"Bizimkilər adi mağazadan geyim alıb geyinirlər" - EKSPERTLƏR MÜNASİBƏT BİLDİRDİ - SORĞU
Hər bir insanın özünəməxsus geyim tərzi olur. Lakin səhnə adamları buna daha çox fikir verməli, qeyri-adi və dəbli obraz yaratmağı bacarmalıdır. Səhnə geyimi necə olmalıdır? Müğənnilər hansı məqamlara diqqət etməlidir? Azərbaycanlı və xarici müğənnilərinin fərqi nədir? SİA mövzu ilə bağlı stil məsləhətçisi və ekspertin fikirlərini öyrənib.
Stil məsləhətçisi, geyim psixoloqu Rena Əliyeva mövzu ilə bağlı fikirlərini belə ifadə edib: "Səhnədə geyinilən hər bir geyim kostyum adlanır. Səhnə geyimi elə olmalıdır ki, ilk öncə səhnəyə çıxan şəxsin hansı səbəbdən səhnəyə çıxması müəyyənləşdirilməlidir. Geyim də buna görə dəyişir.
Dünya şöhrətli şou ulduzlardan danışırıqsa, səhnədə bir şou olmalıdır. Yəni səhnəyə müğənni də çıxsa, aparıcı da çıxsa konsept şoudur. Geyim də bu şounun bir parçasıdır. Aparılacaq şouya, əsasən, kostyumlar insan bədəni ilə bütünləşməlidir.
İlk öncə çəkimlər olur, geyimi kimin tikəcəyinə qərar verilir. Sonra parça seçilir. Daha sonra da tikilir. Bu, uzun bir prosesdir. Düzü, bizim ölkədə bu məsələyə dırnaqarası baxılır. Amma digər ölkələrdə bunlar çox önəmlidir.
Səhnə kostyumu səhnəyə çıxan insana görə fərdiləşir. Əgər səhnəyə çıxan rok tərzində biridirsə, təbii ki, bu geyim romantik tərzdə olsa gülməli olar. Burada daha çox dəridən istifadə etmək lazımdır. Əsas odur ki, məqsəd bilinsin. Bundan sonra stil formalaşacaq.
Səhnə geyimləri ilk öncə rəngli olmalı və digərlərindən seçilməlidir. Səhnə adamı böyük bir topluma mesaj verir.
Dünya ulduzları geyimləri ilə, hətta dünyada baş verən qlobal problemlərə belə toxunurlar. Rusiya-Ukrayna müharibəsində ulduzlar Ukrayna bayrağını makiyaj və geyimlərində istifadə edərək öz dəstəklərini bildirirdilər.
Kütlə qarşısına çıxan şəxs geyiminə digərləri ilə müqayisədə daha çox fikir verməlidir. O, təkcə səsi ilə deyil, həm də görünüşü ilə zövq oxşamalıdır.
Xaricdə bir ulduzun geyimi üzərində yüzlərlə insan çalışır. Bizdə isə gedib adi mağazadan geyim alıb geyinirlər. Buna görə də bizim səhnə və şoumuz güclü deyil. Müğənnilərimiz də ön planda deyil. Səhnə gözəllik yarışması deyil. Burada məqsəd geyim ilə öz sözünü deməkdir. Yəni, ulduz normal insanların geyinə bilməyəcəyi geyimləri geyinib, öz fərqini ortaya qoymalıdır".
Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: "Azərbaycanda müğənnilərin zövqlü olduğunu demək doğru olmazdı. Ümumiyyətlə, biz cəmiyyət olaraq görüntü xatirinə geyinirik. Çox vaxt rahatlığımızı deyil, başqalarının nə fikirləşəcəyini düşünürük. Buna görə də azərbaycanlıları tez-tez əndrabadi qiyafətdə görmək mümkündür.
Azərbaycan müğənniləri Azərbaycan cəmiyyətinin bir parçasıdır. Çox vaxt onlar da "axın"a qoşulurlar. Azərbaycanda zövqlü müğənnilərin sayı barmaqla göstəriləcək qədər azdır.
Müğənnilərin zövqsüzlüyü səhnə geyimlərində də özünü göstərir. Bəzi şou nümayəndələri yatağ otağı üçün nəzərdə tutulan paltarla səhnəyə çıxırlar. Bu isə onların qeyri-ciddi imicini yaradır, bir çox hallarda sənətləri kölgədə qalır. Müğənninin sənəti ilə səhnə geyimi bir-birini tamamlamalıdır.
Çox uzağa getməyək. Gənc və populyar bir müğənninin iki üç gün əvvəl səhnəyə çıxdığı geyimi nəzərdən keçirsəniz, mənə haqq qazandırarsınız. Tutaq ki, özünün zövqü yoxdur, seçim edə bilmir. Bəs bu adamın stilisti də yoxdur? Doğrudanmı bu xanıma məsləhət verən, yol göstərən bir nəfər yoxdur?
Bu müğənninin nə geyindiyi, yaxud necə geyindiyi məni zərrə qədər də narahat etməzdi. Ancaq problem odur ki, gənclərimiz alimə, aydına deyil, belələrinə bənzəməyə, onları təqlid etməyə can atırlar. Ona görə də hər bir sənət adamı ifa tərzi ilə yanaşı, geyiminə də diqqət etməlidir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB