Davamlı olaraq aclıq hiss etməyin SƏBƏBİ NƏDİR? - DİETOLOQ AÇIQLADI

Davamlı olaraq aclıq hiss etməyin SƏBƏBİ NƏDİR? - DİETOLOQ AÇIQLADI

"Çox insanlar səhvən düşünür ki, yemək nə qədər çox kalorili olsa, bir o qədər tutumlu olur. Amma tam əksinədir". Bu fikirləri SİA-ya açıqlamasında dietoloq Sevinc Həsənzadə bildirib.

Onun sözlərinə görə, orqanizmi doyuran kalori yox, qida ilə qəbul olunacaq faydalı maddələrdir: "Bu isə ideal üçlük deməkdir: zülal, karbohidrat, yağlar.

Əgər siz yalnız zülal yesəniz, o zaman iştah yüksələcək, orqanizm aclıq siqnalı göndərəcək. Siz yenə zülallı qida yeyəcəksiniz, yenə orqanizmdə nəsə çatışmayacaq. Ona görə boşqabınızda mümkün qədər bu üçlük kombinə olmalıdır. Bəzən insan susuzluq hissi ilə aclığı da səhv salır. Aclıq və iştah orqanizmin fizioloji tələbatıdır. Hər ikisinin azlığı və çoxluğu orqanizmin hansısa funksiyasının pozulduğunu göstərir. Əgər bir insan səhər yeməyini qaçırırsa, tez-bazar qəhvə ilə bulka yeyirsə, orqanizmin borcudur ki, 1-2 saat sonra aclıqdan nərə çəksin. Nəticədə siz günorta yeməyində lazım olandan daha çox qida yeməli olacaqsınız.

Karbohidrat – orqanizmin yanacağıdır. Amma onlar aclığı çağıran amansız düşməndir. Yağlar insanı doyurur, heyvan və bitki mənşəli yağlara ehtiyac duyan orqanizmi bu elementdən uzaq tutanda insan aclıq hiss edir. Yağ o demək deyil ki, kərə yağı, piy yeməlisiz. Faydalı yağlar avokado, balıq, günəbaxan tumları, qoz, fındıqda da olur. Mənfi cəhəti odur ki, kalorisi çoxdur. Sutkalıq doza bütün qidanın 30%-i aşmamalıdır.

Qidanı qaçaraq, çeynəmədən udan insanlar doymaq hiss etmir, daim ac olur. Beyinə doymaq siqnalının çatması üçün 15 dəqiqə vaxt lazımdır. Bu vaxtı isə yeməyi çeynəyərək, asta yeməklə başa gətirmək olar. Əsl ev yeməyinə müxtəlif səbəblərdən həsrət qalanlar və tənbəllər hətta restoranda, kafedə belə yaxşı yeməklər sifariş edib qidalansa da normal qidalanmış sayılmır. "Fast-fud"a əlavə olunmuş aromatizatorlar insanda aşırı iştah yaradır.

Bunun bir yolu var: belə qidalardan tam imtina edib, yalnız evdə bişmiş yemək. Amma uzun müddət küçə yeməklərinə alışanlar bu keçidi tədricən etməlidir. Birdən-birə orqanizm özünü itirər. Bir sözlə deyim ki, aclıq hissi varsa, demək ki insulin orqanizmdə düşüb. Və biz nə qədər gec yeyəriksə yemek vaxtlarını qaçırdıb, o zaman gec yediklərimiz orqanizmdə dərialtı yağ kimi depolaşır. Çünki, bu zaman orqanizm öz şəxsi piy ehtiyatından istifadə edə bilmir, aclıq hissi olduğundan sizdən gözləyir! Çalışın insulin balansını qoruyun! O zaman özünüzü tox hiss edəcəksiniz! Ən əsası da analizləri verməyi unutmayın. Çünki aclıq hissi müxtəlif səbəblərdən də ola bilər".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə