Dövlət qulluqçusu — inzibati sistemə uyğun olaraq dövlət qulluğunu yerinə yetirmək üçün təyin edilmiş peşə qrupuna verilən addır. Dövlət qulluqçuları aylıq maaşla işləyirlər.
Məmur hansı xüsusiyyətlərə sahib olmalıdır?
1) İşinin əhəmiyyətini bilməlidir.
2) Davamlı inkişafda olmalıdır.
3) Mütaliə etməlidir.
4) Xarici dil öyrənmək üçün səy göstərməlidir
Bəs, gəlin görək dünyada və Azərbaycanda olan məmurlar arasında hansı fərqlər var?
Təvazökar sözünün mənası “sadə” deməkdir. Bu vəziyyət, ümumiyyətlə, insanın xarakter quruluşuna görə deyilir. Təvazökar sözü özləri və ya etdikləri ilə öyünməyi sevməyən, özünü göstərməyən və təvazökar insanlar üçün istifadə olunur.

Araşdırmalara görə, bir sıra dünya ölkələrində məmurlar, vəzifəli və varlı şəxslər çox təvazökardır. Onlar daha minimalist və sadə olmağa üstünlük verirlər. Düzdür, Azərbaycanda da belə məmurlar var. Amma çox deyil. Onları lüks avtomobillərdə və cangüdənlərlə görməyə öyrəşsək də, bir çox dünyaca məşhur siyasətçilər tez-tez velosiped sürürlər. Bu, ümumiyyətlə, inkişaf etmiş ölkələrdə qeyri-adi bir hal deyil.
Dünyaca təvazökar olan məmurlara bu şəxsləri misal göstərə bilərik:
London küçələrində gəzərkən kameralara tuş gələn London meri Boris və Kaliforniya ştatının qubernatoru Arnold.
Keçmiş Yalova Bələdiyyə Başçısı Yakup Koçal da nəqliyyat vasitəsi olaraq velosipeddən istifadə edirdi.
Venesuelanın eks prezidenti Çaves də televiziya proqramında özü haqqında etdiyi çıxışlarla yanaşı, açıq hava fəaliyyətlərinə də geniş yer ayırıb. O qeyd edib ki, velosiped sürmək bu fəaliyyətlərin mühüm hissəsi olub.
Avstraliyanın baş naziri Tony Abbott işə ciddi yanaşan və performans idmançısı kimi velosiped sürənlərdən biridir.
SİA mövzu ilə bağlı ekspert, sosioloq və deputatların fikirlərini öyrənib.
Milli Məclisin Sosial-siyasət komitəsinin deputatı Məlahət İbrahimqızı: "Məmur olmaq bir peşədir. Hər kəs qarşısına bir məqsəd qoyur. İnsan peşəsini bacarıq və savadına görə seçməlidir. Kimin qabiliyyəti hansı yöndədirsə, ona da uyğun özünə peşə seçməlidir. Məmur kriteriyaları olmayan şəxs məmur ola bilməz.
Düşünmürəm ki, Azərbaycanda hamı məmur olmaq istəsin. Dünyada da belə bir şey yoxdur. İnsan hansı sənətdə xoşbəxt olub uğur qazana bilirsə, ora da yönəlməlidir. O qədər həkim var ki, amma o sahə üzrə çalışmır.
İnsan seçdiyi sənəti sevməlidir. Pis ya da yaxşı sənət yoxdur. Onu insan gözəlləşdirir. Vəzifə insanı deyil, insan vəzifəni gözəlləşdirir.
Nizami Gəncəvinin belə bir kəlamı var ki, "Kamil bir palançı olsa da insan, Yaxşıdır yalançı papaqçılıqdan".
Yüksək kateqoriyada təhsil almış insanlar daha çox dövlət qulluğunda çalışmağa üstünlük verirlər, məmur olmaq asan deyil".
Fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub: "Dövlət məmuru olmaq maddi deyil, mənəvi imtiyazdır. Dövlət cəmiyyətin-insanların himayədarıdır, prinsipcə. Demək, əsl etibarı ilə Dövlətə xidmət insanlara xidmətdir. Lakin təəssüf ki, bəzən Dövlət məmuru öz işininin mahiyyətini unudur, haram pul yığmaqla məşğul olur. Belə məmurlar bu mühüm peşəni gözdən salır. Lakin, yaxşıların fədakarlığını pislərin ayağına vermək olmaz. Dövlətə-millətə sədaqətlə xidmət edən məmurlarımızın sayı həddən ziyadədir.
Son illər məmur əlçatanlığı istiqamətində müsbət addımlar atılıb. Lakin, bu kafi deyil, daimi və sürətli iş aparılmalıdır.
Məmur vətəndaşla Dövlət arasında körpüdür. Hətta Dövlətin özüdür. Məmur tutduğu peşənin əhəmiyyətini dərk etməlidir. Məmur pisdirsə, dövlətin nüfuzu zədələnir. Demək, məmur ehtiyatlı olmalıdır, xidmət etdiyi insanlara sevgi aşılamalıdır. Şübhəsiz, məmurun aldığı əməkhaqqı da yüksək olmalıdır ki, o, işində dürüst olsun. Yoxsa məmur yaşayışını təmin etmək üçün əyri yollara əl atacaq. Dövlət, öz məmurundan düzgün işləməyi tələb edirsə, o da məmurunun təminatına diqqət ayırmalıdır".
Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: "İnkişaf etmiş ölkələrdə öz müstəqil işini qura bilməyən adamlar məmur olmağa, dövlət qurumlarında çalışmağa can atırlar. Çünki bacarıqlı insanlar ya öz bizneslərini qurur, ya da özəl sektorda yüksək məvacibi olan işdə çalışırlar. Təəssüf ki, Azərbaycanda bunun əksini müşahidə edirik.
Azərbaycanda insanların dövlət qurumlarında çalışmağa, yəni məmur olmağa can atması daha çox şəxsi maraqlarını təmin etməyə hesablanıb. Dünyanın bir çox ölkəsi ilə müqayisədə Azərbaycanda məmurlar daha yaxşı yaşayırlar. Hansı ki, Azərbaycanda məmurlar aşağı maaş alan təbəqə hesab olunur. Ortaya sual çıxır: əgər Azərbaycanda məmurların maaşı yüksək deyilsə, insanlar niyə bu statusa yiyələnməyə çalışırlar? Məncə, bu sualın cavabı hamıya məlumdur. Çünki məmur dövət resurslarından öz mənafeyi üçün gen-bol istifadə edir, büdcə vəsaiti hesabına varlanır.
Hesab edirəm ki, insanlar düzgün seçim etməyi bacarmalıdırlar. Xalqına xidmət etmək istəyən adamlar məmur, var-dövlət, sərvət qazanmaq istəyənlər isə biznesmen olmalıdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB