MEDİA-nın tətbiq etdiyi yeniliklərə BAŞ REDAKTORLARIN BAXIŞI - SORĞU

MEDİA-nın tətbiq etdiyi yeniliklərə BAŞ REDAKTORLARIN BAXIŞI - SORĞU

"Media cəmiyyətin güzgüsüdür”. Bu isə o deməkdir ki, cəmiyyət güzgüyə baxarkən özünü dolğun, dəqiq və faktlara söykənən informasiya ilə təmin edilmiş görürsə, deməli Azərbaycan mediası yaxşı işləyir və peşəkardır. Ədalət naminə qeyd etmək lazımdır ki, uzun müddət səriştəsiz idarəetmə səbəbindən yarıtmaz hala salınan Azərbaycan mediası Medianın İnkişafı Agentliyinin yaranması ilə özünün yeni dirçəliş dövrünə qədəm qoyub. Peşəkarlığın artırılması istiqamətində atılan addımlardan tutmuş, faktlara söykənən xəbərlərin istehsal edilməsinə, obyektivliyin qorunmasına, qarşı tərəfin mövqeyi alınaraq xəbərlərin yayımlanmasına, özəl materialların hazırlanmasına qədər bir çox istiqamətlərdəki dəyişiklikləri görmək mümkündür. Bu isə mediamızın gələcəyinin MEDİA ilə birgə daha da parlaq olacağına inamı artırır. Bu gün agentlik tərəfindən özəl materialların hazırlanması istiqamətində qoyulan tələblər, Reyestrin yaradılması, peşəkarlığa və peşə kodeksinin gözlənilməsinə önəm verilməsi MEDİA-nın gördüyü işlərin bariz nümunəsi kimi qiymətləndirilməlidir. SİA Medianın İnkişafı Agentliyinin mütəmadi olaraq tətbiq etdiyi yeniliklərlə bağlı Baş redaktorların fikrini öyrənib.

“525” qəzetinin Baş redaktoru Rəşad Məcid: “"Media haqqında" qanun artıq çoxdan qəbul olunub. Qanunda bəhs olunan normativlərin sırasında saytların gündəlik olaraq 20 xəbər verməsi barədə də məlumat var idi. Bu normativ haqqında o zamanlarda müəyyən müzakirələr olundu. Mən fikirləşdirdim ki, kiçik saytlar üçün gündəlik olaraq 20 özəl yazının verilməsi ağır gələ bilər. Bugün də Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən iclasda bu haqqda danışıldı. MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov iclas zamanı bildirdi ki, artıq monitorinqlər olacaq və qoyulan tələblərə kimin nəzarət edib-etməməsi barədə məlumatlar toplanılacaq. Hiss olunur ki, bəzi saytlar bu tələbdən əziyyət çəkir. Lakin bu qanun qəbul olunub. Təbii ki, bu normativlərə əməl etməyən saytlarada xəbərdarlıqlar olunacaq. Hər kəsin bildiyi kimi avqust ayında xəbər baxımından qıtlıqlar müşahidə olunur. Bunun da bir sıra səbəbləri var: jurnalistlər məzuniyyətdə olur, mövzu baxımından çatışmamazlıqlar yaranır. Ancaq düşünürəm ki, sentyabr ayından artıq qəzetlərin elektron variantları və eyni zamanda saytlar da operativ və dinamik şəkildə fəaliyət göstərəcək. Çünki media reystrinə daxil olmağın ilk şərti qanunun tələblərinə cavab verməkdir”.

“Şərq” qəzetinin Baş redaktoru Akif Aşırlı: “"Media haqqında" qanunda nəzərdə tutulan 20 özəl informasiyanın verilmısi müəyyən dərəcədə müzakirə olunub. Bu müzakirələr nəticəsində də həmin maddənin qanuna daxil olunması qərarlaşdırılıb. Bu normativdə əsas məsələ 20 ekskluziv informasiyadan söhbət getmir. Qəbul olunmuş normativin əsas qayəsi redaksiyaların yaradıcılıq potensialını yoxlamaq, müəllif yazıları və digər nəşrlərdən fərqləndirən materialların çap olunmasıdır. Bu baxımdan 20 yazının gün ərzində istehsal edilib yayımlanması problem deyil. Əgər bu normativə cavab verə bilmirlərsə, deməli həmin redaksiyanın yaradıcılıq potensialı çox zəifdir. Həmçinin bunu bacarmayan redaksiyaların kollektivinin potensialı sual altındadır. Fikrimcə, bu çox normal bir qanundur. Mən düşünürəm ki, 20 özəl yazı verə bilməyən saytların fəaliyyətini dayandırmaq əvəzinə Medianın İnkişafı Agentliyi tərəfindən həmin redaksiyalara maliyyə dəstəyi dayandırılsın”.

“Yeni Sabah” İnformasiya Agentliyinin Baş redaktoru Seymur Verdizadə: "Hər hansısa bir saytın fəaliyyətinin dayandırılması barədə qərara onun sahibi qərar verə bilər. İnformasiya Agentliyi gündə 1 və ya 5 xəbərdə verə bilər. Mənim fikrimcə, əsas kəmiyyət deyil, keyfiyyətdir. Qəzetlərin və saytların qarşısına belə bir şərt qoymaq düzgün deyil. Azərbaycan kiçik bir ölkədir. Ölkəmizdə yüzlərlə sayt var. Hər bir sayt gündəlik olaraq 20 özəl xəbər verərsə, artıq ölkə üzrə özəl informasiyaların sayı 2-3 mini keçəcək. Ancaq ölkədə bu qədər xəbər yoxdur. Medianın İnkişaf Agentliyi tərəfindən qoyulan bu qanun yumuşaldılmalıdır. Sovet dövrünün məşhur bir cümləsi var idi: “Gərək saatla yox vicdanla işləyəsən. Mən tamamilə bu fikirlə razıyam. Sırf səhifələr, qrankaları doldurmaq yerinə daha keyfiyyətli informasiyalar verilməlidir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə