Bir videolentin xatırlatması ilə... TƏHLİL+TƏKLİF

Bir videolentin xatırlatması ilə... TƏHLİL+TƏKLİF

Çoxdan idi ki, hansısa bir toy videolentinə baxmırdım. Əslində, bu cür lentlərə tez-tez də baxmaq olmur. Çünki haradasa iki-üç il əvvəl çəkilmiş belə videolara baxarkən neçə-neçə əzizlərimizin, doğmalarımızın dünyasını dəyişib artıq aramızda olmaması ilə adam böyük ürək sıxıntısı yaşayır.

Lakin bu videolentlər xalqımızın qədim və zəngin adət-ənənələrinin, mentalitetinin elə bir toplusudur ki, onları gənc nəslə göstərmək, hazırda həmin adət-ənənələrdən əsər belə qalmayan dövrdə övladlarımıza onları təbliğ etmək ən böyük borcumuzdur. Elə bu səbəbdən də videolentdə 10-dan çox doğmamın olmamasına, onları hər gördüyümdə sarsılmağıma baxmayaraq övladlarımla birlikdə həmin lenti səbirlə sonadək izlədim. Uşaqlar bir-birindən maraqlı adətlərimizi gördükcə heyrətlərini gizlədə bilmirdilər. Mən onların çoxsaylı suallarını ətraflı cavablandırır, adətlərimiz haqqında müfəssəl məlumat əldə etmələri üçün yaranan fürsəti həvəslə dəyərləndirirdim. Onlar isə bir-birilərinə belə deyirdilər: ay Allah, gör nələr varmış...

30-35 il öncə...

Bizi zamanın axarından ayıran cəmi bir qərinəlik kəsikdə çox məqamlar dəyişib. Bu, inkaredilməzdir. Artıq nə elçilik, sözalma, sözkəsmə, nişan, xınayaxdı, toylarımızdan, nə yas mərasimlərimizdən, nə də ki, hansısa bir bayram adətlərimizdən əsər-əlamət qalmayıb. Çox təəssüflə vurğulamaq istəyirəm ki, artıq uşaq, yeniyetmə və gənclərimiz bu adət-ənənələrimizi filmlərimizdən (onlar da çox az saydadır), bir də ki, bütün evlərdə olan belə videolentlərdən izləyir. Və izlədikcə də o qədər xoşları gəlir ki, onların unudulmasına yol açdığımız, səbəbkar olduğumuz üçün dərindən xəcalət çəkməkdən başqa əlacımız qalmır.

Nə üçün xəcalət çəkirik? Çünki o adət-ənənələrin unudulmasının səbəbkarları biz nəslin nümayəndələridir. Sinəmizi qabağa verib mübarizə aparmalıydıq vaxtında, qoymamalıydıq mərasimlərimizdəki adətlərimiz bu qədər silinib getsin, bu cür yadlaşsın. Günahkar bizik. Biz istəsəydik, belə olmazdı. Nə qalıb əlimizdə, nə?..

30-35 il ərzində bu qədər dəyişiklik olubsa, bəs yeni bir 30-35 ildən sonra nə olacaq? Azərbaycan toyu, ayrı-ayrı mərasimlərə aid adətlərdən yəqin ki, yalnız nağıl kimi danışacağıq nəvələrimizə. Bəs biz nəslin nümayəndələri dünyamızı dəyişəndən sonra necə? Övladlarımız öz övladlarına, nəvələrinə nə danışacaqlar? Beləliklə bir xalqa məxsus zəngin, bir-birindən maraqlı, qədim inanclarımızı özündə əks etdirən adətlərimiz onları gömdüyümüz torpağın altında çürüməkdə olacaqdır.

Videolenti izlədikcə o adət-ənənələr, bütün qohumların, qonşuların bir nəfər kimi iştirak etdiyi toy mərasimi adama çox qəribə gəlir. Uşaqlı-böyüklü hər kəsin üzündən yağan sevinc, səmimi şəkildə deyib-gülmələri o toylarla bugünkü toylarımız arasındakı fərqi gözlər önünə gətirir. Adətlərin necə yüksək səviyyədə-olduğu kimi yerinə yetirilməsi adamın qəlbinə “hanı o günlər” sualını doldurur.

İnsanlar bir-birinə qarşı nə qədər səmimi imiş, İlahi. Onlar nə qədər şad, xürrəm imişlər. Görəsən, indi nə üçün toylarımızda adamların üzündə bu ifadələr olmur? 30-35 il öncə ilə sonranı ayıran, belə fərqli edən cəhətlər nələrdir?..

Həyət toylarından restoranlara...

Öncə maraqlı və düşündürücü bir faktı söyləmək istəyirəm. Şəhər yerlərini anlamaq olar, həyətlərdə toy etmək bir qədər çətin başa gəlir. Axı indi ən ucqar, səfalı kəndlərimizdə hektarlarla həyəti, bağçası olanlar da toylarını gətirib yaşadıqları yerə yaxın şəhərlərdə, rayon mərkəzlərində edirlər. Səbəbkarı və günahkarı isə yenə biz özümüzük.

Həyət toyları zəhmət tələb edir. Çox işləməli, qonaqların qarşısına çıxmalısan. İşini o qədər planlı şəkildə qurmalısan ki, hər şey qaydasında olsun, tör-töküntü yaranmasın, hər kəs toydan razı getsin. Bu səbəbdən də insanlar zaman-zaman üz tutdular restoranlara. Öz rahatlıqları naminə adət-ənənələrimizi qurban etdilər. Axı həyət toylarını hamımız görmüşük. Bu cür toylar günlərlə işləmək, zəhmət çəkmək tələb edir. Toydan bir-iki həftə sonrayadək çalışmalısan ki, həyətin əvvəlki görkəmə gəlib çıxsın. Mağar qurmaqdan, ocaq yeri düzəltməkdən və ya qazanların altına qaz xətti çəkməkdən, odun yarmaqdan tutmuş bazarlığa, digər işlərin hər biri üçün vaxt ayırmalı, onları ardıcıl şəkildə yerinə yetirməli idin. Bütün bunlar da yəqin ki, insanlara zaman-zaman yorucu gəldi və onlar toyların yerini dəyişdilər. Həyətdən, mağardan restoranlara olan yollarda adətlərimizi itirə-itirə getdilər.

Təbii ki, mağar toylarındakı qələbəlik, səmimilik, şadlıq evlərində, restoranlarda olmur. Səbəbini belə izah edərdim ki, restoranlara mağar toylarındakı kimi bütün qohum və qonşuları, dost-tanışları sığışdıra bilmirik. Restoranlar öz xidmətlərini elə baha qiymətə təklif edirlər ki, biz də az adamla bu qiymətlərin öhdəsindən gəlməyə çalışırıq. Beləliklə başlayırıq toyda iştirak edənləri siyahıya almağa. Həmin bu siyahıda qohumluq-qonşuluq əlaqələri, adət-ənənələrimiz bir-bir məhv ola-ola gedir. Bütün problemlər həmin siyahılardan başlanır. Uşaqlı-böyüklü hamını çağıra bilmirsən, çünki onların toya yazdıracaqları pul sənin xərcini ödəmir. Belə olanda hər evdən bir-iki nəfər nəzərdə tutursan və heç bir xəcalət çəkmədən, utanmadan çağırıb ən yaxın qohumlarına deyirsən ki, sizin ailədən iki nəfər nəzərdə tutmuşuq, filankəs, bir də filankəs, gələrsiniz. Onlar da nə etsinlər, bu cür də gəlirlər. Nəticə nə olur?

Bibioğlusuz, əmiqızısız, dayıoğlusuz, xalaqızısız toylar...

Dəfələrlə şahidi olmuşam ki, ən yaxın qohumlar bir-birinin toyunda iştirak etmirlər. Hansı ki, gənc nəslin adət-ənənələrimizi əxz etməsi, onları görüb sabah yaşatması üçün toydan gözəl məqam ola bilməz.

Restoranın baha olması, bizlərinsə zəhmət çəkməmək üçün həyətlərimizdə toy keçirməməyimiz səbəbindən ailə quran gəncin bibioğlusu, əmiqızısı, dayıoğlusu, xalaqızısı və sair yaxın dost-tanışlar toyda iştirak edə bilmirlər. Bu, dəhşətdir, dəhşətdən çox faciədir ki, yaxın qohumlar övladının ən gözəl günündə onun yanında ola bilmirlər. Belə olanda nə baş verir? Bəy və ya gəlin özünü toy salonunda tək hiss edir. Axı gözlərimizi həyata açıb görmüşük ki, gəlinin, bəyin yanında yeniyetmə, gənclər olub, deyib-gülüblər, rəqs edib şənləniblər.

Lakin müasir toylarımızda gəlin də, bəy də təklənib oturur bir kənarda. Çox az sayda özləri yaşda adam olduğuna görə kənardan da hiss olunur ki, toy sönük keçir. Çünki toyları şənlikli edən gənclərdir. Onlar yorulmaq bilmirlər, lakin yaşlı adamlar saatları sayırlar ki, vaxt tamam olsun, durub gedələr evlərinə.

Toylara uşaqların gətirilməməsi son vaxtlar bir dəbə çevrilib. Bu isə, sözün həqiqi mənasında, yeni bir faciənin başlanğıcıdır. Bir uşaq ən yaxın qohumunun toy mərasimində iştirak etmirsə, onun toy haqqında təəssüratları necə yarana bilər? Bəs o, hansı yaşda toy anlayışının nə demək olduğunu dərk edəcək?

Nəticə etibarilə, insanın özünün özünə etdiyini kənardan heç kim edə bilməz. Toylarımızdakı qədim adət-ənənələrə, qohumluq əlaqələrimizə, uşaq, yeniyetmə-gənclərimizin mənəvi inkişafına baltanı bizlər çalmışıq. Rahatlığımız naminə toylarımızı mağarlardan şadlıq saraylarına aparıb qohumları özümüzdən kənarlaşdırmışıq. Öz əllərimizlə adət-ənənələrimizi torpağa gömmüşük. Ayrı-ayrı mərasimlərdəki adətlərin keçirilməməsinə göz yummuşuq. Müasirliyin həyatımıza gətirdikləri ilə çox tez barışmışıq.

Bir ağsaqqal, bir ağbirçək kimi qarşıya çıxıb, “ay camaat, dayanın” deyən olmayıb. “Siz bu xislətlə haraya qədər gedəcəksiniz” deyən olmayıb. “Sizə kim ixtiyar verir ki, bu adətləri bu günə qoyursunuz” deyən olmayıb. Elə bu səbəbdən də indi bu gündəyik.

Nə sözümüz o söz, nə xınamız o xına,

nə nişanımız o nişan, nə də toyumuz o toydur...

30-35 ilin videolentinə tamaşa etdikcə sanki orada gördüklərim “dil açıb” bu sualları verirdi mənə: hanı o sözlər, nişanlar, xınalar, toylar?

Həqiqətən hanı o elçilik, sözalma, sözkəsmə, o nişan? Bir qızı atasından, yaxınlarından almaq üçün bir qapıya oğlan adamı düz dörd-beş dəfə ayaq döyürdü. Birinci qadınlar qızın anası ilə danışmağa gedirdilər. Razılıq olardısa, ikinci dəfə kişilər gedir, evin ağsaqqalı ilə söz kəsirdilər. Onlar da özlərini ağır salır, filan vaxtı gəlin, bir də oturaq, danışaq deyirdilər. Üçüncü dəfə oğlan evi gedib qızın sözünü alırdı. Dördüncü dəfə isə nişan mərasimi keçirilirdi.

İndi isə bütün məsələlər telefon vasitəsilə həll olunur. Vur-tut bir dəfə kişilər yığışıb qız evinə gedər-getməz, söz alındı, keçirlər nişana, vəssalam. Müasir dövrdə qədimdən gələn ikirəngli şirin çay artıq çox nadir halda içilir. İndi həmin şirin çayların yerini bəzi hallarda buradan oraya açılan və üzərində, necə deyərlər, quş südü də olan süfrələr əvəz edir. Hansı ki, bir ikirəngli şirin çay illər öncə bütün bu lazım olmayan və israf süfrələri gözəl şəkildə əvəz edirdi.

Nişan mərasimlərini də evlərimizdən restoranlara köçürmüşük. İsrafçılığın son həddi olan nişan mərasimlərini həm də o qədər müasirləşdirmişik ki, əvvəlki o sadə, yaddaqalan, adət-ənənə dolu nişanlardan əsər-əlamət qalmayıb. Hansı ki, iki gəncin birləşməsini kiçik, lakin maraqlı bir mərasimlə yaddaqalan etmək bəhs edər.

Xınayaxdı mərasimlərimiz haqqında danışanda isə, vallah, adamın ürəyinə sıxıntı çökür. Elə tək onu demək kifayətdir ki, biz xınayaxdı mərasimlərimizin yaraşığı olan haxıştalarımızı “yüksək-yüksək təpələrə ev qurmasınlar, uzaq-uzaq məmləkətə qız verməsinlər”ə dəyişmişik. Bunu xınayaxdılarımıza tətbiq edənlərə vaxtında qarşı çıxmadığımız üçün nəticə etibarilə, bütün qızlarımız öz xınasında hökmən bu mərasimi keçirməyə üstünlük verirlər.

Xınayaxdı mərasimlərimiz də evlərimizdən restoranlara köçürülüb. Ta qızın qapısına xeyli qalmışdan kollektiv şəkildə-oğlanın bacısının, xala, bibi, dayı, əmiqızılarının, yaxın qohum-qonşuların səsləndirdiyi haxıştalar eşidilmir. İndi bu haxıştaları təhrif olunmuş şəkildə xına təşkilatçılarının heç tanımadığımız işçiləri bizim üçün səsləndirir...

Toylarımız isə göz önündədir. Yuxarıda da dediyim kimi, toylarımız tamamilə “müasirliyə” uğrayıb. O toylardan əsər belə qalmayıb. Milli musiqimizdən çox qulaqbatırıcı xarici musiqilər səslənən, milli mətbəximizdən çox tanış olmayan mətbəxlərin menyuları təklif olunan, gənclərin edəcəyi rəqsləri artıq yaşlıların etdiyi, yallılarımızın çox halda yoxa çıxdığı, adətlərimizin itib-batdığı toylarımızın nəyindən danışaq?.. Bu videolentdəkilərin hansı var indi ki, ondan danışaq...

Yenə də gec deyil

Nə etmişiksə, biz etmişik. Adət-ənənələrimizi bu vəziyyətə gətirib çıxarmışıq. Düşünməmişik ki, illər sonra övladlarımıza verməyə əllərimizdə heç nə qalmayacaq. Hər birimizin övladı evlərimizdəki videolentlərə baxıb bizə onlarla sual yağdıracaq: indi nə üçün belə deyil, nə üçün indi ta belə etmirsiniz, niyə ta bu yoxdur kimi suallar. Bu suallara bizlər cavab verməli olacağıq. Bəs nə cavab verəcəyik? Övladımızın qarşısında başıaşağı qalmaqdan başqa çarəmiz olacaqmı?

Onlar həmin dövrləri bəyənirlər, o toylar onlara xoş təsir edir. Eynilikdən gözləri yorulub, fərqlilik görmək istəyirlər. Həmin fərqlilik isə bizim bir-birindən gözəl adətlərimizdir. Həmin adətləri biz sıradan çıxardığımız kimi, biz də bərpa edə bilərik. Sadəcə, bunu istəmək lazımdır. Özümüz üçün istəməsək də, övladlarımız, yetişməkdə olan gələcək nəsil üçün, onların zəngin mənəvi keyfiyyətlərə malik olmaları, məxsus olduqları xalqın adətlərini bilmələri naminə etməliyik. Bu, bizim həm övladlarımız qarşısında, həm də Vətənimiz qarşısında olan borcumuzdur.

Nə qədər ki, gec deyil, qayıtmalıyıq o toylarımıza. Şəhərdə də, kənddə də bacardığımız qədər adətlərimizi tətbiq etməyə çalışmalıyıq. Onların məhv olmasına yol verməməliyik. “Müasir” elçilik, nişan, xınayaxdı, toy istəyində olanlara qarşı çıxmalıyıq. Bəzən bizimlə razılaşmayan, öz toy mərasimində həmin “müasirlikləri” görmək istəyində olan övladlarımızla söhbət aparmalı, onları maarifləndirməli, evlərimizdəki videolentləri izlətməklə adət-ənənələrimizi yaşatmağa borclu olduğumuzu anlatmalıyıq.

Ən yaxşı hal isə bu olar ki, rejissorlarımız bax bu cür videolentlər əsasında yeni filmlər çəksinlər. Çünki gün gələcək ki, həmin videolentlər də olmayacaq. Onlar nə qədər ki, evlərimizdədir, onlardan istifadə edib çox gözəl filmlər hazırlamaq olar. Bu, uşaqlarımızın, yeniyetmə-gənc övladlarımızın düzgün tərbiyə edilməsində əvəzsiz vasitə ola bilər...

Nə qədər gec deyil, bir düşünək...

Mətanət MƏMMƏDOVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə