Heyvanlarla təmas zamanı təhlükəsizliyimizi necə qorumalıyıq? - ARAŞDIRMA
Polşa yazıçısı Joanna Zielinska deyir " Biz insanlar tərəfindən canlılar üçün qurulmuş bir dünyada yaşayırıq, insanlar orada sağ qalacaqlar, lakin heyvanlar bunu bacara bilməyəcəklər". İnsanlar tərəfindən küçə heyvanlarına qarşı edilən qəddarlıqlara son vaxtlar daha çox rast gəlirik.
Son bir neçə onillikdə bəşəriyyət problemi dərk etməyə başlayır və vəziyyəti elə dəyişdirməyə çalışırlar ki, pişiklər, itlər insanların yanında rahat yaşaya bilsinlər. Təbii ki, bunun üçün ilk addım kimi heyvanların hüquqlarının olduğunu etiraf etmək və onlara qarşı olan aqressiv münasibəti dəyişmək lazımdır.
Müxtəlif ölkələrdə dəyişikliklər müxtəlif yollarla və müxtəlif sürətlə baş verir. Statistikalar heyvanların mühafizəsinin dərəcəsinin ölkənin iqtisadi rifahı ilə birbaşa əlaqəli olduğunu göstərir. Heyvanların sayının tənzimlənməsi və ev heyvanlarının qorunması sahəsində xarici təcrübə göstərir ki, bu problemin həlli kompleks tədbirlər tələb edir. Ümumilikdə götürsək üç komponenti göstərə bilərik.
1. Heyvanların mühafizəsi ilə bağlı qaydaların qəbulu.
2. Sistemli kütləvi sterilizasiya proqramlarının aparılması və sığınacaqların yaradılması.
3. Əhalinin təhsili və təlimi.
Hansısa tikinti sahələrin və ya parkların yanından keçəndə sahibsiz itlərə rast gəlirik. Çox vaxt onlar insanlara əhəmiyyət vermir, lakin bəzən aqressiv olurlar. Küçələrdəki heyvanların sayı niyə bu qədər çoxalır?
Heyvanların probleminə hər kəs şüurlu yanaşmaq iqtidarında deyil və təəssüf ki, bütün əxlaqi problemlərin qanun sözü ilə deyil, vicdanla həll ediləcəyi ideal bir dünyada yaşamırıq. Xəbərdarlıq, cərimə və həbs kimi məhdudiyyətlər sistemi tərtib etmək lazımdır ki, insanlar heyvanalara qarşı qəddarlığa yol verildikdə ciddi nəticələrə səbəb olacağını başa düşsünlər.
Mövcud sığınacaqlarda şəraitin yaxşılaşdırılması və sahiblənməyə götürmə mərkəzləri şəbəkəsinin inkişaf etdirilməsi mühüm məsələlərdəndir.
Sahibsiz itlər qlobal problem kimi bütün dünyaya yayılmışdır. Ölkəmizdə belə heyvanların dəqiq sayını öyrənmək üçün rəsmi statistika yoxdur. Mütəxəssislərin dediklərinə görə son vaxtlar sahibsiz heyvanların sayı çoxalır , xüsusilə böyük şəhərlərdə onların sayında çoxluq hiss olunur.
Yiyəsiz heyvanların əksəriyyəti küçədə doğulur. Ev itləri isə evdən kənar həyata tamamilə uyğunlaşmırlar.
Canlı Aləmin Mühafizəsi Alyansının sədri Mənsurə Rəsulzadə SİA- ya açıqlamasında qeyd edir. Ev Heyvanlarının Mühafizəsi Avropa Konvensiyasına 2007- ci ildən bizim dövlətimiz də qoşulmuşdur. Konvensiyada ev heyvanları sinifinə mənsub olan yiyəsiz heyvanların məsuliyyətini dövlətin üzərinə düşdüyünə qərar verilib. Konvensiyada onların peyvəndləməsi, təkcə bir məkanda yox, bütün bölgələrdə mərkəzlərin olması nəzərdə tutulmuşdur. Həmçinin heyvanların öldürülməsi ilə bağlı qadağa olunması ilə də bağlı qərar qəbul edilib. Onların təhlükəsizliyi, aqressiyası da məhz insanların aqressiya səbəbindən yaranır. Küçələrdə insanlardan daha çox şiddət görürlər deyə qorxurlar. Sürü ilə gedən heyvanlar kimsə toxunanda özlərini müdafiə etmək üçün aqresiyyalarını göstərir. Bu kimi halların qarşısını almaq üçün daha çox məsuliyyət Dövlət Baytarlıq Xidmətinin üzərinə düşür. Bunun üçün artıq prezidentin imzası ilə qərar çıxarılmışdır. Heyvanlar üçün sığınacaqlar yaradılmalıdır. Bir yerdə işləmək, insanları bu işə yönləndirmək üçün dəfələrlə baytarlıqlarla görüşüb, təkliflərimizi irəli sürmüşük. Dövlət maliyyəni minimal ayırdığı üçün xeyriyəçilik yolu ilə də onların qayğısına qalmaq olar. Heyvanların yemləməsi, vaksinasiya edilməsi üçün insanlar həmrəy olmalıdırlar. Onların küçələrində olmaması təkcə insanların yox, elə özlərin də ziyanlıdır.
Yiyəsiz heyvanlara sahiblənmək üçün daha çox heyvansevərlər və xarici vətəndaşlar müraciət edirlər. Kömək üçün müraciət etdiyimiz hər bir qurum məsuliyyətsiz yanaşaraq işini daha yuxarıdakı fondların üzərinə atırlar. Nə öz işlərini həyata keçirir, nə də bizim işimizi həyata keçməyə şərait yaradırlar. Buna görə də torpaq sahəsi ayrılma problemimiz hələ də var. Son vaxtlar heyvanlara qarşı şiddət daha da çoxalır deyə Bakıda 3/4 sığınacaq üçün yer axtarırıq. Hətta vaksinasiya edilib təyin edilmiş məkana yerləşdirmək üçün aparılan heyvanların yoxa çıxması bəlli oldu və sözsüz ki, bunlar həmin qurumun vətəndaşlarının gizlin şəkildə həyata keçirildiyi işlərin sübutudur. Problem onların bir qisminin öldürülməsi ilə həll olunmur. 20 ildir bu işdəyəm və 20 ildir biz heyvanları müdafiə edirik, sahibləndiririk. Konvensiyanın tələblərindəki prosesləri düzgün həyata keçirsə, heyvanların rifahı qorunar və bütün problemlər həll olunar. İstəyirik ki, heyvansevərliyi qəribə, əcaib bir fəaliyyət kimi qəbul etməsinlər, əksinə ciddi yanaşsınlar. Bir çox valideynlər övladlarını nəinki küçələrdə olan yiyəsiz heyvanlardan hətta ev şəraitində saxlayan heyvanlardan belə uzaq saxlamağa çalışırlar.
Heyvanlarla ünsiyyət uşaqların psixologiyasına necə təsir edir?

Müasir uşaqlarla 30/50 il öncəki uşaqlar arasında müqayisə etsək görərik ki, əvvəlki uşaqlar indiki nəslin uşaqlara nisbətən təbiətə daha yaxın idilər. Həyət evlərdə, kənd yerlərdə yaşayanlar daimi olaraq təbiətlə, yaşıllıqla və canlılarla mütəmadi ünsiyyətdə olurdular. Bu sözləri psixoloq Orxan Oruc deyib. Son 10/15 ili götürsək təbiəti də, canlıları da müasir elektron mühit əvəz edib. Artıq uşaqlar toyuq bəsləməyi belə hansısa oyunlar vasitəsilə həyata keçirirlər. Hətta heyvanlarla birgə əylənməyi də oyunlar vasitəsilə edirlər. Bu da sözsüz ki, uşaqların inkişafı üçün çox ciddi çətinliklər yaradır.
Eyni zamanda müasir həyatımızda ev heyvanları saxlamağa onlara üstünlük verən insanların sayı da çoxalır. Uşaqların ev heyvanları ilə ünsiyyətlərin müsbət və mənfi tərəfləri nədir? Bəzi valideynlər düşünürlər ki, ev heyvanları ilə ünsiyyət uşaqlara zərər verə bilər və sağlamlığına xəsarət yetirər. Əksinə düşünən peşəkar mütəxəsislər də vardır ki, uşaqlarla canlıların ünsiyyəti bir növ onların inkişafına müsbət təsir göstərir. Uşaqlar ev heyvanlarla ünsiyyətdə olanda ilk cəhətdən fərqli bir canlı aləmdə olduqlarını düşündükdən sonra onların da bir insan kimi əyləncəli vaxt keçirməyinə, müəyyən fiziki tələbatların ödənilməsi lazım olduğunu başa düşürlər. Onlar da təbiətin bir parçasıdır anlayışını dərkt etmiş olurlar. Heyvanlarla ünsiyyətdə müəyyən emosiyaların olduğunu, kədərləndiyini, acıqlandığını, sevinə bildiyini hətta küsə bildiyini belə öyrənirlər.Təbii bir prosesin içində özlərin də kənardan müşahidə etmək imkanları olur. Canlıların həyatına nəzər yetirsək onların doğulması və ölməsi insanın həyat ömründən daha qısa müddət ərzində baş verir. Və mütləq bir şans yaranır ki, uşaq evdə doğulan və ölən heyvanı görsün. Bu uşağın bir tərəfdən doğum və ölüm anlayışının kiçik yaşlardan dərk etməsinə kömək edir. Bu da irəliləyən həyatda reallığı daha rahat şəkildə qəbul etməyə dəstək verir.
Canlılarla ünsiyyət uşaqların məsuliyyət hissinə də müsbət təsir göstərir. Onlarda kiçik yaşlardan məsuliyyət hissinin yaranmasına kömək edir. Burda valideynlərinin də rolu böyükdür. Heyvanların qidalanması , suyun verilməsi, təmizliyini uşaqlar icra etdikcə özlərində məsuliyyət hissi formalaşır və dərk edirlər ki, ondan asılı olan, onun baxmasına ehtiyac duyulan bir canlı var. Uşaqlar canlılarla mütəmadi əyləncə bir mühitdə olur və bu uşaqların sosial bazaların inkişafına təsir göstərir. Eyni zamanda uşaqlar adətən daha çox sevgi alan və sevgi gözləyən obrazda olurlar. Heyvanlarla ünsiyyət zamanı uşaq başa düşür ki, qarşılıqlı sevgi nə qədər önəmlidir. Təbiətin bir qanunu kimi onun verdiyi sevginin geri qayıtmasının şahidi olurlar.
Heyvanlarla təmas zamanı nəzərdə tutulan təmizliklərə riayət olunmadıqda bir çox dəri xəstəliklərinə də rast gələ bilir. Onlarla ünsiyyət zamanı dəri xəstəliklərə tutulmaması üçün necə tədbirlər görməliyik?
Dermatolog Mədinə İsmayılova bu haqda SİA- ya danışıb.
2000 -dən çox dəri xəstəlikləri mövcuddur və bu xəstəliklər də qruplara bölünmuşdür. Onlardan biri də ev heyvanlarından keçən dəri xəstəliklər sayılır. Ən çox evdə saxladığı heyvanlara it, pişik, kirpi, ev quşları və s aid etmək olar. Ən çox dəri xəstəlikləri itlərdən və pişiklərdən keçdiyini müşahidə edirik. Xəstəliklər arasında birinci yeri göbələk xəstəlikləri təşkil edir. Elə bir gün olmur ki, pasiyentlər bu xəstəliklə müraciət etməsinlər. Göbələk xəstəliyi insana daha çox xəstə heyvanla təmas nəticəsində keçir. Onları tumarlayarkən qısa bir müddətdə insan yoluxur ve təxminən 6/10 gün ərzində insanın dərisi qaşınmağa, qızarmağa başlayır və sonra dəri iltihabı şeklində özünü göstərir. İltihab müxtəlif formalarda ola bilər və hər bir insanın dərinin xüsusiyyətlərindən asılı olaraq xəstəliyin gedişatı müxtəlif ola bilir. Müxtəlif yaşda olan insanlarda dəyişik əlamətlərlə özünü göstərir. Bəzi insanlarda quru qaşınma, qızarma, dəridə irinləmə prosesləri, bəzilərdə isə sulanma və,s kimi əlamətləri olur. Göbələk xəstəliyinə el arasında " Dəmirov" deyirlər. Dəmirov sözü geniş məna daşıyır. Ümumiyyətlə, bir-birinə bənzəyən belə xəstəliklər Dəmirov termini altında birləşə bilirlər. Amma bu xəstəliklər bir-birindən çox seçilir və səbəbləri müxtəlifdir. Dəmirov ümumi bir anlayışdır. Dəridə hansısa iltihabi proses hiss etdikdə dərhal dermatologa müraciət etmək lazımdır. Pişiklərdən keçən daha bir xəstəliyi də var ki, bu "Pişik cızma" xəstəliyi adlanır. Xəstə pişiyin insanı cızma nəticəsində dərisinə bakteriyalar keçir və bunun əlamətləri həmin cırmaqlamış yerinin ətrafında limfa vəziləri şişkinlik, qızartı olur. Üstündən bir neçə həftə keçdikdə insanda baş ağrısı, ümumi halsızlıq, hərarəti qalxır. Bəzən bunun fəsadları daha ağır ola bilir. Göbələk xəstəliyi nəticəsində tük tökülmə də baş verir. Bununla bərabər yaxşı qulluq edilməyən it və pişiklərdən birə keçə bilər. İnsanlardan əlavə heyvanların özlərini də infeksion xəstəliklərə yoluxdura bilərlər. İnfeksiya nəticəsində insanlarda yaranan yaralar həyat üçün təhlükəlidir. Göbələk xəstəlikləri bir insandan eyni evdə yaşayan digər insanlar da qısa müddətdə keçmək ehtimalı böyükdür. Bu, sadəcə, xarici görünüşə görə yox, insanın sağlamlığına, ətrafdakılara yayılmamağına görə vaxtında tədbirlər görmək mütləqdir. Heyvan saxlayan insanlar heyvanı ən azı ildə iki dəfə veteranara göstərməlidirlər ki, onların gələcəkdə tutulacaq xəstəliklərin qarşısını almaq üçün öncədən addımlar atsın. Həmçinin insan özündə vaxtı vaxtında təmizliyə riayət etməlidir.
Bəs ev heyvanların tutula biləcəyi xəstəliklər hansılardır?

Bir canlı orqanizm olaraq ev heyvanlarınında (əsasən itlər və pişiklər) çeşidli xəstəlikləri mövcuddur. Bu xəstəlikləri infeksion, invazion və yoluxmayan xəstəliklər adı altında qruplaşdıra bilərik. Bu fikirləri baytar-həkim Adil Əsgərov bildirib. Burada əsasən sizinlə itlərdə və pişiklərdə olan infeksion ( müxtəlif bakterial, virus və göbələk mənşəli xəstəliklər) və invazion ( ibtidailər, helmintlər və müxtəlif parazitlərin səbəb olduğu xəstəliklər) xəstəliklərdən bəhs edəcəyik. Əsasən infeksion və invazion xəstəliklər barədə məlumat verməyimizin səbəbi, bu xəstəliklərin ev heyvanlarında daha çox rast gəlinməsi və eyni zamanda həmin xəstəliklərin bəzilərinin insanlara da yoluxma (zooantroponoz xəstəliklər) ehtimalının olmasıdır.
Həkim həmçinin itlərdə ən çox rast gəlinən xəstəliklərə virus mənşəli olan parvovirus, ətyeyənlərin taunu, adenovirus, paraqrip xəstəliklərini, bakterial mənşəli olan leptospiroz, pasterelyoz, salmanelyoz, tuberkulyoz xəstəliklərini, ibtidai təkhüceyrəlilərin törətdiyi leyşmanioz, anaplazmoz xəstəliklərini, xarici parazitlərin törətdiyi demodekoz, sarkoptoz xəstəliklərini, müxtəlif göbələk və qurd xəstəliklərini misal göstərib.
Pişiklərin ən çox rast gəlinən xəstəliklərinə isə kalsivirus, panleykopeniya, herpesvirus kimi virus xəstəlikləri, xarici parazitlərin törətdiyi xəstəliklər, göbələk və qurd xəstəliklərini misal göstərmək olar.
Zooantroponoz, yəni heyvanlardan insanlara keçən bəzi xəstəliklərdə vardır ki, bunlardan bəzilərini yoluxma ehtimalı daha yüksək bəzilərinin isə yoluxma ehtimalı daha aşağıdır. Bu xəstəliklərə qurd xəstəlikləri, göbələk xəstəlikləri, parazitar xəstəlikləri və s misal göstərmək olar. Heyvanlardan insanlara keçən ən təhlükəli xəstəlik isə virusların səbəb olduğu quduzluq xəstəliyidir. Ölkəmizdə ev heyvanlarından insanlara yoluxan quduzluq xəstəliyinə çox az rast gəlinsə də bunu gözardı etmək də düzgün yanaşma hesab edilmir. Lakin heyvanların xəstəlikləri ilə bağlı olan profilaktik tədbirləri (peyvəndləmə, xarici və daxili parazitlərdən təmizlənmə və s.) həyata keçirdiyiniz təqdirdə xəstəlik yoluxma ehtimalını sıfır faizə endirmək mümkündür.
Düşünürəm ki, dövrümüz tələbi ilə küçədən heyvan sahiblənmək ən təqdirəlayiq bir addımdır, amma bu istəyi kortəbii halda reallaşdırmaq sizin və sahibləndiyiniz heyvanın həyatında bir sıra mənfi halların da yaşanmasına səbəb ola bilər. Bu ehtimalları nəzərə alaraq və özünüzün və heyvanınızın səhhətini təhlükəyə atmamaq üçün, sahiblənəcəyiniz heyvanın hər şeydən öncə bir baytar həkim müayinəsindən keçməsini təmin edin.
Sahibləndiyiniz və bütün lazımi profilaktik tətbrirlərin aparıldığı sağlam bir heyvan sizə bir ömür boyu ən gözəl dost ola bilər. Düzgün yetişdirilən sağlam bir ev heyvanı özündə sizin üçün heç bir təhlükə ehtiva etmir.
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB