Uşaqların elektron cihazlardan asılılığına necə son qoymaq olar? - ARAŞDIRMA

Uşaqların elektron cihazlardan asılılığına necə son qoymaq olar? - ARAŞDIRMA

Hər bir yeni nəsil əvvəlkindən daha fərqlidir, çünki onlar daha müasir və düşüncəli sosial mühitdə böyüyürlər. Uşaqların gələcək həyatlarında elektron cihazların fayda verib-verməyəcəyini təyin etmək qeyri-mümkündür. Cihaz asılılığı olmaması üçün, ilk növbədə, valideynlər tərəfindən müəyyən qaydalar təyin olunmalıdır.

Valideynlərin uşaqlara hansı tələblərin qoyduğunu anlamaq çox vacibdir. Əgər onlar çox zamanı orada keçirirlərsə, get-gedə maraq çoxalır. Belə halların baş verməməsi üçün valideynlərin özləri də uşağın gözü qabağında telefondan çox istifadə etməməlidir.

Hansı qaydalar uşağın elektron cihazlara bağlanmamasına kömək edəcək?

Uşaqların fikrini öncədən başqa bir şeyə yönəltmək lazımdır. Hər bir uşağın vaxtı əyləncəli keçirə biləcəyi və telefonu unutduracağı dostu olmalıdır. Əsas şərtlərdən biri yatmazdan əvvəl uşağa telefon verməmək, televizora və kompüterə baxmamaqdır. Amerika Pediatrlar Assosiasiyasına görə, 5 yaşınadək uşaqlara elektron cihazlar 25 dəqiqəyədək, ibtidai sinif şagirdlərinə 50 dəqiqəyədək, yeniyetmələrə isə bir saatdan çox olmamalıdır.

Həqiqətən də, mövcud şəraitə görə uşaqlar internetdə çox vaxt keçirməyə məcbur olurlar və artıq kompüter bacarıqlarına malik olan uşaqlar distant təhsilin öhdəsindən daha yaxşı gəlirlər. Məktəblilərə dəstək olmaq çox önəmli məsələlərdən biridir. Fikirlərini daha çox kitablara yönəltsə, musiqiyə, idmana getsə, o zaman sosial şəbəkələrdə oturmaq imkanı az olacaqdır.

Sosioloq Lalə Mehralı SİA-ya açıqlamasında uşaqların elektron cihazlardan asılı qalmasının mənfi tərəflərindən danışıb. Texnologiyanın inkişafı həyatda özünü göstərəndən sonra belə halların baş verməsi çoxalmışdır. Uşaqlar üçün maraq kəsb edən hər şey onların gündəlik istifadə etdiyi əşyalar sırasına daxil olur. Əvvəl bu, televizor idi, televizorun kanalları artdıqca uşaqların marağı daha çox artdı, sonralar yüngül kompüter oyunları, televizora qoşularaq istifadə etdiyi oyunlar, daha sonra ağıllı telefonlar həyatımıza gəldikdən sonra uşaqlar öz əyləncələrini onlarda tapdılar. Artıq uşaqlar küçədə oynayan oyunlarla qane olmur, zəmanənin uşaqları daha çox virtual aləmin marağındadırlar. Təbii ki, sağlamlıqlarına böyük təsiri vardır. Onlarda skelet normal inkişaf eləmir, sosial psixoloji vəziyyətləri yerində olmur. Daim sosial həyatdan asılı qalan uşaqların sosial adaptasiyası çox zəif olur, analiz edəndə görürük ki, bu oyunlar, ağıllı telefon aludəçiliyi uşaqların hərtərəfli inkişafına maneə olur.

Xüsusilə pandemiya zamanı uşaqların evlərə qapanması, məktəblərin olmaması və virtual müstəviyə keçməsi onları daha çox belə oyunlara meyilləndirmişdir. Evə qapanan uşaq təbii ki, oyun, əyləncə axtarışında olur. Uşaqların mənəvi sosial inkişafı üçün ünsiyyət vacibdir. Gediş-gəlişli qohum münasibətləri mütləqdir. Uşaqların öz köklərini tanıması bu tanışlıqlarda baş tutur. Bu məsələdə valideynlərin üzərinə böyük məsuliyyət düşür ki, uşaqların sosial çevrələrini inkişaf etdirə biləcək formada böyütsünlər.

Elektron cihazlara çox meyilli olan uşaqlarda hansı psixoloji dəyişikliklər baş verir?

Klinik psixoloq Nuriyə Quliyeva bu haqda fikirlərini açıqlayıb. Bir çox uşaqlar, adətən, aqressiv, şiddətə meyilli, silahla bağlı olan, qorxulu və fantastik oyunlara üstünlük verirlər. Aqressiv olan oyunlar təbii ki, onlarda qorxu, şiddətə meyillilik özündən zəiflərə güc tətbiq etmə kimi hallara gətirib çıxarır. Hətta belə mənfi məzmunlu oyunlara meyil etməyib, sadəcə, kompüterdən yaşlarına uyğun olmayan nələrəsə baxırlarsa, o zaman da azyaşlılarda əlavə yüklənmə, diqqət əksikliyi kimi hallar müşahidə edilir. Belə hallar çoxaldıqca, əlbəttə ki, psixi durumlarında müəyyən zəifliklər olacaqdır. Öncələr insanlar daha çox hərəkətdə olurdular. Onların aktiv hərəkətdə olması həm beyninə, öyrənmə qabiliyyətinə müsbət təsir göstərir, həm də fiziki olaraq boyunu inkişaf elətdirir. Telefonla çox vaxt keçirəndə insanlar passiv mövqeyə keçirlər. Bu cihazlarla sərhədi keçəcək formada məşğul olmaq fiziki, sosial inkişafın zəifləməsinə və neqativ yönümdə psixoloji durumun dərinləşməsinə gətirib çıxarır. Valideynlərə tövsiyəmiz uşaqları tam olaraq təcrid etmədən, mütləq şəkildə neçə saat və neçə dəqiqə məşğul olmasına diqqət yetirərək nəzarət altında saxlamalarıdır. Uşaqların zamanın çox hissəsini telefon, kompüter qarşısında keçirməsi, həm də onların danışıq qabiliyyətinə və davranışına mənfi təsir göstərir.

Son illərdə uşaqlarda telefon, kompüter və s. elektron texnikalara maraqlarının artmasının ən böyük səbəbi valideynləridir. Çünki uşaqlar onlara deyilənləri deyil, gördüklərini təkrarlayır, təqlid edirlər.

Bu sözləri defektoloq-loqoped Hökümə Mehbalıyeva deyib. Uşaq görür ki, ana-ata (digər ailə üzvləri) telefonla çox vaxt keçirir, bu səbəbdən də uşaqda texnikalara maraq olduqca artır. Və zamanla uşaqlarda telefon asılılığı vərdişi formalaşmağa başlayır.

Əgər valideynlər, övladlarının yanında telefon və s. qurğulardan az istifadə edərlərsə, uşaqları ilə bol zaman keçirərlərsə, onları bu vərdişdən azad edə bilərlər.

Əgər bir uşaq telefonda və kompüterdə saatlarla fasiləsiz şəkildə oyun oynayırsa, bu, mütləq ki, uşağın hər anlamda inkişafına mənfi təsir göstərəcəkdir.

Təkcə oyunlar deyil, saatlara cizgi filmi izləmək, fasiləsiz televizor qarşısında zaman keçirmək belə uşağın sosial inkişafında və ən əsası nitqinin inkişafında təsəvvür edə bilməyəcəyimiz qədər böyük maneələr yarada bilər.

Belə uşaqların böyük bir qismində psixi inkişafın və nitq inkişafının ləngiməsi kimi hallar özünü göstərəcəkdir. Çünki uşaq zamanın çox hissəsini evdə telefonla keçirdiyi üçün onda ünsiyyətsizlik problemi yaranacaqdır. Ünsiyyətsizlik isə bir müddət sonra assosiallıq və nitq inkişafının ləngiməsi ilə özünü daha qabarıq şəkildə göstərəcəkdir. Və bəzi hallarda isə nitqin heç olmamasına da gətirib çıxara bilər. Nitqi ləngimiş uşaq isə yaşıdlarından geri qalır, aqressiv davranışlar sərgiləyir, sosial bacarıqları inkişaf etmir və özünə qulluq vərdişlərinə demək olar ki, tam yiyələnmiş olmur.

Uşaqları elektron texnika vasitələrindən azad etmək üçün valideynlər, ilk növbədə, övladları ilə bol-bol zaman keçirməli və ən əsası uşaqların yanında telefondan istifadəni minimum səviyyəyə endirməlidir. Bu zaman valideynlər övladları ilə parka və s. yerlərə gedə bilər, onlar üçün maraqlı olan oyunları birlikdə oynaya bilərlər. Belə hallar çoxaldıqca isə ümumi inkişaf ləngiməsinin statistikasının artması ilə qarşı-qarşıya qala bilərik. Telefon asılılığı kəkələməyə gətirib çıxarır demək doğru-düzgün olmazdı. Çünki kəkələmənin yaranmasının ən böyük səbəbi qorxudur.

Lakin diqqət etmək lazımdır ki, uşaqlar telefonda sosial şəbəkələrdən istifadə edərkən öz yaşına uyğun videoları izləsinlər. Bildiyimiz kimi, sosial şəbəkə üzərindən istənilən video uşağın qarşısına çıxa bilər. Əgər uşağın qarşılaşdığı videoda şiddət və qorxu varsa, o zaman kəkələmənin yaranmasından söhbət gedə bilər. Həyəcan və qorxu müəyyən zaman sonra təkrarlamalar və tutulmalarla müşahidə oluna bilər ki, bu da artıq kəkələmənin növləridir. Çalışmaq lazımdır ki, uşaqlar öz yaşlarına uyğun videolar izləsin.

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə