdə müəyyən edilmiş qaydada himayədar ailəyə verilən uşağın hər birinə hər ay maddi müavinət verilir. Himayədar ailəyə verilən uşaqların normal saxlanmasına, tərbiyə və təhsilinə nəzarət etmək müvafiq icra hakimiyyəti orqanının borcudur. Valideyn himayəsindən məhrum olan uşaqlar ailə tərbiyəsinə (himayədar ailəyə) bu imkanlar olmadıqda isə valideyn himayəsindən məhrum olan uşaqlar üçün sosial xidmət müəssisələrinə verilirlər. Himayədar ailənin öhdəsində olan uşaqların övladlığa götürülməsi üçün onların himayədar valideynlərinin həmin uşaqlarla bağlı fikri öyrənilir.
Bəşər tarixində uşağın ailədə tərbiyəsindən daha üstün forma müəyyən olunmamışdır. Övladlığa götürmə uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququnun təmininə xidmət edir.
Qanunvericiliyin tələbinə görə övladlığa götürmə isə üç mərhələdə həyata keçirilir: 1) övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması; 2) övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi; 3) övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.
Övladlığa götürülmə üçün mütləq qaydada məhkəmə qərarın qəbul edilməsi vacibdirsə, uşağın himayədar ailənin tərbiyəsinə verilməsi üçün belə bir tələb yoxdur".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB