Sərmayə qoymadan biznesə sıfırdan necə başlamaq olar? - ARAŞDIRMA
İnvestisiyasız iş qurmaq fəaliyyətin bir çox sahələrində mümkündür. İnvestisiyalar olmadan sıfır kapitalla bir işə necə başlamaq olar? Bu, bir çox təşəbbüskar sahibkarlara ən çox verilən sualıdır. Bununla belə, başa düşməliyik ki, investisiyalar olmadan da biznes ideyaları prinsipcə mövcuddur.
Bir çox insanların əsas problemi uşaqları məktəbə, uşaq bağçalarına yollamaq üçün vaxt çatışmazlığıdır. Belə şəraitdə ölkənin böyük şəhərlərində avtomobil uşaq baxıcılığı xidmətləri təklifləri irəli sürülür. Avtomobil varsa, əlavə heç bir maddi vəsait qoymadan bir işə başlamaq olar.
Bir çox insan öz biznesini qurmağın və yaxşı pul qazanmağın xəyalı ilə yaşayır. İstənilən biznes yaratmaq üçün perspektivli biznes ideyası lazımdır. Əgər bir ideya, fikir yoxdursa, gəlirli və səmərəli iş aça bilmək çətin məsələdir. Biznes ideyasını haradan əldə etmək olar? İşə başlamazdan öncə yaxşı düşünmək və götür-qoy etmək lazımdır. Həmçinin, nəyi yaxşı bacaracam və ondan pul qazana biləcəyəmmi sualı özünə verməlidir. Əgər bir adam biznesinizi qurmaq üçün ideya tapmaqda çətinlik çəkirsə biznes ideyası seçimlərinə baxmaq məsləhətlidir.
Biznes ideyasına qərar verdikdən və hansı iş növü ilə məşğul olacağını təyin etdikdən sonra biznes planı tərtib edilir. Biznes planı bütün lazımi hesablamalarla biznes ideyasının həyata keçirilməsi prosesinin ətraflı təsviridir. Biznes plan investor tapmaq və ya bank krediti almaq üçün də faydalıdır.
Bəzi hallarda biznesin inkişafı prosesində pul çatışmazlığı halları yaranır. Belə hallarda bank krediti üçün müraciət edə bilərik.
Biznes yaratdıqdan sonra düzgün idarə etmək və inkişaf etdirmək ən vacib məqamlardan sayılır.
Müasir dünya çox sürətlə dəyişir, ona görə də onunla ayaqlaşmaq lazımdır. Rəqibləri təhlil etməyi, məhsul və ya xidmətləri bazardakı digər təkliflərlə müqayisə etmək vacibdir.
Beynəlxalq Əmək Təşkilatının biznes təlimçisi və sosial araşdırmaçı Orxan Şahbaz SİA-ya açıqlamasında biznesə 0-dan başlamağın yollarından danışıb.
Biznesə 0-dan başlamaq üçün 3 əsas şey lazımdır: biznesin qurulması ilə bağlı baza biliklər; biznesin hüquqi tərəfləri; dayanaqlı bir ideya. Bu ideya heç olmaya da bilər və ya var olan bir ideyanın fərqli formada hazırlanması yolundan da istifadə etmək olar. Bu üç əsas məqam varsa, biznes qurulmuş sistemdə irəli getmək daha rahatdır.
Biznesin idarə edilməsində isə önəmli olan məsələlər biznesin təsviri, biznesin qurulma prosesidir. Qurulandan sonra işin içində olan satış və marketing sisteminin qurulması, bunlardan öncə də tədarük planın olması, maya dəyərinin hesablanması, biznes üçün lazım olan məhsul və ya xidmətlərin doğru müəyyən edib bazarda müəyyənləşdirilməsi kimi detallara diqqət yetirmək lazımdır. Bir çox xırda detallar var ki, biznesin təşkilində önəmli rol oynayır. İdarə etməsi isə artıq təşkilindən fərqlənə bilər. İlkin başlanğıcında mikro biznesləri özümüz idarə etmək üçün məsuliyyət üzərimizə düşür. İdarə etmədə ən önəmli detal bazarda beynəlxalq sistemdən əlavə Azərbaycan sisteminə də nəzər yetirməkdir. Çünki hər beynəlxalq sistemdə olan məhsul Azərbaycanda satılmır, hər Azərbaycanda satılan məhsul da beynəlxalq standartlara çıxmır. İnsanların psixologiyasını, ünsiyyətini, onların alıcılıq qabiliyyətinin müəyyən olunması çox önəmlidir. Şəxsi düşüncəmə görə bir fikrim var. Bütün uğursuzluqlar eynidir, amma bütün uğurlar fərqli olur. Yəni uğur anlayışını hər kəsin istəklərinə çatması kimi qiymətləndirirəm. Bu, biznesdə də belədir. İnsanlar düşünürlər ki, pul olsa nəsə eləyərdim, amma nəsə eləyib sonra pul axtarmağı düşünmür. Bu, insanların sosial tərəfilə bağlı çatışmayan özəlliyidir.
Şəxsi biznes inkşafı üzrə təlimçi Ağa Mehdiyev isə qeyd edir ki, hər hansı bir sahədə bizneslə məşğul olmaq üçün insan özünü yaxşı tanımalıdır: Zamanında nələr baş verir, gələcəkdə hansı sahələr aktiv rol oynacayaq, standart və klassik biznes nədir? Məsələn, ekoloji sahələrlə bağlı müxtəlif biznes layihələri, maşın istehsalından tutmuş müxtəlif restoranlar şəbəkələrinə qədər çoxşaxəli növləri var. Xüsusən, Avropa ölkələrində İsveçrədə, Almaniyada, Avstriyada geniş yayılmışdır. Ümumiyyətlə, biznes qurmazdan öncə hər bir insan öncə özünə sual verməlidir ki, mən həyatda nə istəyirəm? Həyata yanaşmam və baxışım necədir? Öncə öz kimliyini müəyyən etməlidir. Mənim üçün ən öncəsi pul qazanmaqdırmı, yoxsa insanlara xidmət etmək? İnsanın şəxsi inkişafında və özünə hər hansı iş qurmasında səyahətlər də böyük rol oynayır. Müxtəlif sahələrlə tanış olduqca beyində yeni ideyalar, fikirlər yaranır. İnvestisiya çox böyük əhəmiyyət kəsb edir. Amma investisiyadan öncə insanın ideyasıdır. Uğurlu biznes mənə görə stabil biznesdir, gəlirləri mühüm deyil çox olsun, amma stabil olmaq şərtdir. Və stabil biznes üçün də araşdırma çox geniş olmalıdır. İstənilən biznesə başlamazdan əvvəl çox geniş araşdırma aparmaq lazımdır. Araşdırma aylar, illər aparsa da, davamlı olmalıdır. Öz bizneslərini inamlı şəkildə xarici ölkələrdə quran insanlar var. Biznes qurmaqda əhalinin intellektual bacarığı mühüm rol oynayır. Çünki Avropada adi reklam edilən şirkət qənaət faktorunu irəli çəkir. Çünki əhali qənaət faktoruna daha çox dəyər verir. Cəmiyyətin nə qədər maarifli olması biznesə bir o qədər təsir edir. Ekoloji sahədə biznesin inkişafı ölkəmizdə çox ləng inkişaf edir. Başqa ölkələrə baxanda tamam əksinədir.
Dünya ölkələrində müasir bazar münasibətləri sisteminin formalaşması və inkişafında innovativ milli biznes fəaliyyətinin daha da genişlənməsi mühüm əhəmiyyət kəsb edir. Tarixi baxımdan hər bir ölkədə innovativ milli biznesin meydana gəlməsi hər şeydən əvvəl onların iqtisadi inkişaf səviyyəsindən asılıdır. Özlüyündə biznes fəaliyyətinin sərhədi yoxdur. Belə ki, müasir innovasiyalardan səmərəli istifadə olunması iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəlməsinə gətirib çıxarır. Ölkədə Milli İnnovasiya Sisteminin (MİS) yaradılması innovativ milli iqtisadiyyatın yeni strateji istiqamətlərini müəyyən edir. Onu da qeyd etmək lazımdır ki, innovativ iqtisadiyyatın strateji istiqamətlərinin şəffaf surətdə reallaşmasında inhisarçılıq meyillərinin aradan qaldırılması olduqca zəruridir.
Ətraf ölkələrə baxdıqda Azərbaycanda biznes qurmaq üçün çox əlverişli şərait var və bu şəraitdən rahat bir şəkildə istifadə edə bilərik. Azərbaycanda bir məhdud məsuliyyətli cəmiyyətin qurulması maksimum 2 həftənizi ala bilər. Yəni, qanuni prosedurlar səhv etmirəmsə, bu prosesi 14 iş günü ərzində həll edir.
Bu sözləri SİA-ya açıqlamasında sahibkar, biznes konsultant Elxan Soltanlı bildirib.
Dünya praktikasına nəzər salsaq, məsələn, BƏƏ-ində bir biznesi qurmaq üçün ən yaxşı halda 3-6 ay və bəzən illərlə vaxt sərf olunur. Bu vaxt təkcə sənədləşmə və digər prosedurları əhatə edir. Buna nəzərən düşünürəm ki, Azərbaycanda biznesə başlamaq çox asandı. Burada biznes üçün lazım olan qanuni prosedurlar ciddi və tez bir zamanda həyata keçirilir. Biz bundan istifadə edib çox rahat və əlverişli şəkildə biznesimizi qura bilərik. Gələk "0-dan biznes qurmağa". Ümumiyyətlə, biznes qurmaq üçün "dünən tez, bu gün gecdir" biznes ideya ilə başlayır, əgər bu ideya sizin ağılınıza bu dəqiqə gəldisə, elə bu dəqiqə icrasına başlamaq gərəklidir. Əsla sabaha saxlamaq olmaz. Sizə görə beyinə gələn ideyanın həyata keçirə bilməməyinin səbəbləri 99%-nin maliyyə sayıla bilər. Amma əsla belə deyil. İndiyə kimi mentorluğunu və ya konsultasiyanı üstləndiyimiz qurum və ya fərdlərin sayı 500 üzərindədir. Onlarla kontaktımız minimum bir ay, maksimum illərlə davam edir. Bu illər ərzində gəldiyim qənaət bu olub ki, bir biznesi qurmaq üçün maliyyə nəinki ilk onluqda, heç ilk 30-luqda belə yoxdur. Maliyyə daha sonrakı prosesdir. Biznesi qurmaq üçün ilk və əsas 3 punkt var ki, bunlar “İstək” ,” iradə”, və “şövq”dür. Buradakı şövqü müəyyən mənada ehtirasla da dəyişmək olar. Məşhur biznes adamlarından məsələn Steven Job'sun, Elon Musk'ın eyni zamanda Azərbaycan uğurlu biznesmenlərinin xatirələrinə nəzər yetirsək, bu sözləri görə bilərik "Bizim sadəcə başqa variantımız yox idi" tipində cümlələrə rast gələrik. Bu qədər sadə bir cümlə onları məşhur biznesmenlərə çevirdi. Çox sadə üsullarla bir sosial şəbəkə profili açaraq məhsul və ya xidmətlərinizi təqdim etməklə də biznesə başlaya bilərsiz.
Biznesin təşkilində və idarə edilməsində əsas qaydalar hansılardır?
Biznesin təşkili və idarə edilməsi çox ciddi bir məfhumdur. İnsanlar bunun üçün Master Business Administration qısa desək MBA təhsili alırlar. Siz MBA təhsili olmadan da biznesmen ola bilərsiz. MBA təhsili biznesin nəzəri tərəflərini öyrədir. Halbuki biznes nəzəri deyil, praktiki işdir və siz öyrənməyə praktiki tərəfdən başlamalısınız. Mənim şəxsən ali təhsilim yoxdur, orta təhsilliyəm, xaricdəki ali təhsilimdən imtina etmişəm. Ümumilikdə isə orta və imtina etdiyim ali təhsilimin hal-hazırda davam edən heç bir biznesimizlə əlaqədar deyil. Fikrimcə, biznesi öyrənməyin ən yaxşı yolu, ilk növbədə, praktiki yolla öyrənməkdir. Nəzəri yolla öyrəndiklərini möhkəmləndirmək lazımdır. Bu variantı məşhur biznesmenlər də öz işlərində tətbiq ediblər və uğur qazanıblar. Gəldiyim bu nəticə o demək deyil ki, siz bu sahədə təhsil almamalısınız, dediyim odur ki, əgər biznesə həvəsiniz varsa və özünüzü gələcəkdə biznesmen kimi görürsüzsə, bu sahədə təhsiliniz yoxdur, təhsil ala bilməmisiz deyə həvəsdən düşməyin. Universitet oxumadan da biznes sahəsində yetərli biliklər əldə edə bilərsiz məsələn özünüinkişaf, MBA mövzusunda yazılmış kitabları oxumaqla, bu mövzuda səsləndirilən audio kitabları dinləməklə, kurslara, təlimlərə getməklə də bu sahədə biliklər əldə edə və ya artıra bilərsiz. Fikirlərimizi daha dəqiq izah etmək üçün bir situasiyaya nəzər salaq. Məsələn, tutaq ki, şəxs mühasib olmaq və yaxud biznes qurmaq istəyir. Bunun üçün o dörd il universitet oxumadan da bunu öyrənə və arzuladığı sahənin eksperinə çevrilə bilər. Necə? 2020-ci ildə yaratdığımız "safavy.org"online təhsil platformamız var ki, həmin şəxs universitetdə dörd ilə öyrənəcəyi əsas bilikləri bu platforma (alternativ platformalarda həmçinin) sayəsində iki və ya üç kursa öyrənir, öyrəndikdən sonra həmin kurs üzrə təcrübələrə gedərək daha da təkminləşir və ekspert səviyyəsinə gəlir. Universiteti yeni bitirmiş tələbələr yeni-yeni bazara çıxdıqda həmin şəxs artıq bu bazarda üç ildən artıqdır ki, olur və yaşıdlarından həm təcrübə, həm qazanc, həm də bilik baxımından irəlidə davam edə bilir. Hal-hazırda texnologiyanın inkişafı biznesin daha səmərəli, sürətli öyrənib təhlil edib nəticələr çıxarmağa kömək edir və mən düşünürəm ki, bu, belə də olmalıdır. Mən ilk biznesimi 18 yaşımda qurmuşam. O dövrdə hətta ən əziz insanlar belə mənə bu sualı verirdi: "Sənin nə yaşın var ki, biznes qurursan?" Hal-hazırda 26-cı ilimi yaşayıram bu sualı hələ də mənə verirlər.
Ümumiyyətlə, şərq təfəkküründə belə bir düşüncə var ki, biznes quran adamlar 40+ yaşlarda olmalıdır. Bunu da nəzərə alsaq ki, dünyada milyardlarla insanın istifadə etdiyi sosial şəbəkə instagramı yaradan şəxs 17 yaşında bunu bacarıb oxşarını siz niyə etməyəsiz ki? Həmən dövrlərdə o insanlar sahibkar ola bilibsə, texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə siz niyə bacarmayasız ki? Bir nöqtəyə də toxunmaq istərdim ki, sahibkar olmaq hansısa şirkətin, hər hansı korporasiyanın sahibi olmaq demək deyil, sadəcə olaraq, bir səhifə idarə edərək də sahibkar ola bilərik. Sizin çox kiçik olsa belə qazandığınız hər pul vahidi olan nəsnə sahibkarlıq subyekti sayılır. Sözsüz ki, bunu qanuni aspektlərdə etmək lazımdır.
Sahibkarlığın təşkili və idarə edilməsində mütləq və mütləq sistem olmalıdır. Sistem dedikdə biznesin bütünlüklə 360° sistemləsməsindən söhbət gedir. Sistemə işin neçədə başlayıb, neçədə bitməsi, əməkdaşların hansı şərtlərlə işə götürülməsi, bu əməkdaşların şirkəti təhlil etmə bacarıqları, onların test müddətinin nə qədər çəkəcəyinə qədər hamısı yazılı şəkildə olmalıdır və bunu rəhbərlik təstiq etməlidir. Daha sonra bu qaydalar icra olunmalıdır.
Dünyada gedən tendensiyalara baxdıqda mən özümü uğurlu saymıram. Çünki Mark Zuckinberg 23 yaşında milyoner, 25 yaşında milyarder idi. Bu baxımdan, özümü heç də uğurlu saymıram. Uğurlu tərəfimsə qazandığım insanlar (dostluqlar), biliklərdən və potensiallardan ibarətdir.
Ölkəmizdə biznes qurmaq üçün çatışmayan cəhətlər hansılardır?
Əvvəlcədən də dediyim kimi, ölkəmizdə biznes qurmaq üçün kifayət qədər əlverişli şərait var. Cənab prezidentimiz İlham Əliyev hər zaman sahibkarların yanında olub, buna karantin dövründə də şahid olduq. Xarici ölkələrin prinsipləri ilə Azərbaycanın prinsiplərini müqayisə etdikdə gəldiyimiz nəticə bu olur ki, biznes qurmaq üçün dünyada ən əlverişli şəraitlərdən biri bizim ölkədədir. Hər zaman çalışırıq ki, qurduğumuz bizneslərin əsas özəyi Azərbaycanda olsun. Hazırda bizneslərimizin bəzilərini ölkə xaricinə çıxarılması yolunda çalışmalar gedir, qısa müddət ərzində bunu da həyata keçirəcəyik. Biz vətən üçün, millət üçün çalışırıq. Abbas Səhhətin "Vətənimdir, vətənimdir, vətənim" misralı şeiri yadıma düşür. “Vətənimdir hər dəfə də başqa versiyada işlənmişdir. Vətənimdir - ana bətnində yaşadığımız dövr nəzərdə tutulur, Vətənimdir - bu torpaqda böyüyüb yaşamışam nəzərdə tutulur, Vətənimdir - öldükdən sonra da əbədiyyən burada yaşayacam nəzərdə tutulur. Biz də bu missiyanı üstlənməyə çalışırıq.
Dünya miqyasında ölkələrdə olan yenilikləri edən şəxslər, əsasən, gənc yaşlarda olurlar. Statiskaya görə isə gənc olmaq 18-30 yaş aralığını əhatə edir bəzi mənbələrdə 30 yaş yetkinlik dövrü kimi götürülsə də, fikrimizcə, 30-lu yaşlar da gənclik dövrüdür. Yəni, dünyada və ya ölkəmizdə baş verən yeniliklər gənclikdən asılıdır. Biz buna 44 günlük müharibədə də şahid olduq, illərlə işğal altında qalmış torpaqlar o gənclik sayəsində işğaldan azad olundu. İgidlərimiz otuz ildi qanayan yaraya məlhəm oldular. Azərbaycanın biznes sahəsində davamlı inkişaf etməsi üçün savadlı, düşüncəli gənclərə ehtiyacı var. Ətrafımızda belə düşüncəli gənclər az deyil. Biz düşünürük ki, müəyyən zaman çərçivəsində istədiyimiz biznes mühitini, auranı, ekosistemi Azərbaycanda görə biləcəyik və bunu birlikdə bacaracağıq. Bunun üçün birinci növbədə xəyal etmək, sonra düşünmək, həyata keçirmək üçün icra, icraya nəzarət və nəticəni görmək lazımdır. Mən bunun hansı hissəsindəyəm bilmirəm. İlk qurduğum biznes "Technoso" (kiçik kompyuter və telefon aksesuarlarının satışı ilə məşğul olan mağazalar şəbəkəsi) olub ki, layihənin məğzi insanların həyatını rahatlaşdırmaq və onlara fayda verməkdir. Hal-hazırda da istər sosial media paylaşımları, video və ya yazılı foto-kontent, istərsə də digər sferalarda bizim əsas məqsədimiz insanlara həyatlarını müsbət yöndə dəyişməyə kömək edə bilməkdir. Bu, bizim missiyamızdır və bu missiyanı uğurla davam etdirmək üçün əlimizdən gələni edəcəyik.
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə